Paşinyandan Qarabağ bəyanatı: Son mesaj, yoxsa blef? - TƏHLİL

15-05-2019, 09:20 127 dəfə baxılıb

Paşinyandan Qarabağ bəyanatı: Son mesaj, yoxsa blef? - TƏHLİL


Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində öz nüfuz və etibarını itirib.

Baş nazirin əlində qalan yeganə vasitə Qarabağ məsələsidir. Paşinyan münaqişə ilə bağlı danışıqları imitasiya edərək özünə dividentlər qazanmağa çalışır. Bir sözlə Ermənistan ictimaiyyətinin nəzərini Qarabağa çəkməyə çalışır. Çünki ələ keçirdiyi hakimiyyətin ömrü başa çatmaq üzrədir və belə demək mümkündürsə, onun sonu birbaşa Dağlıq Qarabağla bağlıdır. Bu baxımdan baş nazir hakimiyyətdə qalmaq üçün əl-altından addımlar atmağa və hər kəsi qurban verməyə hazırdır.

Elə ona görədir ki, zaman-zaman Ermənistanın baş naziri sərsəm bəyanatlarla çıxış edir, müəyyən siyasi taktikalar işlədir və ölkə əhalisinin diqqətini öz üzərinə çəkməklə nəbz yoxlamağa çalışır. Amma verdiyi bəyanatlarla heç bir müsbət irəliləyişə nail ola da bilmir.

Paşinyan bu dəfə də özünün inadkar mövqeyini ortaya qoyub. O, Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında Bişkəkdə imzalanmış sazişin 25 illiyi ilə əlaqədar xüsusi bəyanatla çıxış edib. Paşinyan keçən dövr ərzində atəkəsin sülhə çevrilməməsinə təəssüf etdiyini bildirilib. O, Qarabağın iştirakı olmadan danışıqların olmayacağını vurğulayıb:

“Ərtaflı danışıqlar və nəticənin əldə edilməsi yalnız o vaxt mümkündür ki, Dağlıq Qarabağ nəhayət, onun statusunun müəyyənləşdiriləcəyi və orada yaşayan insanların təhlükəsizliyinə zəmanətin təsbit ediləcəyi prosesə cəlb olunacaq”.

Paşinyan bildirib ki, baş nazir olaraq Ermənistanın atəşkəs haqqında sazişə əməl edəcəyinə zəmanət verməyə hazırdır:

“Ermənistan zəmanət verir ki, Dağlıq Qarabağın təhükəsizliyinin qarantı olmaqda davam edərək, probemin həll olunması və regionda sülhün bərqərar edilməsi üçün səylərini əsirgəməyəcək”.

Maraqlıdır, bu, Paşinyanın Azərbaycana son mesajıdır, yaxud müharibə istəyidir? Yoxsa son vaxtlar ona qarşı artan etirazlar yönündə erməniləri sakitləşdirmək cəhdidir?

Mövzu ilə bağlı “Cümhuriyət” qəzetinə danışan millət vəkili, siyasi şərhçi Elman Nəsirov deyib ki, faktiki olaraq Paşinyan elə bəyanatlar verir ki, onlar nəticə etibarilə danışıqların dalana dirənməsinə gətirib çıxarır:

“Bu Paşinyanın birinci bəyanatı deyil. Onun dəfələrlə belə bəyanatlarının şahidi olmuşuq. Bu cür bəyanatlar danışıqların perspektivlərini sual altına qoyur. Danışıqlar olmayan yerdə isə onun alternativi təbii ki, müharibədir. Amma belə bir müharibəyə Ermənistan hazırdırmı? Təbii ki, yox... İnqilabdan çıxmış bir dövlət heç bir iqtisadi bazası olmayan, hərbi gücü çox aşağı səviyyədə olan, həmçinin asılı bir dövlət necə müharibəyə hazır olsun? Azərbaycanla Ermənistanın hərbi gücünü müqayisə etmək belə mümkün deyil. Bütün parametrlərə görə, Azərbaycan dəfələrlə Ermənistandan güclü dövlətdir”.

Deputat qeyd edib ki, bu gün Ermənistanda Paşinyanın reytinqi həddindən artıq aşağı düşüb:

“Ona olan inam və etibar artıq tükənməyə başlayıb. Paşinyan da bunu hiss etməkdədir. Bir sözlə, onun inqilabdan sonrakı fəaliyyət dövrü başa çatıb. İnsanlar çörək, iş və normal yaşayış tərzi istəyir. Amma Paşinyan verdiyi bu kimi vədlərin heç birini yerinə yetirə bilmir. Belə olan təqdirdə, Paşinyan hakimiyyətdən devrildiyi sələflərinin, yəni, Sarkisyanın taktikasına əl atır, onun təcrübəsindən istifadə etməyə başlayır. Bu təcrübə də odur ki, elə bəyanatlar vermək lazımdır ki, bu, daxili auditoriya üçün işləsin. Yəni, elə bir vəziyyət yaransın ki, erməni əhalisinin diqqəti yalnız Qarabağ münaqişəsinə yönəlsin. Onlar öz mədəsi haqqında deyil, daha çox ümummilli məsələ haqda düşünməli olsunlar. Bu, artıq Paşinyanın son vaxtlar əl atdığı taktikadır. Amma bunların heç biri nəticə verməyəcək. Çünki Paşinyan vaxt uzatmaq üçün bu addımları atır və hadisələrin bundan sonrakı bütün inkişafına görə, məsuliyyət Ermənistanın üzərinə düşəcək.

Azərbaycanın ölkə başçısı İlham Əliyev dəfələrlə vurğulayıb ki, ərazi bütövlüyü məsələsi danışıqlar predmeti olmayıb və heç bir zaman da ola bilməz. Biz münaqişənin sülh yolu ilə həllini istəyirik. Ermənistan torpaqlarımızı geri qaytarsın və o zaman yeni şərait formalaşacaq. Amma Ermənistan buna getmir. Belə olan təqdirdə hadisələr ən qəliz və mürəkkəb senarilərlə inkişaf edə bilər. Bütün məsuliyyət də ilk növbədə Ermənistanın üzərinə düşəcək. Eynilə bu məsuliyyətdən həm də ATƏT-in Minsk Qrupu həmsədrlərinin və beynəlxalq ictimaiyyətin üzərinə də pay düşəcək. Çünki işğalçı münasibətdə radikal, heç bir təsir mexanizmini işə salmırlar. Real vəziyyət bundan ibarətdir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR