İqbalın “planları”, başçının yalanları...

29-10-2019, 17:37 38 dəfə baxılıb

İqbalın “planları”, başçının yalanları...

“Ötən ayın 24-də Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazovun Lənkəran şəhərində qəbulunda oldum. Ona Lerik rayon İcra Hakimiyyətində baş verən rüşvət və korrupsiya hərəkətlərindən və “Relax” istirahət mərkəzində baş verən qanlı olaylardan, qanlı olayları yaradan səbəblərdən geniş və hərtərəfli söhbət açdım. Səhəri gün Lerik şəhərinin mərkəzindəki, 2009-cu ildən aldığım və yaşadığım evin qapısı sındırılmış, açarları dəyişdirilmişdi...”

Lerik rayon sakini, “Azərbaycan Jurnalistlər Birliyi”nin üzvü, sabiq dövlət qulluqçusu İlham İbadov tərəfindən “Hürriyyət”in redaksiyasına məktub daxil olub. Rayonda baş verən qanunsuzluqlardan yazan müəllifin “İqbalın “planları”, başçının yalanları...” sərlövhəli məqaləsini olduğu kimi dərc edirik:

“İqbal Məmmədov Lerik rayonundan deputatlığa namizədliyini irəli sürəndə, mən Lerik rayon İcra Hakimiyyəti aparatında Hüquq şöbəsində hüquq məsləhətçisi işləyirdim. Milli Məclisin o vaxtkı deputatı Miri Qənbərovla birlikdə paralel olaraq İ.Məlikov namizədliyini irəli sürmüşdü. Sözün həqiqi mənasında var və dövlət hesabına seçicilərin bütün səslərini o, aldı.

Lakin ölkə rəhbərliyi bütün bunları onun hansı yolla əldə etməsindən xəbərdar idi. Və protokol Miri Qənbərovun xeyrinə yazıldı. Bu, o vaxtlar üçün ən real və optimal qərar idi. Soruşa bilərsiniz ki, niyə? Miri Qənbərov özünün deputatlıq müddətində Lerik rayonuna gələr, İcra Hakimiyyətinə məxsus olan hoteldə qalardı. Bu, hər üç-dörd aydan bir təkrar olunardı. Orada vətəndaşları qəbul edər və onlara maddi yardım da göstərərdi. Rayonun işlərinə qarışırdı.

Miri Qənbərov deputatlığa namizədliyini ikinci dəfə irəli sürərkən mənim əmim Məhəbbət İbadov onun vəkili idi. Yəni deputat vəkili. Bu addımı ona görə atmışdılar ki, əmim rayonda düz yarım əsr işləmiş, birinci katib və Milli Məclisin üzvü kürsüsünə qədər yüksəlmişdi. Rayonda böyük nüfuza malik idi.

Tale elə gətirdi ki, sonradan İqbal Məmmədov deputat seçildi. Bir qədər dürüst desək, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin hesabına. Deyilənlərə görə, o, Rövnəq Abdullayevlə tələbə yoldaşıdır. Bir tərəfdən də, Lerik rayonunda “Relax” istirahət mərkəzinin tikilməsi İqbal Məmmədovun əl-qolunu daha da açdı. O, deputat seçilən kimi intiqam hissi ilə alovlandı. Atası Nəriman Məmmədov və özü bizim ailəyə qarşı sanki Səlib yürüşünə başladı. Əmim Məhəbbət İbadovun evinə gələn yolu kəsdirdi. Bu, onu hörmətdən salmaq üçün edilmiş addım idi. İllərlə qapıbir qonşu olmuş insanları əmimin üzərinə qaldırdı. Daha doğrusu, bir qazandan xörək yemiş, bir təndirdən çörək kəsmiş adamları ona düşmən etdi. Söz yox, sonda haqq-ədalət qalib gəldi. Əmimin evinə gedən yol da açıldı, Ulu Tanrı da sözünü dedi.

İqbal Məmmədov bununla məsələləri başa çatdırmadı. Mənim də əlimdən çörəyimin alınmasına cəhd etdi və buna nail də oldu. Ona görə ki, onu Milli Məclisin deputatı yox, Lerikdə daha çox rayonun “qubernatoru” hesab edirdilər. Rayonda bir daşı da daş üstündə onsuz heç kəs qoya bilmirdi.

Ulu Tanrı yenə də öz qərar vermək missiyasına qədəm qoydu. Lerik rayonunda yerləşən “Relax” istirahət mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşları döyüldü. İstirahət mərkəzinə yoxlamaya göndərilən vergi əməkdaşları əraziyə buraxılmadı. Köməyə çağırılan polislər də “Relax” istirahət mərkəzinin qapısındaca heykəl kimi dayanmalı oldular. Vergi işçilərinə kütləvi güc tətbiq olundu.

Hərəkətə keçən respublikanın güc orqanları onun oğlunu, qardaşı oğlunu və daha dörd qohumunu həbs etdi. Onlar haqqında Cinayət Məcəlləsinin 309.2 və 315.2 maddələri ilə cinayət işi başlandı. Artıq ölkə kimin-kimliyini açıq-aşkar gördü.

“Relax” istirahət mərkəzində çoxlu cinayətlər olub. Hələlik bunlar haqqında danışmaq bir qədər tezdir. Faktları sübut edə bilmirik.

İqbal Məmmədov özü də yaxşı bilir ki, Lerikin icra başçısı R.Bağırov onun əlaltısıdır.

Hələlik İqbal Məmmədov deputat mandatını təhvil vermir. Bu, ölkə Prezidentinin və Milli Məclisin səlahiyyətləri səviyyəsində olan işdir. Ancaq İqbal Məmmədovun deputat mandatını təhvil verməməsi Lerik rayonunda yeni-yeni qanlı olayların yaranmasına aparır. Məsələn, məndə olan məlumata görə, mənim 2009-cu ildən aldığım evin qapılarının sındırılmasında və açarların başqasına verilməsində İqbal Məmmədovun birbaşa əli olub. Fakt: mənim evimə salmaq istədikləri qadın “Relax” istirahət mərkəzinin işçisidir. Deməli, icra başçısının və deputatın “əlaltısıdır”. Adını da qoyublar üçəm uşaq anası. Həmin üçəmlər Rusiyada dünyaya gəlib, hal-hazırda yetkinlik yaşındadırlar. İndi mən də sual verirəm: mənim yaxın qan qohumum Qaydagül Kazımova iki övlad dünyaya gətirmişdi. Onun evinə gedən yol da tutulmuşdu. Məsələ ilə bağlı Lerik rayon İcra Hakimiyyətinin başçısı R.Bağırova və Milli Məclisin deputatına dəfələrlə xahişlər olundu. Heç birisi onun evinə gedən yolu açmadılar. Evinə gedə bilməməsindən o, canını götürüb Bakı şəhərinə qaçdı. İndi mənim yaxın qan qohumum Bakı şəhərində dörd azyaşlı övladı ilə günəmuzd işlərdə işləyir. Bu gün bir qapıda, səhər başqa qapıda. Bəs görəsən bu fakt icra başçısının və deputatın ürəyini ağrıtmırmı?

Mən ötən ayın 24-də Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazovun Lənkəran şəhərində qəbulunda oldum. Ona Lerik rayon İcra Hakimiyyətində baş verən rüşvət və korrupsiya hərəkətlərindən və “Relax” istirahət mərkəzində baş verən qanlı olaylardan, qanlı olayları yaradan səbəblərdən geniş və hərtərəfli söhbət açdım. Səhəri gün Lerik şəhərinin mərkəzindəki, 2009-cu ildən aldığım və yaşadığım evin qapısı sındırılmış, açarları dəyişdirilmişdi. Səbəbini soruşduqda, mənə dedilər ki, bu işi icra başçısının sərəncamı ilə etmişik.

Respublikanın müəyyən orqanalarına məlumat ötürürlər ki, guya mənim evdə yaşamağıma dair heç bir sənədim yoxdur. Hətta o qədər tələsiblər ki, mənim yaşadığım yeri düzgün müəyyənləşdirməyiblər. Doğulduğum kəndlə yaşadığım yeri dəyişik salıblar.

Lerik rayon İcra Hakimiyyəti Başçısının müavini Habil Məlikov isə bir qədər də “Qabağa” gedib. “Azadlıq” radiostansiyasına verdiyi müsahibəsində deyib ki, İlham İbadovun Lerik şəhərində iki otaqlı mənzili var idi, o, otaqları təhvil verməli idi. Qəribə məntiqdir! Mən əvvəllər kirayəşin qaldığım bir otaqlı evi iki otaqlı edir və mənim kimi qələmə verir. Məncə, bütün bu uydurmalar da əsasən deputat İqbal Məmmədovun “planları”, İcra Hakimiyyətinin başçısı R.Bağırovun yalanlarıdır. Onu da qeyd edim ki, evimdə ikinci qrup əlil və onkoloji xəstə var. Hal-hazırda çöllərdə qalmışıq.

Nazir və Komitə sədrləri əsasən ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında bölgələrə gedir və orada vətəndaşları qəbul edirlər. Mənim daxili işlər nazirinin qəbulunda olduğumdan sonra belə olayların baş verməsi ölkə Prezidentinə, dövlətçiliyə qarşı yönəldilmi birbaşa təxribat xarakterli hadisədir. Bu, həm də mənim mənzil hüquqlarımın pozulması, əmlakımın talan edilməsidir. Məhkəmə qətnaməsi olmadan vətəndaşın evinə soxulmaq olarmı?

İlham İbadov,
“Azərbaycan Jurnalistlər Birliyi”nin üzvü, sabiq dövlət qulluqçusu.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR