Adı hərbi məktəbə verilsin, “Polad Həşimov” təqaüdü olsun - TƏKLİF

20-07-2020, 20:59 470 dəfə baxılıb

Ermənilərin Tovuz təxribatı zamanı düşmənə qəhrəmancasına müqavimət göstərərək şəhidlik zirvəsinə ucalanlardan biri də general-mayor Polad Həşimovdur. Bu gün xalq Milli Qəhrəman adı verilməsini arzuladığımız şəhid general Polad Həşimova möhtəşəm sevgisini simvollaşdırmaq istəyir.

Son günlər sosial şəbəkələrdə önəmli təklif irəli sürülüb. Bakıda yeni açılacaq metrostansiyaya “General Həşimov” adının verilməsi təklif olunur.

Milli Məclisin deputatı Aqil Abbas Publika.az-a açıqlamasında şəhid generalın adının əbədiləşdirilməsi istəyini yüksək qiymətləndirdiyini bildirib: “Türkiyədə keçidlər, körpülər şəhidlərin adını daşıyır. Mədəniyyət mərkəzləri də ya görkəmli yazıçı, şairin adını daşıyır, ya da şəhidin. Hesab edirəm ki, şəhid generalımızın adını metrostansiyaya qoymaq düzgün deyil. Yerin altında olan məkana bu adı qoymaq mənə görə yaxşı deyil. Mədəniyyət mərkəzi kimi yerlər onun adını daşıya bilər.

Hər bir general şəhiddir. Biz digər şəhidlərimizin də adını əbədiləşdirməliyik. Şəhidlər adlarını əsas iki yerdə əbədiləşdirir: Allahın yanında, bir də ürəyimizdə. Qəlbimizdə və Allah yanında onların hər birinin xatirəsi əbədidir”.

Deputat Fazil Mustafanın sözlərinə görə, general-mayor Polad Həşimovun adını təkcə metrostansiyaya yox, həm də hərbi məktəblərə vermək olar:

“Düşünürəm ki, bunlarla yanaşı, şəhid generalın adına təqaüd də verilə bilər. O, Azərbaycanın qəhrəmanıdır və ona layiqli bütün qiyməti vermək lazımdır. Bununla bağlı olan bütün təşəbbüslər dəstəklənməlidir. Müharibədə şəhid olan hər bir kəsin adına imkan daxilində nələrsə olmalıdır. Hamının da adını metrostansiyalara vermək olmaz. Ən azından müəyyən yerlər var ki, orada onların adlarını əbədiləşdirmək olar. Məsələn, doğulduğu kənddə olan məktəbə, rayonunda yaşadığı küçəyə şəhidlərin adlarını vermək mümkündür. Beləliklə, onların xatirəsi də əbədiləşmiş olar”.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, metrostansiyalara ad verilməsi və ya adlarının dəyişdirilməsi Nazirlər Kabinetinin səlahiyyətindədir: “Bununla bağlı “Bakı Metropoliteni” QSC hansısa təklif verə bilməz. Çünki bu məsələ Nazirlər Kabinetinin səlahiyyətindədir. Ona görə də stansiyaya adların verilməsini yalnız Nazirlər Kabineti özü həll edir. Yeni istismara veriləcək stansiyaya hər hansı adın verilməsi əvvəldən də gündəlikdə yox idi. İstismara veriləndə onun adını Nazirlər Kabineti özü elan edir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR