Qoyunçuluq iflasda: Ət bahalaşacaq? - Ekspert rəyi

21-08-2019, 16:22 21 dəfə baxılıb

Qoyunçuluq iflasda: Ət bahalaşacaq? - Ekspert rəyi


Bu ilin iyul ayına olan məlumata görə, Azərbaycanda 8 milyon 542,7 min baş qoyun və keçi olub.

Rəsmi rəqəmlərə görə, qoyun və keçilərin sayı son bir ildə 1,2% və ya 106,3 min baş azalıb. Belə ki, 2018-cü ilin iyul ayında ölkədə 8 milyon 649 min baş qoyun və keçi olub. 2017-ci il iyul ayında isə bu rəqəm 8 milyon 767,1 min olub.

Göründüyü kimi, statistik rəqəmlər xırdabuynuzlu heyvandarlığın ilbəil gerilədiyini göstərir. Bu sahənin inkişafdan qalması nə ilə bağlıdır? Kəmiyyət göstəricilərinin azalması qoyun ətinin qiymətinə təsir edə bilərmi?

“Altay” İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı Cebhe.info-ya açıqlamasında bildirib ki, qoyunçuluğun azalması qoyun ətinə olan tələbatın azalması ilə bağlıdır:



”İstehlakçıların böyük bir qismi müxtəlif xəstəliklərlə bağlı qoyun ətindən imtina edirlər. Hazırda kolbasa, sosiska istehsal edən müəssisələrin də əksəriyyəti qoyun ətindən istifadə etmirlər. Demək olar ki, bu cür kolbasa və sosiska məhsulları ümumiyyətlə yoxdur. Mal ətinə tələbat daha çoxdur. Bu baxımdan da Azərbaycanda qoyunçuluğun perspektivi yoxdur və azalma da təbiidir”.

Ekspert deyir ki, qoyun ətinə tələbatın azalmasını şərtləndirən digər məsələ qiymətlərin baha olmasıdır:

“İstehlakçılar düşünürlər ki, 13-14 manata qoyun əti almaqdansa 9 manata mal əti alarlar. Amma hesab eləmirəm ki, bu azalma qiymət artımına səbəb ola bilər. Çünki tələbat həm də idxal hesabına ödənilir. Bahalıq baş verərsə, bu gələn Qurban bayramı ərəfəsində ola bilər. Çünki Qurban bayramında tələbat 10 faizədək artır”.

Elçin Bayramlının sözlərinə görə, ümumiyyətlə Azərbaycanda ət bazarı monopoliyada olduğu üçün qiymətlər tələbata görə deyil, monopolistlərin istəyinə uyğun formalaşır:

“Hazırda Tovuzun ucqar kəndindəki qiymətlərlə Bakıdakı qiymətlər eynidir. Bu ət bazarının tam monopoliyada olması deməkdir. İstər iribuynuzlu, istərsə də xırdabuynuzlu olsun, kimsə öz heyvanının ətini ucuz satmaq istəsə, buna imkan verilmir. Hətta qəssablar bildirirlər ki, ət qalıb yarasız hala düşdükdə belə, onu ucuz satmağa imkan vermirlər”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR