ASAN-da nələr dəyişir?

25-01-2019, 19:03 400 dəfə baxılıb

ASAN-da nələr dəyişir?


Prezident İlham Əliyevin 17 yanvar 2019-cu il tarixli fərmanına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində işçi qrupu formalaşdırılıb. Qısa müddətdə fərman icra olunacaq.

Bu sözləri açıqlamasında ASAN Xidmətin mətbuat katibi Elnur Niftəliyev deyib. O bildirib ki, yaradılan işçi qrupu prosesin daha səmərəli formada həyata keçirilməsi üçün işlər və təhlillər aparır:


“Eyni zamanda aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq davam etdirilir. Çox qısa müddətdə bu fərmanın icrası həyata keçiriləcək. Artıq ASAN Xidmət mərkəzləri dövlət xidmətlərinin göstərilməsi ilə bağlı vahid məkana çevriləcək. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri artıq alternativsiz əhaliyə təqdim olunacaq. Bu isə o deməkdir ki, əvvəllər vətəndaşlarımıza bu xidmətləri paralel olaraq təqdim edən qurumların əməkdaşları həmin xidmətləri vətəndaşlara yalnız ASAN Xidmət mərkəzlərində təqdim edəcək”.

E.Niftəliyev bu fərmanının icrasının ASAN Xidmətin işində çətinlik törədib-törətməyəcəyinə də münasibət bildirib:

“ASAN Xidmət bu fərmana əsasən ona həvalə edilən xidmətlərin yerinə yetirilməsi üçün qısa müddətdə təhllillər və araşdırmalar aparır. Məsələn, elə xidmətlər var ki, ora daha çox müraciətlər daxil olur. Buna görə də elə ASAN Xidmət mərkəzləri olacaq ki, orada pəncərələrin sayı, bəzi mərkəzlərdə isə əməkdaşların sayı artırılacaq. Amma yenə də əhaliyə təklif olunacaq dövlət xidmətlərini həmin dövlət orqanlarının əməkdaşları əhaliyə göstərəcək. Şəxsiyyət vəsiqəsini Daxili İşlər Nazirliyinin əməkdaşları, yaxud doğum haqqında şəhadətnaməni Ədliyyə Nazirliyinin əməkdaşları verir. Sadəcə məkan olaraq artıq ASAN Xidmət alternativsiz fəaliyyət göstərəcək”.

E.Niftəliyev vurğulayıb ki, bəzi vətəndaşlar bu fərmanı səhv başa düşür:

“Yəni qeyd edilən sənədləri məhz fərmanda qeyd edilən 11 qurumun ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən əməkdaşları hazırlayıb vətəndaşlara təqdim edəcək və bu vəzifələrin icrası gələcəkdə də davam edəcək. Sadəcə, bu sənədlər yalnız ASAN Xidmətdə veriləcək”.

E.Niftəliyev qeyd edib ki, 2019-cu il ərzində 5 bölgəmizdə ASAN Xidmət mərkəzlərinin açılması gözlənilir:

“Tovuzda, Balakəndə, Ağcabədidə, Kürdəmirdə, Şamaxıda 2019-cu il ərzində ASAN Xidmət mərkəzləri fəaliyyətə başlayacaq. Bununla da xidmət mərkəzlərinin sayı 20-yə çatacaq. Ölkəni artıq tam əhatə etmiş olacağıq. Hansı yerdə ki ASAN Xidmət mərkəzləri yoxdur, orada da səyyar ASAN Xidmət mərkəzləri fəaliyyət göstərəcək. Bu, xidmətlərin vətəndaşlarımıza daha əlçatan və innovativ üsullarla çatdırılması üçün edilir. Hazırda ölkənin 75%-ni əhatə edirik. Bu 5 mərkəz açıldıqdan sonra bütövlükdə ölkə ərazisini əhatə etmiş olacağıq”.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, ASAN Xidmətin icra etdiyi funksiyaların digər nazirlik və komitələrdə də paralel şəkildə aparılması ləğv edilib. Belə ki, indiyə qədər ASAN Xidmətlə bərabər, digər rəsmi qurumlarda da paralel xidmətlər göstərilirdi. Bu fərmanla bütün səlahiyyətlər ASAN Xidmətə verilib.(axar.az)


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR