Gəlişi kimi gedişi də müəmma dolu "qılınc və qələm adamı": Andropovu tanıyırıqmı..?

27-02-2020, 12:53 247 dəfə baxılıb

Gəlişi kimi gedişi də müəmma dolu "qılınc və qələm adamı": Andropovu tanıyırıqmı..?


Yuri Andropov XX əsrdə qurulan və dağılan SSRİ-nin tarixində Brejnev hakimiyyətinin dayağı, sərt mövqeyi ilə seçilən radikal “KQB” rəhbəri kimi yadda qalsa da onu diktator Stalinin mənəvi varisi və davamçısı hesab edirlər. Qəribə olsa da bu qapalı, azdanışan, zarafatları sevməyən, “soyuq müharibə” tərəfdarı, hətta Qərb və Amerika ilə uzun illər davam edən siyasi mübarizəni hərbi fazaya, real savaş meydanına keçirməyə hazır olan lider Brejnevdən sonra zamanında haqqında ən çox lətifələr danışılan baş katib olub. “Dəmir əl” sahibini sözün əsl mənasında qılınc və qələm adamı adlandırmaq da olar. Milli kimliyi hələ də mübahisə doğuran Andropovun yunan, yəhudi, hətta alman əsilli rus olduğu da söylənilir.

Yuri Vladimiroviç Andropov 1914-cü ildə Stavropol vilayətinin Kursavsk rayonunda, Naqutskaya stansiyasında doğulub. Gənclik illərində özünü bir çox peşədə sınayıb, müxtəlif işlərdə çalışıb. Voljsk gəmiçiliyinə məxsus gəmilərdə matros və kapitan köməkçisi kimi uzun müddət xidmət edib. Könüllü gəmi xidmətinə gəlmək üçün isə Yuri Andropov teleqraf işçisi olmaqdan imtina etmişdi, üstəlik, ona hörmət edənlərə sayğısızlıq göstərib işindən ərizə yazmadan, xəbərsiz çıxıb getmişdi.

1936-cı ildə texnikumu bitirən, yaşıdları arasında fəallığı ilə seçilən bu komsomol katibi az ötmədən, 1938-ci ildə Yaroslav partiya komitəsində işə göndərilir və vilayətin komsomol komitəsinin rəhbərliyi gənc Andropova tapşırılır. Tarix-filologiya fakültəsinin məzunu Yuri Andropov az keçmir ki, silahlı əsgərə çevrilir. O, iki savaşın - Karel-Fin-SSRİ və Sovet-Alman müharibəsinin iştirakçısı olur. Müharibə illərində onun bacarığı nəzərə alınaraq məxfi xidmətə cəlb edilir. Bir müddət Andropov hərbi sahədə çalışır. Müharibədən sonra isə müxtəlif vəzifələrdə işləyir. Nəhayət, bu enerjili kadr 1951-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitə aparatına gətirilir. Özünü “idealist” kommunist kimi göstərən Yuri Andropov 1953-cü ildən Xarici İşlər Nazirliyində çalışmağa başlayır. 1954-1957-ci illərdə Sovet İttifaqının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri olur. Gərgin bir dövrə təsadüf edən bu illərdə Andropovun adı qanlı Macarıstan olayının əsas iştirakçılarından biri kimi həmişə hallandırılıb. Onun Macarıstan qırğınının baş müəllifi hesab edənlər isə sonralar anladılar ki, qətiyyən yanılmayıblar. 1962-ci ildə Sov.İKP MK-nın katibi olan Andropov 1967-ci ilədək bu vəzifədə çalışıb. 1967-ci ildən Dövlət Təhlükəsizlik Komitəsinə (KQB) sədrlik edib. Və hakimiyyətin zirvəsi: 1982-ci ildə Sov.İKP MK-nın baş katibi seçilib.

Barəsində çoxlu lətifələr və şayiələr gəzən Andropovun ölümü barədə də şübhəli ehtimallar az deyil. Onun sui-qəsd nəticəsində aradan götürüldüyünə inanan bəzi araşdırmaçılar bunun obyektiv və subyektiv səbəblərini də sadalayırlar. Onun ölkə rəhbərliyinə gələndən sonra hərbi üsul-idarə yaratmaq istəyi, korrupsiyaya bulaşan yüksək ranqlı məmurların Kremldən və Mərkəzi Komitə aparatından təmizlənməsi planına start verməsi, rəhbər vəzifələrdə işləyənlərin yaratdığı “aşağıdan yuxarı rüşvət” sistemini, ittifaq boyunca yayılan nəhəng şəbəkəni dağıdıb birdəfəlik yox etmək cəhdi, ciddi ictimai nəzarət əsasında işsiz vətəndaşların kütləvi şəkildə məcburi əməyə cəlb edilməsi üçün tədbirlərə rəvac verməsi saraydaxili narazılıqlara səbəb olmuşdu. Bəzi ekspertlərin fikrincə, bütün bunlar, eyni zamanda başqa super güclərə meydan oxuyan qırmızı imperatorun “müharibə hər gün başlaya bilər” prinsipi ilə ölkədə savaş təbliğatını gücləndirməsi, SSRİ diplomatiyasına hədə pafosu gətirməklə atom bombasından istifadə edə biləcəyinə dair mesajı, ölkənin hərbi arsenalını, nüvə başlıqlı raketləri müharibə hazırlığı vəziyyətinə gətirməsi general Yuri Andropovun siyasi karyerasının faciəvi sonluqla bitməsinə gətirib çıxarıb.

Hər halda rəsmi sənədlərdə onun öz əcəli ilə vəfat etdiyi (həkimlərdən biri Andropovun ölüm kağızına imza atmaqdan imtina edib) qeyd edilir. Yuri Andropov 1984-cü il fevralın 9-da Moskvada dünyasını dəyişib.

***

Həyatı sirlə dolu, dəmir iradəli, hər zaman qəddar, amansız gedişləri ilə həmkarlarından fərqlənən Yuri Andropovun çarəsiz qalan işçilərə məsləhəti ancaq belə olardı: “Tək qalmaq istəmirsənsə, gülləni başına çax”.
KQB-nin rəhbərlərindən olan Sviqunla Andropov arasındakı hakimiyyət davası da Andropovun Sviqunu intihara məcbur etməsi ilə başa çatmışdı.

Və qəribə bir paradoks: bu adam həm də şairmiş. Öləndən sonra yaxınları onun yazı masasından kağızların arasından bir vərəq tapıblar - üstündə də bu şeir:

Ay işığında görünən biz adamlar
Dünyanın məhsullarına bənzər,
Bəlkə də ucuzuna.
Bir həyat ki, an qədər,
Bir həyat ki, əbədiyyətə
Dəyər-dəyməz.
Yer üzü beləcə fırlana-fırlana,
Adamlar ölür, ömürdən sonra.

Andropov şeirlərini çox az adama oxuyurmuş. Şeirləri barəsində deyilənlər isə onu heç zaman maraqlandırmazmış. Yaradıcılığına ciddi yanaşsa da, publika üçün deyil, sadəcə “sandıq ədəbiyyatı” yaratdığını etiraf edən bu DTK generalı həm də “Lubyankalı romantik” adlı şeirlər toplusunun - “samizdat”ın müəllifidir. Gənclik illərindən yazdığı bu şeirləri Andropov hələ Petrozavodskda yaşayıb işləyərkən toplamışdı və dostları onu həmişə zarafatla “Lubyankalı romantik” çağırdığından toplusuna da həmin adı seçmişdi. Budapeştdə olduğu müddətdə onunla birlikdə işləyən DTK rütbəlisi Vladimir Kryuçkov baş katib haqqında xatirələrində onun şairliyindən belə söz açır: “İnfarktdan sonra yazdığı şeiri mənə oxudu. Şeir belə idi:

İnfarktdan sonra yazılan şeir
Kuntseva xəstəxanasından yazılan məktub

Bu da xəstəxana, məni sıxan yer,
Hər dəqiqəmə burada qiymət verirlər,
“Hə!“ deməliyəm, deyim əladı!
Tikanlı kirpinin tərkinə minim mən,
“Hə!“ - hər şey əladı!
Rahat gəzirəm mən.

Çalışdım onunla yumşaq danışım ki, xətrinə dəyməyim, bir kəlmə söylədim, sadəcə sonuncu misranın dəyişdirilməsini istədim. Sanki kəndli kimi köntöylüyü sevən bu adamı yazdığı kobud misralar da xoşallandırırdı. Cavabı ləngimədi: “Mənim yazdığım qəlbimin harayıdı, şeirlərimi böyük oxucu kütləsi üçün yazmıram, qəlbim necə deyirsə elə də köçürürəm kağıza, söyüş olsa belə... ”

Və onun yazdıqlarına həmkarı Kryuçkovun daha bir izahı. Yerində, səlist, aydın: “Andropovun yazdığı şeirləri dinləyəndə məndə belə təsəvvür yaranırdı ki, o, söhbət edir, söhbətcil mujik isə danışır, gülür, söyür. Onun bir ana obrazı var, bənzərsizdi, amma bu ananı da çoxları tanıya bilməyəcək, çünki Yuri Andropovun şeirləri o qədər ölçüsüzdü ki, onları nə vaxtsa seçib çap etmək lazım gəlsə, əslində bu şeirlər demək olar ki, itəcək. Ərköyün müəllif isə inad edir, o şeirində lazım olduğu yerdə kobud sözü əvəzləmək fikrindən uzaq bir şairdir. Andropovun vətənpərvərlik ruhunda, üstəlik, qəzəblə yazılmış siyasi şeirləri də az deyil. Məgər belə misraları qələmə alan adamın məmur, həm də sovet dövlətinin başçısı olduğuna kimsə inanardımı?”

Hakimiyyəti korlamayın

Burulğan burulur əjdaha kimi,
Burulğan cənginə alır bu xalqı,
Xalq qalxır üstünə hakimiyyətin,
Gəlin bu hakimiyyəti korlamayın.
Hər an devirməyə gücü də yetər,
Hər an cummağa haqqı var xalqın.
Yaman təhlükədi hücum dalğası,
Gəlin bu hakimiyyəti korlamayın.

Oraq və çəkic
(şeirdən parça)

Əcəl gələnədək diz çökməyək biz,
Gəlin arxalanaq bir-birimizə.
Dünyaya boylanıb fəxrlə baxaq,
Dumanlı Vislanın sahilindən.

Bizik səma savaşçıları, biz müqəddəsik,
Dünyanın içinə boylanan bizik,
Vətənin əlində sınmaz qalxanıq,
Ağların, qırmızıların tarixi də bizik.

Biz ayaq üstəyik, biz çökmərik,
Rus imperiyasının adı var orda.
Dünyada böyük bir tarix qurmuşuq,
Əcəl gələnədək biz gələcəyik.


moderator.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR