Sabiq nazir manatın devalvasiyası haqqında: - “Təəccüb edirəm”

1-04-2021, 19:39 152 dəfə baxılıb

"Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi manatın dollara nisbətdə orta məzənnəsini 2026-2030-cu il dövrü üçün 1 dollar=2 manat səviyyəsində proqnozlaşdırır. Bu strukturun analitiklərinin fikrincə, proqnozlar qlobal tendensiyaların Azərbaycana və ölkənin xərclərinə təsirini nəzərə alır. Agentlik əmindir ki, möhkəm tənzimlənən məzənnə nəzərə alınaraq, yenə də manatın ehtiyat valyutaya qarşı kotirovkaları, hökumətin və Azərbaycan Mərkəzi Bankının (AMB) qərarından asılı olacaq.

Bu il manatın dollara olan orta məzənnəsi bir dollar üçün 1,7 manat olacaqsa, proqnoz müəlliflərinin əminliyinə görə, gələn il 1,75 manat, 2023-cü ildə 1,83 manat, 2024-cü ildə 1,93 manat, 2025-ci ildə 1,98 manat olacaq. Eyni zamanda, manatın dollara olan orta məzənnəsini 2026-2030-cu illərdə bir dollar üçün 2 manat səviyyəsində gözləyirlər.

Azərbaycaın sabiq maliyyə naziri, Beynəlxalq İqtisadi Tədqiqatlar Cəmiyyətinin sədri, professor Fikrət Yusifovun AYNA-ya açıqlamasında, Azərbaycan valyutasının mümkün devalvasiyası ilə bağlı tez-tez aparılan müzakirələrdən təəccübləndiyini deyib: "Bunun üçün açıq bir səbəb yoxdur, çünki neft qiymətləri davamlı olaraq yüksək səviyyədə qalır və işğal altındakı ərazilərin bərpası xərcləri büdcədən ayrılan 2 milyard 200 milyon manata daxil edilib”.

"Son vaxtlar manatın dollara nisbətən məzənnəsi ilə bağlı söhbətlər daha tez-tez aparılır, baxmayaraq, deyərdim ki, bunun üçün nə konkret hadisələr, nə də devalvasiya üçün əsas var. Neftin bir bareli 60-65 dollar səviyyəsində sabitdir. Digər tərəfdən, qonşu ölkələrdə belə proseslər müşahidə olunsa da, bunun milli valyutalarının "üzən məzənnə”sindən qaynaqlandığını anlamalıyıq”, - deyə o bildirib.

Ekspert xatırladıb ki, ölkəmizdə bu proses AMB tərəfindən tənzimlənir: "Bu səbəbdən, heç bir siyasi qərar alınmazsa, manatın məzənnəsi indiki səviyyədə sabit olacaq. Bir mənada devalvasiya proqnozlarına ölkənin azad edilmiş hissəsinin bərpası üçün dövlət xərclərinin artması gözləntiləri səbəb olur. Ancaq bu vaxta qədər büdcədə bu məqsədlər üçün ayrılan 2 milyard 200 milyon manat xaricində başqa heç bir ayırma görünmür”.

Yusifov hesab edir ki, bu ilin sonuna qədər devalvasiya üçün ilkin şərtlərin olmaması səbəbindən manat məzənnəsi sabit qalacaq: "Beynəlxalq Agentliyin gələcəyə dair proqnozlarına gəlincə, qlobal iqtisadiyyatda baş verən hadisələr valyutamıza birbaşa təsir göstərmir. Manatın məzənnəsi inzibati qaydada tənzimlənir və bu səbəbdən yaxın gələcəkdə bu baxımdan bir şeyin dəyişəcəyi ehtimalı azdır. Ancaq neftin qiymətinin yüksək qalması şərti ilə”.

"Hər şey proqnozlaşdırıla bilər, amma sübutlar var - dünya bazarlarında neftin qitmətinin kəskin azalması və ya hökumətin manatı endirmək barədə siyasi qərarı olmadan, valyutamızın dollara qarşı məzənnəsi dəyişməz olaraq qalacaq. Pandemiyanın tənəzzülü zamanı neftin orta çəkili qiyməti artacaq - ilin ikinci yarısında bir barel üçün 70-75 dollar olacaq. Üstəlik, pandemiyanın üçüncü dalğasının yaxınlaşması, artan qiymət meyllərini saxlayır”, - deyə sabiq nazir vurğulayıb.

Müsahibimizin sözlərinə görə, onsuz da, Avropadakı koronavirus pandemiyasının üçüncü dalğası və bir sıra ölkələrdə kilidlənmələrin yaya qədər uzadılması səbəbindən yanacağa olan tələbatdakı artım templəri ilə əlaqədar narahatlıqlar fonunda neftin qiyməti vaxtaşırı azalır: "Pandemiyanın neftə köhnə qaydada təsiri artıq olmayacaq. Təbii ki, üçüncü dalğa iqtisadiyyat və dünya neft bazarına təsir edəcək, amma bu təsir əvvəlkilərdən fərqli olacaq. Bu virusa yoluxduqda insanlar daha asan və daha sürətli sağalırlar. Əhali onsuz da koronavirusla birlikdə yaşamağa vərdiş edir və üçüncü qapanma uzun müddət davam edə bilməz. İlin ikinci yarısında dünya iqtisadiyyatının artımı, dünyada və ölkəmizdə müsbət tendensiyalar gözlənilir”.

Ancaq məsələnin başqa bir tərəfi də var - dolların özünün ucuzlaşması qorxusu. Pandemiyadan əvvəl - 2019-cu ilin sonunda kritik səviyyələrə çatan və bu il Amerika iqtisadiyyatını qurtarmaq üçün xərclənən vəasait nəzərə alınaraq, əhəmiyyətli dərəcədə artacaq ABŞ dövlət borcunun və büdcə kəsirinin böyüməsi investorları qorxudur.

Professor qeyd edib ki, ABŞ-ın 28 trilyon dolları aşan milli borcu, onsuz da Amerika ÜDM səviyyəsini (21 trilyon dolları) keçdi: "Hər il də bir-iki trilyon həcmində böyüməyə davam edir. Əlbəttə, bu, suallar doğurur - bütün bunlar nəyə gətirib çıxarır və Birləşmiş Ştatlar nəhəng borcdan necə xilas olacaq? Burada hər şey qəlizdir, çünki söhbət ehtiyat dünya valyutasından getdiyi üçün dolların enməsi qlobal maliyyə çöküşünə səbəb olacaq. ABŞ-da baş verənlər məqsədyönlü bir prosesdir, ancaq bunun nə ilə nəticələnəcəyi hər kəsin təxminidir, çünki ABŞ-ın maliyyə rəhbərliyində hansı planların hazırlandığını və dayanmadan işləyən "çap maşını”nın xərclərini ödəyən nəhəng emissiyanın nə üçün ayrıldığını söyləmək çətindir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR