Hakim partiya funksionerlərinin və qohumlarının həbsi - YAP-çı deputat danışdı

13-03-2020, 12:45 229 dəfə baxılıb

Hakim partiya funksionerlərinin və qohumlarının həbsi - YAP-çı deputat danışdı


Fevral ayından bu günə qədər hakim Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının sədrləri və ya sədrlərinin yaxın qohumlarının həbs edilməsi barədə xəbərlər yayılıb.

Belə ki, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı və digər vəzifəli şəxslərlə yanaşı hakim partiyanın Neftçala rayon təşkilatının sədri, icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cəfərov Anar Cəfər oğlu da saxlanılıb.

Bundan başqa, YAP-ın Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğlu Fariz Ağayev narkotik vasitə ittihamı ilə həbs edilib. Sabirabad Rayon Polis Şöbəsində F.Ağayevin barəsində Cinayət Məcəlləsinin (CM) 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə cinayət işi başlanılıb.

Məlumata görə, F.Ağayevlə birgə Ramil Talıblı adlı şəxs də həbs edilib və onun barəsində CM-in 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham irəli sürülüb.

Artıq hər iki şəxsin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib. Qeyd edək ki, F.Ağayev ötən il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində Sabirabad rayonun Qaratəpə kəndi üzrə bələdiyyə sədrliyinə namizəd olub.

Martın 11-də isə Şimal Ərazi Baş Gömrük İdarəsinin qaçaqmalçılığa qarşı mübarizə idarəsinin rəis müavini Emil Hüseynov və daha iki vəzifəli şəxsin saxlanıldığı barədə məlumat yayılıb. Saxlanılan E.Hüseynovun Xaçmaz rayonunun sabiq icra başçısı, YAP-ın Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayevin kürəkəni olduğu bildirilir.

Həbs olunan şəxslərin hakim Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri və rayon təşkilatları sədrlərinin ailə üzvü olmaları cəmiyyətdə diqqətlə izlənilir. Eyni zamanda bu həbs dalğasının önünə məhz hakim partiyanın rayon təşkilatlarının sədrləri və sədrlərinin ən yaxın adamlarının atılması suallar yaradır.

YAP-çı deputatı Elman Nəsirov mövzu ilə bağlı “Yeni Müsavat”a şərhində bildirdi ki, bu həbslər ölkədə qanunun aliliyinin, hər kəsin qanun qarşısında məsuliyyət daşıdığının, heç kimin qanunlardan üstün olmadığının daha bir təsdiqi sayılmalıdır: “Prezident İlham Əliyev son çıxışlarında dəfələrlə qeyd edib ki, keçmiş xidmətlərinə görə, hansısa vəzifəli şəxslə qohumluğuna görə bu gün heç kimin xüsusi imtiyazı yoxdur. Keçmiş xidmətləri olanlar zamanında mükafatlandırılıblar. Bu gün heç kimin xüsusi imtiyazı yoxdur, hər kəs qanun qarşısında bərabərdir. Ona görə də Yeni Azərbaycan Partiyasının üzvü olan müəyyən şəxslərin də konkret cinayət əməlinə görə həbs edilməsi dediklərimizi bir daha təsdiqləyir. Hakim partiyaya məxsusluq, yaxud müxalifət partiyasının üzvü olmaq o demək deyil ki, qanundan kənar fəaliyyətlə məşğul olmaq hüququn var. Partiya mənsubiyyəti heç nəyi dəyişmir, qanunu pozmusansa, cinayətə yol vermisənsə məsuliyyət daşımalısan. Hamı qanun qarşısında bərabərdir. Bunu heç kim unutmamalıdır. Cinayət əməlinə yol verən şəxs YAP-ın da üzvü ola bilər, müxalifət təmsilçisi də, bitərəf də ola bilər. Cinayət cinayətdir, onu kimin törətməsindən asılı olmayaraq. Təəssüflə qeyd edim ki, bir çox hallarda müxalifət partiyalarından olan şəxslər hansısa cinayət törətdiyi üçün həbs ediləndə həmin adama siyasi məhbus deyirlər. Bu cür süni siyasi məhbus məsələsini həmişə ortaya atan şəxslər indi görsünlər ki, hakim Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının sədrləri, bəzi rayon təşkilatlarının sədrlərinin yaxın qohumları cinayət əməlinə görə həbs ediliblər, ancaq hakim partiyadan heç kim o adamları siyasi məhbus adlandırmır. Hakim partiya bu mövqedədir ki, qanun qarşısında hər kəs bərabərdir, cinayətə yol verən şəxs cəzalandırılmalıdır. Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir. Belə dövlətdə qanunun aliliyi əsas prinsipdir”.

E.Nəsirov onu da dedi ki, son həbslər hələ də bəzi məmurların, hakim partiya üzvlüyü daşıyan şəxslərin və ya onların yaxınlarının xəbərdarlıqlardan, cəzalardan nəticə çıxarmadığını göstərir: “Belə görünür ki, hələ də bəzilərində arxayınçılıq var. Lakin onlar arxayın olmağa başladığı andan özlərinin faciəsi başlayır. Arxayınçılıq çox pis xüsusiyyətdir. Heç kim arxayın olmamalıdır. Heç kim arxayın olmamalıdır ki, qanunları tapdalayacaq və nələrəsə görə onun bu əməlinə göz yumulacaq. Hər kəs Prezidentin xəbərdarlıqlarını hər gün işə başlayanda xatırlasın. O həbs edilən insanların heç ağıllarına da gəlmirdi ki, həbs olunarlar. Deməli, cənab Prezident əvvəl xəbərdarlıq edir, hamını qanunlara əməl etməyə, insanlara xidmət göstərməyə çağırır, kimlər bu xəbərdarlıqdan nəticə çıxarmırsa, onlara qarşı qanunla nəzərdə tutulan cəza mexanizmi işə salınır. Heç kim düşünməməlidir ki, hakim partiyanın üzvüyəmsə, qohumum hakim partiyanın üzvüdürsə, nə istəsəm edə bilərəm. Qanunu pozan heç kim cəzasız qalmayacaq”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR