Müttəfiqlik təhlükədə: İmtina edən hansı tərəf olacaq? - TƏHLİL

12-02-2021, 12:32 145 dəfə baxılıb

Ermənistanın Niderlanddakı səfiri Tiqran Balayanın mövqeyi Rusiya hərbi ekspertlərini hiddətləndirib.

Buna səbəb səfirin bu günlərdə həmin ölkədə nəşr olunan "Weekblad Elseveir” nəşrinə müsahibəsində müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinə görə Qərbin Moskvaya qarşı sanksiyalar tətbiq etməsinə müsbət yanaşmasıdır. "Komsomolskaya Pravda” qəzetinin hərbi icmalçısı, istefada olan polkovnik Viktor Baranets Ermənistan dairələrinin anti-Rusiya bəyanatlarının bu ölkəni indiki mürəkkəb situasiyada Rusiyanın dəstəyindən məhrum edə biləcəyini deyib.

Baranets xatırladıb ki, bundan əvvəl Ermənistan rəsmən Rusiya silahlarının yararsız olduğu haqda danışıb və KTMT çərçivəsindəki öhdəliklərinə baxmayaraq Rusiya silahlarından imtina edə biləcəyini deyib.

"Müttəfiqciyəzdir, deyilənə görə. Hansı ki, biz qoruyuruq”,-o "Komsomolskaya Pravda” radiosunun efirindəki müzakirələr zamanı hiddətini ifadə edib. Digər hərbi ekspert Mixail Timoşenko isə yada salıb ki, Ermənistan Rusiyanın Qarabağda onun əvəzindən döyüşməsini arzu edirdi.

"Hələ biz onların əvəzinə Qarabağda da döyüşməli idik”,-ekspert ironiya ilə bildirib.

Polkovnik Baranets əlavə edib ki, Tiqran Balayanın çıxışına bənzər çıxışlar Ermənistanın Rusiyanın müttəfiqi kimi etibarsız olduğunu göstərir. Ona görə də Moskva müvafiq nəticələr çıxarmalıdır və müttəfiqlik öhdəliklərindən imtina imkanlarını nəzərdən keçirməlidir. Ermənistandan qoşunlarını çıxarmaq və oradakı baza saxlamaqdan imtina etmək də daxil olmaqla.

"Ermənistan üçün bunun hansı nəticələri olacaq, qoy bunu Yerevanda düşünsünlər”, - Baranets bildirib.

"Bazanın oradan çıxarılmasını indidən planlaşdırmaq lazımdır. Hər ehtimala qarşı. Qoy məni müvafiq orqanlar tənbeh etsinlər, amma dediklərim çox ciddi siqnaldır. Düşünmək lazımdır”,-rusiyalı polkovnik əlavə edib. Erməni diplomatın açıqlamasına rusiyalı hərbi ekspertlərin sərt cavabı İrəvan və Moskva arasındakı müttəfiqlik münasibətlərinin pozulacağına dair ehtimalları gündəmə gətirib.

Söhbət ilk növbədə, Rusiyanın Ermənistanı cəzalandırmaq üçün öz hərbi bazalarını biu ölkədən çıxartmasından gedir. Ancaq Gümrüdə və Erebunidəki hərbi bazalar Rusiyanın Cənubi Qafqazdakı geosiyasi üstünlüyünü təmin edən əsas amil kimi çıxış edir. Rusiyanın öz qoşunlarını Ermənistandan çıxarılması yalnız öz müttəfiqini deyil, həm də bütövlükdə region NATO-ya güzəştə getməsi deməkdir. Eyni zamanda, Ermənistanla Rusiya arasında 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra soyuq olan münasibətləri ötən il Qarabağda baş verən müharibədən sonra xeyli gərginləşib.

2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanat baş nazir Nikol Paşinyanın Kremllə davranışlarında siyasi manevr imkanlarını genişləndirib. Lakin Ermənistan cəmiyyətində Rusiyaya qarşı inamsızlığın və mənfi rəyin artması müşahidə olunur. Bu isə Paşinyan hökumətinə yaxın perspektivdə Rusiyadan uzaqlaşmaq və Qərblə yaxınlaşmaq üçün əlverişli imkan yaradır.

Qeyd edilən səbəbdən, rus zabitlərinin hərbi bazaları Ermənistandan çıxartmaq təklifi və "Biz Ermənistanın əvəzindən Qarabağda döyüşməli deyilik” kimi fikrini səsləndirməsi müttəfiqin təhdid edilməsi kimi başa düşülə bilər. Yəni Moskva ekspertlərin dili ilə Ermənistana "Səni döyüş meydanında düşmənlə təkbaşına buaraxaram”-xəbərdarlığını edir.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiyanın Ermənistanla müttəfiqlik əlaqələrindən imtina etməsi gözlənilmir. Çünki Moskva Ermənistandakı prosesləri nəzarət altına almağa çalışır. Niderlanddakı səfir Balayan Rusiyanın silahlarının keyfiyyətsiz olması barədə söylədiyi fikirlər isə həqiqətə uyğundur:

"Ermənistan hakimiyyəti və müxtəlif silah alveri ilə məşğul olan dairələr Sovet dövründən qalmış silah-sursatın alqı-satqısı ilə məşğul olublar. Bu sahədə tərəflər arasında anlaşılmazlıq var. Ermənistan Rusiyadan idxal edilən silahların keyfiyyətinə diqqət etməyə çalışır. Ümumiyyətlə, Ermənistanın Rusiyadan gözləntiləri böyükdür. Onlar Rusiyanın Ermənistan tərəfdən müharibəyə qoşulacağına ümid edirdilər. Lakin bu belə olmadı.

Bu səbəbdən Ermənistan üzünü Qərbə çevirib. Rusiyanın Qarabağ müharibəsində Ermənistanı müdafiə etməməsi Baş nazir Nikol Paşinyana kart-blanş verib. O, Rusiyanın mövqeyini Ermənistanda neytrallaşdırmağa çalışacaq. ABŞ-da Co Baydenin hakimiyyətə gəlməsi Ermənistanda Paşinyanın əl-qolunu açıb. Baş nazir Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməyəcəyi barədə mesaj verir.

Bu onu göstərir ki, Paşinyan öz ölkəsində Rusiyaya bağlı qüvvələrə qarşı hüquqi müstəvisdə cəza tədbirləri həyata keçirəcək. Təbii ki, siyasi, iqtisadi, hərbi sahələrdə Rusiya ilə fikir ayrılığının davam edəcəyi gözlənilir. Rusiya da bundan narahatdır. Kreml çalışacaq ki, təbii qazın satış qiymətinin artırılması, Ermənistandfakı hərbi bazaların çıxarılması mövzusu ətrafında manevrlər etsin.

Rusiya Ermənistandakı hərbi bazalarını oradan çıxartmayacaq. Ancaq Ermənistanı qorxutmaq üçün belə bir ssenariyə əl atması mümkündür. İrəvanda da yaxşı bilirlər ki, onlar Rusiyaya lazım deyil. Lakin ermənilərin Qarabağla bağlı Rusiyadan gözləntiləri puça çıxdığına görə onlar artıq öz müttəfiqinə etibar etmir. Ən ağır vəziyyətdə Rusiya onları müdafiə etmədi.

Ona görə də səfir səviyyəsində verilən açıqlama, Aleksey Navalnı məsələsində Rusiyanın ittiham edilməsi Nikol Paşinyanın Qərblə eyni mövqedən çıxış etdiyini göstərir.

Niderlanddakı səfir bu bəyanatı verməklə Ermənistanın Navalnı məsələsində mövqeyini nümayiş etdirib. Ermənistan bununla Qərbə mesaj verir ki, biz Navalnıya münasibətdə sizinlə eyni fikri bölüşürük. Hesab edirəm ki, lobbi qrupları vasitəsilə Rusiya Ermənistana təzyiqləri artıracaq. Rusiyadakı iş adamlarının Ermənistana ayırdığı maliyyə yardımları kəskin şəkildə azaldılacaq. Rusiya müxtəlif yollarla, Robert Köçəryana siyasi dəstək verməklə təzyiq göstərməyə çalışacaq”.

Ekspert bidlridi ki, Ermənistanla Rusiya arasında müttəfqilik münasibətlərinin Paşinyan tərəfinfən pozulmasına cəhdlər olacaq. Əgər Ermənistan la bayden administrasiyası arasında əməkdaşlıq dərinləşərsə, Rusiya ilə müttəfiqlik münasaibətləri görüntü olaraq qalacaq:

"Paşinyan hakimiyyətə gəldikdən sonra bu müttəfiqlik əlaqələri soyumuşdu. Əgər Paşinyan hakimiyyətdə qalmaqda davam edərsə, müttəfiqlik sıfıra enəcək”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR