“Yastıq altındakı” pulları iqtisadiyyata cəlb etmək problemi - TƏHLİL

3-03-2021, 13:37 205 dəfə baxılıb

Dünyanın əksər ölkələrində iqtisadiyyatın ən önəmli hərəkətverici sahələrindən biri də qiymətli kağızlar bazarıdır. Belə ki, istənilən ölkənin iqtisadiyyatlarının inkişafı üçün vacib elementlərdən biri biznesin maliyyə resurslarına çıxışının asanlaşdırılması və resursların şaxələndirilməsidir. Bu baxımdan əhalidə olan nağd pul kütləsinin, obrazlı desək, "yastıq altındakı” pulların iqtisadiyyatın müxtəlif sahələrinə cəlb edilməsi və onun effektiv istifadəsi üçün yararlı olan iqtisad alətlərdən biri də qiymətli kağızlardır. Hazırda dünya birjalarında qiymətli kağızlar bazarının həcmi sürətlə artır.

Sadə bir misal çəksək, bu gün ABŞ-ın istiqraz bazarının ümumi dəyəri isə 40 trilyon ABŞ dolları həcmindədir. Azərbaycanda isə ötən ilin yanvar-iyun aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 4 917,1 milyon manatlıq əməliyyat aparılıb. Azərbaycan Mərkəzi Bankına verdiyi məlumata görə, bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 39,9% az olub. Yarım illik göstəricinin 2 710,7 milyon manatlıq hissəsi ilkin bazarda (39% az), 2 206,4 milyon manatlıq hissəsi isə təkrar bazarda (81% çox) formalaşıb. 6 ay ərzində qiymətli kağızlar bazarında 2 383 əqd bağlanılıb. Bu illik müqayisədə 11,9% azdır. Əqdlərin 440-i ilkin bazarın (48,5% az), 1 943-si isə təkrar bazarın (5% çox) payına düşüb. Göründüyü kimi , rəqəmlər bu bazarın nə qədər zəif inkişaf etməsindən xəbər verir.

İstiqrazda iştirak edən iki əsas tərəf emitentlər- yəni istiqrazı buraxanlar və investorlar- yəni ona yatırım edib, qiymətli kağızları alanlar var və onların hər ikisi bu prosesdə maraqlı olmalıdır. Bazar iqtisadiyyatı inkişaf etmiş bir çox ölkələrdə bu günə kimi qiymətli kağızların bir çox növləri meydana çıxıb və geniş yayılıb. Qiymətli kağızların müxtəlifliyi onların təsnifləşdirilməsini və qruplaşdırılmasını zəruri edir. Qiymətli kağızları emitentlərə, dövriyyə müddətinə, gəlirliyinə, risk səviyyəsinə, əraziyə və digər xüsusiyyətlərinə görə təsnifləşdirmək mümkündür. Qiymətli kağız - onun sahibinin əmlak və qeyri əmlak hüquqlarını və bu hüquqların verilməsi imkanını müəyyən edilmiş formaya və məcburi rekvizitlərə riayət etməklə təsdiqləyən sənəddir. Bir çox ölkələrdə qiymətli kağızların emitenti kimi əsasən özəl bölmə, dövlət və xarici təşkilatlar çıxış edir. Buna müvafiq olaraq qiymətli kağızları özəl (korporativ), dövlət və beynəlxalq qiymətli kağızlar kimi təsnifləşdirmək olar. Öz növbəsində bunları ayrı-ayrılıqda qruplaşdırmaq olar. Özəl qiymətli kağızların emitentləri kimi maliyyə-kredit institutları, banklar, sığorta şirkətləri, investisiya şirkətləri çıxış edirlər. Dövlət qiymətli kağızlarının emitenti kimi hökumət və yerli icra orqanları çıxış edirlər. Beynəlxalq qiymətli kağızlar xarici və beynəlxalq təşkilatlar tərəfindən buraxılır. Bu qiymətli kağızlar dövriyyə müddəti, valyuta və emitentlərinə görə fərqlənirlər. Qiymətli kağızlar ərazi vahidlərinə görə regional, milli və beynəlxalq qiymətli kağızlara ayrılır. Eyni zamanda qiymətli kağızların emitenti kimi hüquqi şəxslər, icra hakimiyyəti orqanları, həm də yerli özünüidarəetmə orqanı olan bələdiyyələr ola bilər. Onlar ayrı-ayrılıqda öz adından qiymətli kağızların sahibləri qarşısında cavabdehdirlər. Burada iştirak edən hüquqi və fiziki şəxslər bazarın subyektləri sayılırlar.

Məlumdur ki, əlində vəsaiti olan hər bir şəxs ona əlavə gəlir gətirəcək, etibarlı, likvidləşdirilməsi asan olan bir yatırım aləti axtarır. Bu mənada istiqraz, qiymətli kağızlar ən ideal seçimdir. Çünki daşınmaz əmlakdan fərqli olaraq birjada tez satılır. Qiymətli kağızların qeydiyyatı əlavə vəsait tələb etmir, saxlanılması üçün risklər yoxdur. Emitentlər isə bununla maliyyə imkanlarını genişləndirir və onu fərqli istiqamətlərdə dəyərləndirirərək əlavə gəlir götürür. Qiymətli kağızlar ilk növbədə şəffaflıq və iqtisadiyyatda leqal vəsaitlərin həcminin gündən-günə artması, biznes üçün əlavə maliyyə mənbələrinin yaranması, nəticədə real sektorun inkişaf dinamikasının artırılmasına xidmət edir. Maliyyə bazarında dövriyyənin yüksək olması qeyri-neft sektorunun inkişafı baxımından olduqca əhəmiyyətlidir. Təəssüf ki, bəzi istisnaları nəzərə alsaq, bu sahə Azərbaycanda inkişaf etməyib və diqqətdən kənarda qalıb.

İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov məsələ ilə bağlı "Yeni Müsavat”a bildirdi ki, qiymətli kağızlar bazarı Azərbaycanda çox zəif inkişaf edib: "İndiki dönəmdə, iqtisadiyyatın real sektorunun sürətlə inkişafını hədəf qoyulan bir dönəmdə inqilabi bir dönüş etmək lazımdır. Bu bazar hazırda yox səviyyəsindədir və ildən-ilə bir qədər də zəifləyir, dövriyyəsi aşağı düşür. Bütün dünyada qiymətli kağızlar əldəki vəsaitləri iqtisadiyyata cəlb etmək üçün ən güclü maliyyə alətlərindən biridir. Biz bu gün ondan istifadə edə bilmirik. Banklarımız elə səviyyədə deyil ki, biznesi kreditləşdirsinlər. Qiymətli kağızlar bazarı da yoxdur ki, hansısa müəssisələr, biznes qurumları vəsait cəlb edə bilsinlər. Əgər real sektoru inkişaf etdirmək istəyiriksə, ilk növbədə onun maliyyə mənbələrini inkişaf etdirməliyik. Bu mənbələrdən biri də qiymətli kağızlardır. Maliyyə Nazirliyinin 1-2 istiqrazı və SOCAR istiqrazı ilə qiymətli kağızlar bazarı formalaşmır. Hazırda fiziki və hüquqi şəxslərin faydalana biləcəyi heç nə yoxdur. Ancaq illərdir belə önəmli bir bazar bizdə yoxdur”.

İqtisadçı ekspert Pərviz Heydərov da "Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda qiymətli kağızlar bazarının zəif olmasının əsas səbəbi ölkədə özəl biznesin, özəl mülkiyyətçilik prinsipinin geniş yayılmamasıdır: "Biz deyirik ki, özəl sektor iqtisadiyyatın 90 faizini təşkil edir. Ancaq reallığa baxsaq, özəl sektor üzrə ixrac əməliyyatlarından ölkəyə gələn gəlir dövlət sektoru üzrə ixrac əməliyyatlarından gələn gəlirdən xeyli aşağıdır. Biz dövlət şirkətlərini daha çox tənqid edirik, idarəetmədə problemlər olduğunu, qeyri-şəffaf olduğunu deyirik. Bu məqsədlə İnvestisiya Holdinqi yaratmışıq və hamısını onun idarəetməsinə vermək istəyirik. Çıxış yolu isə odur ki, bu vəziyyətlə belə ixrac əməliyyatlarından ölkəyə gətirdikləri gəlirə görə iqtisadiyyatın 85-90 faizini əhatə edə özəl sektordan öndədirlər. Bu baxımdan ölkədə qiymətli kağızlar bazarının təşkili və inkişafı qaçılmaz xarakter daşıyır. Biz özəlləşmə prosesini keçmişik. Əslində o proses qiymətli kağızlar bazarı üçün baza yaratmalı idi. Ancaq özəlləşdirmə çeklərinin taleyini xatırlasaq görərik ki, bu, əslində Azərbaycanda qiymətli kağızlar bazarının yaranması üçün heç bir rol oynamadı”.

Ekspertin sözlərinə görə, qiymətli kağızlar bazarında özəl şirkətlərin, iri dövlət şirkətlərinin qiymətli kağızları dövriyyədə olmalıdır: "Onlar gündəlik alınıb satılmalı, qiymətləri müəyyən olunmalıdır. Bizdə hansı dövlət şirkətinin özəlləşdirilməsi gedir? Heç birinin... Özəlləşdirmə tam rəqabət şəklində getməlidir, bütün investorların, əhalinin açıq şəkildə iştirakı təmin olunmalıdır. Bu bazar bu gün bizdə ölü vəziyyətdədir. Dövlətin hələ də ölkə iqtisadiyyatında aparıcı rol oynaması ucbatından səhmlərin alqı-satqı prosesi müşahidə olunmur. Bu da iqtisadiyyatın inkişafı üçün əlavə tormozlanma yaradır”.
P.Heydərov vurğuladı ki, dünyada maliyyə bazarlarının nəbzi təkcə neft bazarında deyil, əsasən qiymətli kağızlar birjasında döyünür: "Avropa ölkələri, ABŞ, Yaponiya kimi ölkələrdə hər gün aksiyaların alqısı, qiymətləndirilməsi prosesi baş verir. Bu özü də dünya iqtisadiyyatının termometridir. Biz təkcə neftin qiymətini əsas götürürük. Bizdə qiymətli kağızlar bazarı olmasa da sona kimi belə davam edə bilməz. İqtisadiyyatın inkişafının liberallaşdırılmasını istəyiriksə, səhm bazarını yaratmalıyıq. Dövlət qurumlarının özəlləşdirilməsi də bir günün işi deyil. Bunun üçün zəmin yaranmalıdır, iri şirkətlərin iştirakı təmin edilməlidir. Ancaq o zaman bu qurumların özəlləşdirilməsi effekt verəcək. Qiymətli kağızlar bazarının inkişafı da dövlətin iqtisadiyyatdan əlini tam çəkməsi, liberallaşmanın genişlənməsi şəraitində təşəkkül tapacaq. Bu, hansısa fərman və sərəncamla, sifarişlə baş tutan məsələ deyil. Bizim bütün iri dövlət şirkətlərimizin adında ASC var, guya hamısı səhmdar cəmiyyətlərdir, ancaq ortada bir real səhmdar yoxdur. Bütün səhmlər dövlətə məxsusdur. Belə olan halda qiymətli kağızlar bazarı necə inkişaf edə bilər?”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR