Karate Cahid, Seyid İlqarın dəstəsi – Moskvanı qorxuya salan azərbaycanlılar

9-03-2020, 23:55 957 dəfə baxılıb

Karate Cahid, Seyid İlqarın dəstəsi – Moskvanı qorxuya salan azərbaycanlılar


Çeçen qanqsterin etirafı


90-cı illərin ortalarında Moskva indikindən xeyli fərqlənirdi. Şəhərin hər tərəfində topa-topa gəzişən azərbaycanlıları görmək olurdu. Sanki bütün respublika Rusiya paytaxtına köçmüşdü. Ermənistanla atəşkəs əldə olunandan sonra kimin imkanı vardısa, Moskvaya gəlmişdi. Azərbaycan dilində danışığı eşitmək adi iş idi. Hətta Moskva milisi də dilimizi öyrənirdi. Səhər tezdən harada azərbaycanlı görürdülərsə, doğma dilimizdə “siftə ver” deyirdilər. 5-10 manat alıb heç pasportu da yoxlamırdılar.


Həmin vaxt Moskva Dövlət Universitetinin “Akademiçeski” metrosu yaxınlığında yerləşən yataqxanasında qalırdım. Adi yataqxana deyildi. Təsəvvür edin, 18 mərtəbəli nəhəng bina, içində idman zalı, kinoteatr, yeməkxanalar, bar, diskoteka və sair. Tələbələrin də çoxu əcnəbi idi. Həmin əraziyə çeçen Sultanın adamları nəzarət edirdi. Sultan “vor zakon” titulunu almış tək-tük çeçenlərdən idi. Adətən, onlar oğru qanunlarını saymırlar. Sultan öz adamları ilə arabir yataqxanaya gəlirdi. Yataqxanada dəbdəbəli otaqlarda yaşayan varlı ərəb tələbələrdən aylıq pul alırdılar. Sultan özünü amerikalı qansterlərə bənzədirdi- ağ “Mercedes” də, ağ kostyum və şlyapada. Həmin vaxt onun dəstəsi Rusiyanın ən güclü mafiyası olan “Solnstsevo” ilə başabaş rəqabət aparırdı.


Sultanın yaxın adamlarında biri yataqxanada qonşu otaqlardan birində qalırdı. Adı Leça idi. Arada oturub kofe yaxud çay içirdik. O da hüquq fakültəsinin tələbəsi idi. Ancaq Sultanın qruplaşmasında da görünürdü. Bir dəfə ondan çeçenlərin daha çox hansı qruplaşmadan ehtiyat etdiklərini soruşdum. Cavabı heyrətləndirdi. Dedi ki, ruslar bizə “bezpredelşik” kimi baxır, çəkinir. Amma biz həmişə sizinkilərdən ehtiyat edirik. Ruslar bizi qorxutmur. Təəccübümü görüb davam etdi:


“Bilirsən, imkanlarımız, gücümüz çoxdu. Ancaq nadir hallarda “mokruxa”ya ( adam öldürmək) gedirik. Yəni ortada böyük pul borcu olarsa, yaxud kimisə cəzalandırmaq lazımdırsa, yalnız o zaman. Sizinkilər elə deyil. O gün ruslardan kimsə gəncəlilərin dükanlarından mal alıb pulun verməyib. Kimsə yerli banditlərdən imiş. Dükan yiyəsi gedib gəncəli Alikə deyib. O da öz dəstəsi ilə həmin rusun axtarışına çıxıb. Onu kafelərin birində yeyib-içən görüblər. Məsələn biz. Yəni çeçenlər gözləyərdik, o rus kafedən çıxanda maşına basıb aparıb cəzasını verərdik. Amma sizinkilərdə səbir yoxdu. Avtomatları çıxarıb kafeni gülləbaran ediblər. Həmin rus da ölüb, hələ ətrafında olanlar da, təsadüfi adamlar da. Təsəvvür edirsən, hansısa rus dükana gəlib, iki butulka pivə götürüb pulunu verməyib deyə bu boyda həngamə qopdu. Ona görə azərbaycanlıdan ehtiyat edirik. İki butulka pivədən ötrü kafeni dağıdan, adamları biçənlərlə həmişə məsafə saxlamalısan”.


Ağcabədililər


Həmin vaxtlarda Moskva ağcabədililərin ən azı 6-7 qruplaşması vardı. Onlar qəddarlıqda ad çıxarmış Yevlax qruplaşmasından da amansız idilər. “Karate Cahid, “Avşarlar”, “Seyid İlqarın dəstəsi” qanuni oğruları belə saymırdılar.


Ən çox basqın etdikləri yer də “Çerkizov” və “Tulski” bazarı idi. Həmin zaman çinlilər bu bazarlara toplaşmışdılar. Malları ucuz olduğundan şıdırğı alverləri gedirdi. Elə ağcabədililər də ən çox gündüz vaxtlarında bazarlara basqın edirdilər. Əvvəlcədən bazarları qoruyan “OMON”larla dil tapırdılar. Nədənsə həmişə basqın olanda milis möcüzəli şəkildə yoxa çıxırdı. Haradasa yarım saatlığa. Bazarın gur yerinə yük və minik avtomobili ilə banditlər avtomatdan göyə atəş açırdılar. Çinlilər qorxuya düşüb qaçır, azərbaycanlılar isə sakitcə mal dolu kisələri maşınlara yükləyirdilər. Müqavimət göstərənlər dərhal gülllələnirdi. Rus satıcılara, adətən, dəymirdilər. Ölmüş çinlinin həyatı isə bir quruşa dəymirdi. Milis axtarmırdı.


“Kukuşka”


Bakılıların qruplaşması daha orijinal idi. Adətən, bazarlarda üskük oynadanlar, kart oyunları ilə adamları soyanlar bu qruplaşmaya daxil idi. Başqa biznesləri də vardı. Buna rusca “laxatron” deyilir. Yəni sadəlövh adamı (loxu) aldatmaq. Qruplaşma bunun üçün gözəl rus qızlarından istifadə edirdi. Qızlar metrostansiyaların, yaxud bazarların qarşısında dururdular. Əyinlərində bahalı kürk olurdu. Əgər yoldankeçən hansısa kişini cəlb edirdilərsə, onunla ünsiyyətə girib qıraq yerə çəkirdilər. Kişidən soruşurdular ki, “kukuşka” görmək istəyirsənmi? Təbii ki, “kukuşka”nın nə olduğu maraq doğurduğundan çoxu “hə” cavabı verirdi. Bu zaman qız kürkünün düymələrini açırdı. Kürkün açılanda kişinin ağzı açıq qalırdı. Çünki qızlar çılpaq olurdu. Yəni kürkün altından heç nə geyinmirdilər. “Kukuşka”nı nümayiş etdirən kimi qız uzaqlaşırdı. Kişi çaşqın halda uzaqlaşmaq istəyəndə bakılılar qarşısını kəsirdi:


“Brat, “kukuşka”ya baxdın? Bu tamaşa havayı deyil, pulunu ödə”. Bu “tamaşa” adama ən azı 50, 100 dollara başa gəlirdi.


Ardı var


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR