Dollar bazarında təlatüm: Nefti də “vura” bilər

28-12-2019, 12:39 256 dəfə baxılıb

Dollar bazarında təlatüm: Nefti də “vura” bilər

Gələn il maliyyə bazarlarında ciddi dəyişikliklərin olacağı, bəzi aparıcı valyutaların ucuzlaşacağı, digər bir qisminin isə bahalaşacağı ilə bağlı proqnozlar var.

Bir çox nüfuzlu maliyyə təsisatlarının ekspertləri 2020-ci ildə ABŞ dollarının məzənnəsinin azalacağı qənaətindədir. “Bloomberg”-in xəbərinə görə, ekspertlərin ümumi proqnozuna əsasən, gələn il ərzində avronun məzənnəsi hazırkı 1,1 dollardan 1,16 dollaradək artacaq.



Proqnoza görə, 2019-cu ildə qlobal resesiya gözləntilərinin hakim olduğu üçün dollar və dollar aktivləri daha çox satın alınsa da hazırda dünya iqtisadiyyatındakı vəziyyətə dair narahatlığın səngidiyi, ABŞ Federal Ehtiyatlar Sisteminin (FRS) faiz dərəcələrini dəyişdirmək fikrində olmadığı üçün sərmayəçilər daha riskli yatırımlara yönəlir, dolların məzənnəsi də azalır. Belə ki, gələn ilin sonunda avronun dollara qarşı məzənnəsi “Goldman Sachs” bankına görə 1,15, “Deutsche Bank”a görə 1,2 olacaq.

“Bank of America”nın ekspertləri isə ABŞ-Çin ticarət qarşıdurmasının mühüm təsiri olacağını, yazda isə sərmayədarların diqqətini ABŞ-dakı qarşıdan gələn və adətən iqtisadiyyat üçün daha çox mənfi rol oynayan prezident seçkilərinin çəkəcəyini bildiriblər.

İnkişaf edən ölkələrin valyutaları arasında ilk növbədə Braziliya realı diqqət çəkir. Belə ki, bu il rekord minimum məzənnəsinə çatan real “İNG” proqnozuna görə, 2020-ci ildə büdcə islahatı, iqtisadi artımın sürətlənməsi, nisbətən yüksək faiz dərəcələri ilə bağlı 10 faizədək bahalaşa bilər.

Rusiya ekspertlərinə görə, bu ölkənin valyutası olan rublun məzənnəsi gələn ilin əvvəlində bir dollara 62-64 rubl, ilin sonunda isə ABŞ-dakı seçkilərin nəticələrinə görə, 65-70 rubl səviyyəsində olacaq. Çin yuanının isə məzənnəsi 2020-ci ilin sonunda bir dollara 6,85-7,21 yuan səviyyəsində ehtimal edilir.

Bəs, maliyyə bazarlarında baş verən dəyişikliklərin əmtəə bazarlarına təsiri olacaqmı? Aparıcı valyutaların qiymətləri ucuzlaşarsa, bu neftin qiymətinə necə təsir edəcək?

İqtisadçı ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, gələn il dünya maliyyə bazarlarında əsas trend böyük ixracat potensialına malik olan ölkələrin valyutalarının ucuzluğu olacaq:

“İstehsal və ixracatı böyük olan ölkələr hər zaman buna çalışırlar. Çünki milli valyutanın digər valyutalara nisbətən ucuz olması ölkənin ixrac potensialını artırır. ABŞ və Çin arasında mövcud olan valyuta və ticarət müharibələrinin əsas səbəbi də bununla bağlıdır. ABŞ Çini süni şəkildə yuanın qiymətini ucuzlaşdırmaqla rəqabətdə haqsız üstünlük əldə etməkdə və bununla da daha çox ixracaata malik olmaqda ittiham edir. Ona görə də gələn il valyutaların zəiflədilməsi ilə bağlı mərkəzi bankların atacağı addımlarla yadda qalacaq. Federal Rezerv Sistemi, Avropa Mərkəzi Bankı və Çin Mərkəzi Bankı faiz dərəcələrini aşağı salmağa çalışacaqlar ki, valyutalarının bahalaşmasına imkan verməsinlər”.

İqtisadçı deyir ki, bu da bütün maliyyə bazarlarına, o cümlədən də əmtəə bazarlarına təsir edə bilər:

“Neftin qiymətinə gəlincə, maliyyə bazarlarında gedən proseslər ona təsir edir, amma bu həlledici amil deyil. Artıq iki ildir ki, ümumiyyətlə neftin qiymətinə təsir edən əsas amil iqtisadi proseslər deyil. OPEC və Rusiyanın inzibati müdaxilələri və ya dünyada baş verən geosiyasi gərginlik, sanksiyalar buna təsir edir. Məsələn, İrana qarşı sanksiyaların güclənməsi, Venesuelada daxili gərginlik, Liviyada vətəndaş müharibəsi, Səudiyyə Ərəbistanı ilə Yəmən arasında hibrit müharibəsinin gərginləşməsi, dron savaşları neftin qiymətinə daha çox təsir edir. Təəssüf ki, iqtisadi səbəblər ikinci plana keçib. Bunu ona görə təəssüflə qeyd edirəm ki, iqtisadi amillərin deyil, geosiyasi gərginliyin nəticəsində neftin qiymətinin formalaşması müvəqqəti xarakter daşıyır və sonradan ciddi dalğalanmalara səbəb olur. İndiki durumda da neft qiymətinin 67-68 dollara qədər qalxmasının səbəbi məhz geosiyasi gərginliklər, hərbi münaqişə ehtimalları, sanksiyalardır. Bunlar aradan qalxdıqca, neftin yenidən kəskin ucuzlaşma mərhələsinə qədəm qoyması ehtimalı var”.

Bununla belə Natiq Cəfərli deyir ki, iqtisadi amillər arxa plana keçib deyə, neft qiymətlərini proqnozlaşdırmaq çətindir:

“Çünki istənilən geosiyasi gərginlik neft qiymətlərinə dərhal təsir edir. Məsələn, bir neçə həftə öncə Yəmən tərəfindən Səudiyyə Ərəbistanına dron hücumlarının nəticəsində qiymət 5 dollar bahalaşdı. Ona görə də, neftin qiyməti ilə bağlı proqnoz verərkən, maliyyə bazarlarını deyil, geosiyasi prosesləri izləmək lazımdır. Neft qiymətinin formalaşmasında iqtisadi amillər önə çıxdıqca, qiymətlərdə enmələr müşahidə olacaq”.

Natiq Cəfərli qeyd etdi ki, 55-60 dollar koridorunda neft qiymətləri gələn il daha realdır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR