Seçkidən peyvəndə qədər neft bazarına təsir edən amillər - “Qara qızıl”ın qara günləri

2-12-2020, 09:19 187 dəfə baxılıb

Neft qiymətlərinin 50 dollara yaxınlaşması neft hasilatçısı olan ölkələrdə nikbin yanaşma yaradıb.

Qiymətlərin daha da artacağı və ya azalacağı isə qarşıda olan proseslərdən asılı olacaq. Xatırladaq ki, OPEC+ üzvlərinin video konfransı keçiriləcək. Konfransda hasilatın azaldılması ilə bağlı razılığın qüvvədə qalıb-qalmayacağının əsas müzakirə mövzusu olacağı gözlənilir. OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo hazırkı dövrün OPEC-in tarixində kritik dövr kimi qalacağını deyib:

“Bu mühüm dövrdə Əməkdaşlıq Bəyannaməsinin iştirakçılarının bazarın sabitliyinə töhfəsi şübhəsiz ki, dünya neft sənayesini və qlobal iqtisadiyyatı daha ciddi nəticələrdən xilas etdi. Bu, şübhəsiz ki, OPEC tarixində kritik dövr kimi qalacaq. Gördüyümüz işin nəticələri bu mühüm dövrdə dünyada güclü təsirə malikdir. Tunelin sonunda işıq var və bu, ürəkaçandır”.

O, OPEC və bəzi OPEC-ə üzv olmayan ölkələrin imzaladığı Əməkdaşlıq Bəyannaməsinin iştirakçıları arasındakı texniki toplantıların əlaqələrin inkişafı, məlumat mübadiləsi, əməkdaşlığın dərinləşməsi və dünya neft bazarında qarşıya çıxan məsələlərin birgə müzakirəsi baxımından əhəmiyətini qeyd edib. Həmçinin COVID-19 pandemiyası zamanı son aylarda Əməkdaşlıq Bəyannaməsinin iştirakçılarının göstərdiyi güclü dəstəyi vurğulayıb, mütəxəssislər tərəfindən müzakirə edilən mövzuların, qarşıda duran çətinliklərin öhdəsindən gəlinməsi üçün məlumatların toplanması və neft anbarındakı inkişafların izlənməsinin vacibliyini bildirib.

Baş katib Əməkdaşlıq Bəyannaməsinin iştirakçılarına öhdəliklərə sadiq olduqları, bu çətin aylarda istehsal tənzimləməsi qərarlarının və nailiyyətlərin arxasında kollektiv əhval-ruhiyyəni qoruduqları üçün üçün təşəkkür edib. Digər tərəfdən dünya iqtisadiyyatına güclü təsir qüvvəsi olan ABŞ-da hakimiyyət dəyişikliyinin baş verməsinin də neft qiymətlərinə təsirsiz ötüşməyəcəyi gözlənilir. Həmçinin vaksinin istifadəyə veriləcəyi, “üçüncü dalğa”-nın başlanması haqqında informasiylar da neft qiymətlərinin müəyyənləşməsində rol oynayır.

Hazırkı dövrdə daha çox hansı amilin təsiri üstün mövqe tuta bilər?

İqtisadçı Rəşad Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, pandemiya ilə mübarizə çərçivəsində iki böyük şirkət artıq 90 faizin üzərində nəticəsi olan vaksinlərin istifadəyə təqdim ediləcəyini açıqlayıb və neft bazarı bu xəbərlərə reaksiyasını verib:

“Eləcə də Co Baydenin prezident seçilməsi və onun iqtisadi siyasəti ilə bağlı gözlənilən müsbət dəyişikliklər faktiki olaraq bazarlarda neftin qiymətinin 40 dollardan 50 dollara doğru bahalaşmasını şərtləndirən əsas faktorlar kimi çıxış edir. Amma təbii ki, OPEC-in qəbul edəcəyi qərarlar da məsələyə öz töhvəsini verəcək”. Rəşad Həsənov deyir ki, indiki halda gözlənilir ki, OPEC+ hasilatın azaldılması ilə bağlı razılaşmanın müddətini artırsın: “Amma eyni zamanda müəyyən narahatlıqlar var. Bu da bəzi ölkələrin əvvəlki dövrdə müəyyən müddətlər ərzində razılaşmanı yerinə yetirməklə bağlı öhdəliklərində yaranan fasilələrlə bağlıdır. Öhdəliklərin yerinə yetirilməsi ilə bağlı həmin ölkələr konstruktiv mövqe ortaya qoysa, böyük ehtimalla gözlənilir ki, müəyyən müddətdə hasilatın azaldılması ilə bağlı razılıq qüvvədə olsun. Bu da öz növbəsində şərtləri müsbətə doğru dəyişə bilər. Əgər OPEC+ belə bir qərar qəbul edərsə, neft 50 dollarlıq psixoloji həddin üzərinə qalxa bilər. Əks halda - yəni razılaşma əldə olunmazsa, qiymətlərdə yenidən geriləmə müşahidə oluna bilər. Neftin bir barel qiyməti yenidən 45, hətta 40 dollara qədər enə bilər”.

İqtisadçı ümumiyyətlə neft bazarına təsir edən faktorların sürətlə dəyişdiyini qeyd edib:

“Əsas vəziyyət 2021-ci ilin əvvəllərində -xüsusilə də I rübün sonlarında dəyişəcək. Çünki vaksinlərin kütləvi istifadəyə verilməsi - xüsusilə də böyük iqtisadiyyatlarda vaksinlərin tətbiqinin müəyyən rahatlıq yaratması və dolayısı ilə iqtisadi aktivliyin təmin olunması neftə təlabatı yüksəldəcək. Belə olduğu halda daha dayanıqlı qiymətlər formalaşacaq. İndiki halda qiymətlər müəyyən faktorların təsiri - müəyyən manipulyatıv əsaslarla formalaşır”.

Pandemiyanın üçüncü dalğasının başlanacağı haqda informasiyaların bazara təsirinə gəlincə, iqtisadçı bildirib ki, bu cür informasiyalar bazara mənfi təsir edir:

“Böyük ehtimalla dövlətlər əvvəlki dövrlərdə olduğu kimi davranmayacaq, tam izolyasiya qərarları qəbul etməyəcəklər. Çünki bunun iqtisadi fəsadları daha ağır olur. Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Kənd təsərrüfatı və ərzaq təşkilatı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı bənzər açıqlamalar yayaraq, iqtisadiyyatın tam izolyasiyasından qaçmağı tövsiyyə ediblər. Buna baxmayaraq, üçüncü dalğa öz fəsadları ilə müşahidə olunacaq. Çünki birinci dalğa ilə müqayisədə dünya üçüncü dalğaya daha zəif müqavimət gücünə malikdir. Ötən 7-8 ay ərzində bu müqavimət gücünü əhəmiyyətli dərəcədə itirib. Yığımlar, maliyyə imkanları zəifləyib. Bu baxımdan da üçüncü dalğanın əlavə fəsadlarının olacağı gözlənilir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR