“Qadınların evdən qaçması halları daha çox bölgələrdə baş verir”

25-08-2015, 23:19 841 dəfə baxılıb

“Qadınların evdən qaçması halları daha çox bölgələrdə baş verir” İyulun 31-də evdən qaçan və bir neçə gün əvvəl qayıdan Ucar rayonunun Qaracallı kənd sakini 24 yaşlı 3 uşaq anası Şəlalə Rüstəmovanın xəbəri sosial şəbəkələrdə və xəbər portallarında geniş müzakirə olundu. Kimisi uşaqlarını atıb qaçdığı üçün qadını qınadı, kimisi qadının ərini, kimisi isə ailəsini...

Ümumiyyətlə, Azərbaycanda evli qadınların və qızların evdən qaçması ilə bağlı xəbərlərə tez-tez rast gəlinir. Maraqlıdır, qadınların evdən qaçmalarında serialların, sosial şəbəkələrin təsiri varmı? Qadın niyə ailəsini və uşaqlarını atıb qaçır?

Psixoloq Dəyanət Rzayev serialların əsasən gənc qızlara təsirinin olduğunu bildirdi: “Qadınların hüquqları ilə bağlı vəziyyət çox acınacaqlıdır. Qadınların evdən qaçması halları daha çox bölgələrdə baş verir. Baş verən son olayda qadının gizli telefon işlətməsi haqda məlumat var. Bu qadın niyə aşkar şəkildə telefon işlətməsin ki?! Kişinin istəkləri olduğu kimi qadının da istəkləri var. Mən düşünmürəm ki, qadın qaçanda məhz kiməsə görə qaçır, xəyanət edir. Sonuncu olayda da həqiqətlər tam bilinmir. Ola bilər ki, qadının əri pul qazanmaq üçün hansısa xarici ölkəyə, Rusiyaya getsin. Qadın da qalır tək və həmin qadına evdə olan münasibəti heç kim bilmir. Bəlkə qaynana-qayınata həmin qadına işgəncə verirlər. O qədər bu cür hallar baş verir. Ümumiyyətlə, qadınlarda analıq hissi çox güclü olur. Nə baş verə bilər ki, bir ana 3 uşağını atsın və çıxıb getsin. Ola bilər ki, qadında ərlik çatışmazlığı olsun və bu analıq hissini də üstələsin.

Ona görə də o uşaqlarını atıb getsin. Amma digər tərəfdən baxanda qadının gizli telefon işlətməsi normal deyil. Axı qadının telefon işləməsi niyə yasaqlansın ki?! Biz 19-cu əsrdə yaşayırıq?! Qadın telefonda işlədə bilər, əri ilə danışa da bilər. Hətta sosial şəbəkələrdə də olub rəfiqələri, sinif yoldaşları ilə də ünsiyyət qura bilər. Bu da insandır axı, o da darıxır. Ola bilər ki, onu evə qapadıb evdən çölə çıxmağa qoymayıblar ki, bütün günü iş gör, 3 uşağa bax. Əri yanında olmasa da qaynanası-qayınatası bunu harasa gəzməyə aparmalıdırlar. Əri Rusiyaya gedən qadın da insandır.

Əgər biz elmi tərəfdən yanaşsaq bu qadının da fizioloji istəkləri var və bu normal haldır. Ər niyə öz arvadını özü ilə aparmamalıdır? Bəlkə də qaçan qadınlar öz evlərinə, ailələrinin yanına qayıtmaq istəyər. Amma o haradan bilsin ki, qayıdanda onu daha da pis bir münasibət gözləməyəcək. Buna görə də qadınlar yenidən qayıtmağa qorxurlar. Əri uzaqda yaşayan qadın bəlkə də ərinin evə qayıtması üçün qaçır. Hər bir qadın üçün ərinin yanında olmasını istəməsi, ər qayğısı istəməsi normal haldır. Qadını qınamaq, onların qaçmasına o dəqiqə əxlaqsızlıq kimi qələmə vermək düzgün deyil. Əgər sonuncu qaçan qadının əgər kənarda bir sevdiyi olsaydı o özü ilə uşaqlarını da aparardı. Ailədə problem olmasa qadın qaçmaz.

Qadın var ki, təhqir edilməyi, alçalmağı götürür və ailə həyatını davam etdirir. Qadında var ki, bütün bunları qəbul edə bilmir. Ola bilər ki, həmin qadını ailəsi heç vaxt döyüb-söyməyib, ona görə də ər evində həmin münasibəti qəbul edə bilmir. Hansısa qaçan qadının evə qayıtması isə ayrıca təhlükəlidir. Az eşitməmişik ki, ər uşağının gözü qarşısında arvadının başını kəsdi və ya ər keçmiş arvadının da başını kəsir, öldürür. Bu da o deməkdir ki, Azərbaycan kişilərinin arasında psixopatiya prosesi gedir”.

Psixoloq evli qadınların evdən qaçmasının səbəblərinin serialların təsirindən olmadığını dedi: “Evli qadın seriala baxanda dərk edir ki, bu seriallar reallıqdan uzaqdır və orada sonluqlar yaxşı bitir. Amma o Azərbaycan reallıqlarında yaşadığı üçün bilir ki, pulu bitəndən sonra qalacaq ortada. Mən inanmıram ki, qadın bir seriala görə evini tərk etsin. Seriallar xəyallarla yaşayan qızlara təsir edə bilər. 24 yaşında 3 uşağı olan qadın hansı kişiyə lazım ola bilər ki?! Əgər xəyallarında kimisə sevibsə, o artıq çoxdan bitib. Mən düşünmürəm ki, erkən yaşda ailə quranların həyatında nə vaxtsa sevgilisi olsun. Nəyə görə kişi evini, uşaqlarını tərk edib gedəndə onu qınamır, demirlər qaçıb. Ancaq qadın bunu edən kimi bunu qabardırlar. Təkcə azərbaycanlılarda belə bir şey var ki, kişi kişidir gedə və istədiyini edə bilər. Uşaqların tərbiyəsi ilə kişi də məşğul olmalıdır. 3 uşaqla heç kim əxlaqsızlıq etməz. O qadın da bilir ki, Azərbaycanda 3 uşaqlı qadınla heç kim evlənmir, ümumiyyətlə ona ciddi yanaşmır”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR