"Vətəndaşların müflisləşmə hüququ ləğv edilir - barbarlığa qayıdış" - Ekspert müraciət etdi

30-04-2019, 10:30 53 dəfə baxılıb

"Vətəndaşların müflisləşmə hüququ ləğv edilir - barbarlığa qayıdış" - Ekspert müraciət etdi

Aprelin 23-də Milli Məclis birinci oxunuşda “Müflisləşmə və iflas haqqında” Qanununda dəyişiklik edilməsi barədə Qanun layihəsini qəbul edib. Bütövlükdə müflisləşmə prosesini sadələşdirməklə yanaşı layihə fiziki şəxslərə münasibətdə mürtəce xarakter daşıyır.

Yeniavaz.com xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov deyib. O, bildirib ki, dəyişiklik onların müflisləşmə hüququnu ləğv edir. Başqa sözlə, Qanun 2015-ci ilin oktyabrınadək olan vəziyyətə qaytarılır. “O zaman da yalnız fərdi sahibkarların və hüquqi şəxslərin müflisləşmə hüququ tanınırdı. Lakin 2015-ci ildə Qanunun 2-ci maddəsinin 2-ci hissəsinin dördüncü abzasına edilən düzəliş “borclu” anlayışını bütün fiziki və hüquqi şəxslərə aid etmişdi”.

Ə. Həsənov bildirib ki, 2015-ci ilin oktyabrından sonra da məhkəmələrimiz onsuz da fiziki şəxslərin müflislik barədə ərizələrini qanunsuz olaraq rədd edib. Bunu onunla əsaslandırıblar ki, guya qanuna görə yalnız fərdi sahibkar və hüquqi şəxs müflis ola bilər: “Halbuki, nəinki “Müflisləşmə və iflas haqqında” Qanun (2-ci maddəsinin 2-ci hissəsinin dördüncü abzası), həmçinin “Banklar haqqında” Qanunun 1.0.19 və 57-10.6-cı maddələri birmənalı olaraq hər hansı fiziki şəxsin müflisləşmə hüququnu tanıyır. İndi isə belə çıxır ki, məhkəmələr qərarlarını qanuna uyğun qəbul etməli olduqları halda Milli Məclis Qanunu məhkəmə praktikasına uyğunlaşdırmaq istəyir”.

Hüquqşünas deyir ki, fiziki şəxsin müflisləşmə hüququ təbii hüquqdur və İslam dünyasında VII əsrədək, Qərbdə isə XIX əsrin ortalarınadək hər kəs borcuna görə canı, bədəni və ya azadlığı ilə cavabdeh idi: “Təəssüf ki, Azərbaycan faktiki olaraq dünyanın bir sıra ölkəsindən, o cümlədən müsəlman ölkələrindən də geridə qalıb: bizdə müflis borclular həbs olunur.

Halbuki, Azərbaycanın da tərəfdar çıxdığı “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt”ın 11-ci maddəsində və “Avropa İnsan Hüquqları Konvensiyası”nın 4-cü Protokolunun 1-ci maddəsində deyilir: “Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz”. Sonuncu sənəddəki hüquq bilavasitə Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qorunur. Avropanın heç bir dövlətində (Azərbaycandan başqa) borca görə heç kəsi azadlıqdan məhrum etmirlər. Hazırda Avropa İnsan Hüquqları Məhkəməsi tarixində ilk dəfə olaraq borca görə həbs üzrə 3 şikayətə baxır. Hər 3 şikayət də Azərbaycana aiddir.

Yaranmış vəziyyət fiziki şəxsin müflisləşmə hüququnun faktiki inkarından irəli gəlir. “Canı çıxsın ödəsin!” prinsipi hökm sürür. Bunun da nəticəsini görürük: sosial gərginlik, intiharlar və s. Bu, ölkədə kriminogen vəziyyətə də mənfi təsir göstərə bilər. Təzyiq altında bəzi borclular başqalarına qarşı cinayət törədə bilər ki, təki borcdan çıxa bilsin. Oğurluq edə bilər, adam öldürə bilər və s.

Fiziki şəxsin müflisləşmə hüququnu tanımayan dövlət sadəcə bir suala cavab verməlidir: borcunu ödəyə bilməyən vətəndaşın aqibəti necə olmalıdır? Barbar cəmiyyətlərdə ona fiziki və psixoloji təzyiqlər olur, həbs edilir və s. Barbar cəmiyyətlərdən fərqli olaraq, sivil cəmiyyətlərdə belə şəxs müflis elan olunur, əmlakı hesabına borclarının bir qismi kreditorlar arasında mütənasib ödənilir, qalanı isə sadəcə silinir. Bundan sonra həmin vətəndaş yenidən aktiv fəaliyyətə qayıda bilir. Lakin eyni zamanda müflis şəxslərin reyestri ictimaiyyətə açıq olur, onlara müəyyən dövr ərzində bəzi fəaliyyət növləri ilə məşğul olmaq və bəzi vəzifələri tutmaq qadağan olunur. Paralel olaraq saxta müflislik halları da sərt cəzalandırılır.

Azərbaycanda da eyni sivil yanaşma olmalıdır. Bu yanaşmanın əleyhdarları adətən ölkədə kölgə iqtisadiyyatının həcminin yüksək olmasına istinad edirlər. Məntiq ondan ibarətdir ki, qeyri-rəsmi gəlirləri və əmlakı olanlar da müflislik institutundan sui-istifadə etməyə başlayacaq. Lakin, əvvəla, vicdansızlara görə vicdanlılar cəzalandırılmamalıdır. Digər tərəfdən isə hazırda dövlətimiz kölgə iqtisadiyyatı ilə kəskin mübarizə aparır.

Qeyd edilənləri nəzərə alaraq, Milli Məclisin sədrinə, habelə bir neçə millət vəkilinə (Əli Hüseynli, Ziyad Səmədzadə, Hadı Rəcəbli, Fazil Mustafa, Vahid Əhmədov və Əli Məsimli) ayrılıqda müraciət edərək növbəti oxunuşlarda layihənin 1-ci maddəsinin çıxarılması, sözügedən Qanunun qabaqcıl xarici təcrübə əsasında bütövlükdə yenidən işlənməsi, o cümlədən fiziki şəxslərin müflisləşməsi prosedurunun ətraflı təsbit edilməsi üçün səy göstərmələrini xahiş etmişəm”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR