10 minlərlə ailəni sevindirən qərar: İcrası niyə ləngiyir? - GƏLİŞMƏ

11-04-2019, 17:43 344 dəfə baxılıb

10 minlərlə ailəni sevindirən qərar: İcrası niyə ləngiyir? - GƏLİŞMƏ


Çoxmənzilli binaların istismarına icazə verilməməsi sakinlərin başlıca probleminə çevirilb.

Məhz, bu səbəbdən həmin binaların sakinləri öz evləri üçün mülkiyyət hüququ ala bilmir, mənzillərinin alqı-satqısında problemlə üzləşirlər. Bu amil Mənzil Tikinti Kooperativlərinin (MTK) tikinti bazarında «at oynatmasına», vətəndaşlardan əlavə ödənişlər tələb etməsinə şərait yaradır. Onlar, hətta alqı-satqı zamanı yeni sahiblərdən külli miqdarda vəsait tələb edirlər.

Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında fərman verməsi isə vətəndaşlarda bu problemlərin həllinə ümid yaradıb. Fərmanın 400-dək yaşayış kompleksinə şamil olunacağı, 50 minədək mənzili, 10 minlərlə ailənin əhatə edəcəyi bildirilir. Fərman 2019-cu il yanvarın 1-dək tikilən, tam təhvil verilən, istismara qəbul olunmayan və faktiki olaraq insanların yaşadıqları binalara şamil edilir. Xatırladaq ki, fərman fevral ayının 19-da verilib. Ötən müddətdə bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilib. Son aylar ərzində mediada 30-dan çox binanın həm tikintisinə, həm də istismarına icazə verildiyinə dair xəbərlər yayılıb. Əmlak ekspertləri bəzi çoxmənzilli yaşayış binalarında tikinti işlərinin şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan aparıldığını, eləcə də sənədləşdirilməsində ciddi qüsurlara yol verildiyini bildirib. Qeyd olunub ki, həmin binaların rəsmiləşdirilməsinin əvvəllər buna görə mümkün olmayıb. Bəs, prezident fərmanı verildikdən sonra bunun icrası niyə gecikdirilir. Fərmanın icrası ilə bağlı işlər gedirmi?

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı «Cümhuriyət» qəzetinə açıqlamasında bildirib ki, fərmanın icrası ilə bağlı hələ ki, Fövqəladə Hallar Nazirliyində araşdırmalar bitməyib:

«İstismara qəbulla bağlı veriləcək rəylər tamamlanmayıb. Fərman 19 fevral tarixində imzalanıb, 19 apreldə verilən müddət başa çatır, amma iş günü qrafiki ilə hələ may ayının ilk ongünlüyünə qədər vaxt var. Bu prosesin icrası və başa çatması yalnız Fövqəladə Hallar Nazirliyinin sənədləri Dövlət Arxitektura və Şəhərsalma Komitəsinə təqdim etməsindən sonra mümkün olacaq. Çünki yalnız o zaman məlum olacaq ki, Nazirliyə neçə Mənzil Tikinti Kooperativi tərəfindən müraciət olunub, neçəsinə müsbət, neçəsinə mənfi rəy verilib, problemlərin aradan qaldırılması tapşırılıb və s».

Ekspert deyir ki, Dövlət Arxitektura və Şəhərsalma Komitəsi bundan sonra bir həftə müddətində müvafiq sənədləri elektron qaydada Əmlak məsələləri üzrə Dövlət Komitəsinə göndərməlidir:

«Hələ ki, Fövqəladə Hallar Nazirliyində proses davam edir. Bununla bağlı müəyyən məlumatlar var. Nazirlikdə proses tam yekunlaşdıqdan sonra çoxmənzilli binaların böyük əksəriyyətində bu problemin həllini tapıb-tapmayacağı bəlli olacaq».


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR