“Qarabağ mitinqini Ramiz Mehdiyev açıb onu aparmağı Nüsrət Kəsəmənliyə həvalə etdi...”

4-12-2019, 21:19 65 dəfə baxılıb

“Qarabağ mitinqini Ramiz Mehdiyev açıb onu aparmağı Nüsrət Kəsəmənliyə həvalə etdi...”

31 il öncə bu günlər o vaxt “Lenin meydanı” adlanan Azadlıq meydanı Moskvaya, Ermənistanın təcavüzkar planlarına qarşı çıxış edən yüz minlərlə qaynayıb daşırdı. Noyabrın 17-dən başlanan mitinqlər qətiyyətlə davam etdirilirdi. Təəssüf ki, həmin günlər Kremlin göstərişi ilə Azərbaycan rəhbərliyində, yəni o vaxtkı ölkə Kommunist Partiyasının Mərkəzi Komitəsində, DTK-da, DİN-də meydana toplaşanları dağıtmaqdan söhbət gedirdi. Halbuki, hələ 1988-ci ilin fevralından sonra Bakıda başlanan ilk etiraz mitinqləri, demək olar ki, rəhbər kommunistlərin də fəal iştirakıyla gedirdi. İlk mitinqlərin əsas təşkilatçılarından olan AMEA Coğrafiya İnstitutunun aspirantı Ənvər Əliyev özünün “Meydan sirləri” kitabında 1988-ci il mayın 18-də indiki Azadlıq meydanında Ermənistan və Moskva əleyhinə keçirilən mitinqə bir çox rəhbər işçilərin də qatıldığını, hətta mitinqi o vaxtkı ideoloji işlər üzrə katib Ramiz Mehdiyevin açdığını bildirir.

Moderator.az aktuallığını nəzərə alıb həmin parçanı nəzərinizə çatdırır:

“May ayının 18-də səhər Nərimanov prospekti ilə əllərində müxtəlif şüarlar tutmuş dəstələr Lenin meydanına doğru gedirdi. Akademiya işçiləri və bir qrup tələbə ilə mən də ənənəvi yolla saat 10-a yaxın meydana çatdıq. Yolda bizə heç bir maneçilik olmadı. Tribunanın qarşısını kimlərsə kəsib adamları ora buraxmırdı. Onlar əvvəlki mitinqlərdən məni tanıdıqları üçün dərhal yuxarı buraxdılar.

Mitinqi MK katibi Ramiz Mehdiyev açıb onu aparmağı Nüsrət Kəsəmənliyə həvalə etdi. Meydanda şüarlar çox idi. Tribunada olan bütün şair, yazıçılarımız, alimlərimiz, Dağlıq Qarabağ da daxil olmaqla bir çox başqa yerlərdən gələn qonaqlar da danışdı. Tələblərin sayı-hesabı bilinmirdi. Burada səslənən məlumata görə, Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov Qarabağa aid məsələnin həlli üçün Moskvaya getmişdi...

Əvvəlki mitinqlər kimi burada da çoxlu şeirlər söylənildi. Axırda Zeynəb Xanlarova “Qarabağın maralı” mahnısını da oxudu. Mitinq əsl çal-çağırla qurtardı. Ancaq çıxışlardan, tələblərdən, işin ümumi gedişindən nəticə çıxarmalı çox şey vardı...”

P.S. Bəhs edilən mitinqdən 31 ildən çox zaman keçib. Həmin vaxt Ermənistandan soydaşlarımızın qovulması başlansa da, Azərbaycan SSR-in bir qarış torpağı da ermənilərin tam nəzarətinə keçməmişdi. Amma yüz minlər meydanda idi. Nə yazıqlar ki, ötən müddətdə on minlərlə şəhid verməyimizə rəğmən torpaqlarımızı müdafiə edə bilmədik, əksinə, 20 faizini itirdik. Ermənistan qaçqınlarına Qarabağ köçkünləri də əlavə olunaraq didərginlərimizin sayı 1 milyonu ötdü. Amma bu gün Azadlıq meydanında ya rəhbər şəxs, ya sıravi vətəndaş olan bir nəfər də “Qarabağa azadlıq” deyə hayqırmağa cəsarət etmir? Niyə?..

Təqdim etdi: Sultan Laçın


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR