“Polisdə ciddi dəyişikliklərin olması gözləniləndir”

27-06-2019, 13:14 44 dəfə baxılıb

“Polisdə ciddi dəyişikliklərin olması gözləniləndir”



“AzPolitika.info” sabiq polis polkovniki Mahmud Hacıyevlə Daxili İşlər Nazirliyində (DİN) baş verən son dəyişiklikləri müzakirə edib. M.Hacıyevlə müsahibəni təqdim edirik:

- Mahmud bəy, Daxili İşlər Nazirliyinin rəhbərliyində baş verən dəyişikliyi necə qiymətləndirirsiniz?

– Bu təyinatı müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu dəyişiklikdə qanunauyğunluq var. Nəzərə almaq lazımdır ki, adətən güc strukturlarının rəhbərliyində tez-tez dəyişikliklər olur. Bu, Türkiyədə, İranda, Rusiyada da belədir. Digər tərəfdən, yeni nazir başqa strukturdan deyil, elə daxili işlər orqanlarından gətirilib. Yeni nazir də uzun müddət bu sistemdə işləyib, son vəzifəsi nazir müavini olub. Bəli, bundan əvvəlki nazir uzun illər daxili işlər orqanlarına rəhbərlik edib. Bu daha çox ölkə rəhbərliyindən asılı məsələ idi. Rəhbərliyi qane edirdi deyə uzun müddət işlədi. Amma hər halda dəyişiklik baş verdi. Mən bunu müsbət hadisə sayıram.

- Qanunauyğunluq deyəndə nəyi nəzərdə tutursunuz, yeni nazirin DİO orqanlarının özündən təyin olunmasını?

– Bəli. Daxili işlər naziri olacaq şəxsin başqa strukturdan gəlməməsi çox vacib məsələdir. Ümumiyyətlə, güc strukturlarında bu faktor mühümdür. Uzun illər bu orqanda işləmək, bölmə rəisi, idarə rəisi, nazir müavini kimi pillələri keçib nazir olmaq daha məqsədəuyğundur, daha yaxşıdır. Mən bu baxımdan deyirəm. Yeni nazir bu qurumda uzun illər işləyib, şəxsi heyəti yaxından tanıyır, hər kəsin potensialına bələddir, iş strukturunu bilir, nöqsanlar və çatışmazlıqlardan xəbərdardır. Bir var başqa yerdən gəlib olur daxili işlər naziri və şəxsi heyəti tanımır, struktur dəyişikliyi edə bilmir, nəyin yerini dəyişəcəyini də bilmir. Bunu öyrənmək üçün bir müddət zaman lazım gəlir. Bu zaman keçənə qədər isə fəsadlar baş verir. Məsələn, Milli Təhlükəsizlik Nazirliyinə (MTN) Daxili İşlər Nazirliyindən bir qrup adam getdi. Gedənlərin MTN-ni nə günə saldıqlarına hamımız şahid olduq. Niyə? Çünki başqa strukturdan MTN-ə gəlmişdilər. Əslində onlar DİN-də də düz-əməlli işləməmişdilər və qeyri- məqbul adamlar idi. Ora getdikdən sonra böyük bir nazirliyi hörmətdən saldılar, biabırçı vəziyyət yaratdılar. Bu mənada düşünürəm ki, DİN-ə rəhbər şəxsin bu qurumun daxilində uzun illər işləmiş və nazir müavini vəzifəsinə qədər qalxmış bir generalın təyin edilməsi müsbət addımdır.



- Yeni nazirdən islahat gözləntiləri var. Necə düşünürsünüz, DİN-də ciddi dəyişikliklər olacaqmı?

– Əslində elə islahatlar aparmaq, struktur dəyişikliklərinə getmək baxımdan da nazirliyi tanıyan şəxsin bu vəzifəyə təyin olunması daha məqbul idi. Mən sizə SSRİ dövründə olan bir faktı deyim. Məsələn, bizim DİN-ə Aydın Məmmədov adlı bir şəxsi nazir təyin etdilər. Aydın Məmmədov partiya xətti ilə gəlmişdi və onun dövründə DİN-də tənəzzül oldu. Hətta bir dəfə SSRİ daxili işlər nazirini dəyişdilər, Vlasov adlı partiya işçisini nazir təyin etdilər. Bu da SSRİ Daxili İşlər Nazirliyində olan peşəkarlar tərəfindən ciddi tənqid olundu. Bunları ona görə deyirəm ki, DİN rəhbəri vəzifəsinə bu qurum daxilində uzun illər xidmət keçən şəxsin təyin edilməsi yaxşı hadisədir.

Konkret olaraq polisdə islahatlara gəldikdə isə, deyim ki, bu yeni nazirin özündən asılıdır. O, harada nəyin yerində olub-olmadığını çox yaxşı bilir. Yəni nazirliyi, şəxsi heyəti tanıyan nazir bilir ki, hansı struktur dəyişikliklərinə getmək, nəyi etmək, nəyi etməmək olar. Bununla belə mən islahatların olub-olmayacağı haqda konkret bir söz deyə bilmərəm. Bu daha çox prosesdən asılıdır.

- DİN sistemində bir çox generallar, vəzifəli şəxslər var ki, polisdə xidmətkeçmənin son yaş həddini keçsələr də, təqaüdə göndərilmirlər. Hətta qanunun bununla bağlı tələbi birmənalı olsa da. Bu məsələyə münasibətiniz necədir?

– Məntiq və nəzəri baxımdan hər şey mümkündür. Məsələn, elə generallar var ki, fiziki cəhətdən sağlamdır və ona yaş senzi qoymaq da doğru deyil. Yəni görürsən ki, sağlam adamdır, generaldır, ciddi iş görə bilir. Belə mütəxəssislərə əslində yaş senzi qoyulmur və onlar uzun illər işləyə bilirlər. Yəni uğurla işləyə bilən və yeni naziri qane edən qalacaq, yox əgər işində fəsadlar varsa və yeni naziri qane etmirlərsə, bu zaman onun yaşına, işinə baxacaqlar. Əslində yerdəyişmə deyəndə mən bunu nəzərdə tuturam. Müəyyən yerdəyişmələrin olması mümkündür.



- DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun hazırda 68 yaşı var. Amma qanunla o, ən çoxu 65 yaşınadək xidmətdə qala bilərdi. Konkret bu faktı necə qiymətləndirirsiniz?

– Əslində bəzən Baş Dövlət Yol Polisi İdarəsinə rəhbərlik edən şəxsləri həm də nazir müavini kimi təqdim edirlər. Bu doğru deyil. Baş idarə rəisləri nazir müavini statusunu qazanmır. Bu suala yuxarıda cavab verdim. Təzə nazir baxacaq, əgər iş üslubu, prinsipləri onu qane edəcəksə əl-ələ verib işləyəcəklər. Qane etməsə mümkündür ki, yerdəyişmələr baş versin. Mən müəyyən dəyişiklikləri gözləyirəm. Təzə nazir şəxsi heyəti tanıyır, iş üslublarını bilir, keyfiyyətlərinə bələddir. Odur ki, yerdəyişmələri gözləmək olar.

- Sabiq nazir Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunmasını necə qarşıladınız?

– Bu da müsbət hadisədir. Əksər ölkələrdə belə nümunələr var. Məsələn, uzun illər Rusiya daxili işlər naziri vəzifəsini həyata keçirən Rəşid Nurqəliyev sonradan prezident administrasiyasına keçdi və təhlükəsizlik sahəsi ilə məşğul olmağa başladı. Sivil ölkələrdə də belə praktika var. Bizdə də faktiki bu tətbiq olundu. Usubov uzun illər nazir işlədi, indidə administrasiyaya keçib. Tarixdə belə nümunələr çoxdur.

V.Nəsibov
AzPolitika.info


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR