“Beşinci kolon” kimin “əlinə oynayır”? - TƏHLİL

13-03-2020, 09:07 281 dəfə baxılıb

“Beşinci kolon” kimin “əlinə oynayır”? - TƏHLİL


VI çağırış Milli Məclisin ilk iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bir sıra ciddi siyasi mesajlar verib.

Bu baxımdan, dövlət başçısının ölkədə “beşinci kolon”un olması barədə fikirlər diqqəti cəlb edib. Prezident İlham Əliyev həm hakimiyyətə münasibətdə “beşinci kolon” rolunu oynayan qüvvələrə, həm də onların arxasında dayanan siyasi dairələrə xəbərdarlığını çatdırıb. Azərbaycan rəhbərinin sözlərindən məlum olur ki, dövlətə qarşı alternativ mövqedən çıxış edən bu siyasi qrupun Azərbaycanın daxilində və xaricində havadarları var. Lakin cənab İlham Əliyev “beşinci kolon”un öz planını həyata keçirməsinə imkan verilməyəcəyini bəyan edib.

“Azərbaycanda hazırda ictimai-siyasi vəziyyət çox sabitdir. Ölkəmizdə ictimai-siyasi sabitliyə təhlükə törədə biləcək heç bir amil mövcud deyil. Ona görə bu amilləri anti-Azərbaycan qüvvələr ölkəmizin xaricində yaratmaq istəyirlər. Burada özünü müxalifət adlandıran və tamamilə rüsvayçı halda guya fəaliyyətini davam etdirən qruplaşmadan artıq onların əli üzülüb, onlara heç inam da qalmayıb. Ona görə yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Çünki indiki “beşinci kolon” öz sahiblərinin etimadını doğrultmur. Azərbaycanda çevriliş edə bilməyib, “inqilab” edə bilməyib, xalqın dəstəyini qazana bilməyib, sadəcə, onlara müntəzəm olaraq verilən pulları mənimsəyib və beləliklə, öz havadarlarını pis günə qoyubdur. Odur ki, yeni “beşinci kolon” axtarışı gedir. Mən bütün siyasi qüvvələri bu məsələ ilə bağlı çox ciddi xəbərdar etmək istəyirəm ki, bu yol xəyanət yoludur, bu yola gedən xalq, dövlət qarşısında xəyanət edəcək. Ona görə bizim bütün daxili problemlərimiz Azərbaycanın daxilində həll olunmalıdır. Biz, öz daxili problemlərimizi, siyasi çəkişmələri xaricə ixrac etməməliyik. Birincisi, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki bu gün dünyada elə bir qüvvə yoxdur ki, hansısa qərarı bizə aşılasın, yaxud da bizə nəyisə diktə edə bilsin. Belə qüvvə yoxdur və nə qədər ki, mən Prezidentəm, belə qüvvə olmayacaqdır. Ona görə bu, tamamilə mənasızdır. Azərbaycanı hansısa təzyiq altına salmaq cəhdləri, yaxud da ki, sanksiyalarla hədələmək - bütün bunların heç bir əhəmiyyəti yoxdur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir və bunu heç kim unutmasın.

Son illər ərzində biz müxtəlif təzyiqlərlə, müxtəlif kampaniyalarla üzləşmişik, ancaq öz yolumuzdan dönməmişik. Ölkəmizin, xalqımızın əmin-amanlığı, təhlükəsizlik, sabitlik, xalqımızın rifahı, müstəqil siyasətimiz bizim üçün hər şeydən üstündür. Biz beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik, bəzi təşkilatların üzvüyük, o təşkilatlara könüllü şəkildə daxil olmuşuq, könüllü şəkildə də çıxa bilərik - əgər nə vaxtsa bu təşkilatlarda bizi nəsə qane etməsə, yaxud da bizə qarşı olan qərəzli münasibət o həddə çatsın ki, artıq bizim hövsələmiz tükənsin. Ona görə hesab edirəm ki, bütün siyasi qurumların nümayəndələri bu sahədə də çox diqqətli olmalıdırlar”-dövlət başçısı belə deyib.

Millət vəkili, politoloq Elman Nəsirov hesab edir ki, Prezident İlham Əliyevin nitqində Azərbaycanda həyata keçirilən islahatlarla bağlı önəmli ismarıclar yer alıb. Bunlardan biri də beynəlxalq anti-Azərbaycan dairələrin yaratdığı “beşinci kolon”un imkanlarından istifadə etmək cəhdidir:

“Prezident İlham Əliyev eyni zamanda, vurğuladı ki, “beşinci kolon” onlara havadarlıq edən dairələrin etimadını doğrulda bilməyib. Söhbət ilk növbədə, erməni diasporası, erməni lobbisi və anti-Azərbaycan qüvvələrdən gedir. Onlar “beşinci kolon”un qarşısında konkret məqsədlər qoyublar. Bu, ilk növbədə, Azərbaycanda xaos yaratmaq, vətəndaş həmrəyliyini pozmaq, səfərbər olunmuş cəmiyyəti dağıtmaq, Azərbaycanda vətəndaş itaətsizliyi yaratmaq, ölkəni inqilaba, vətəndaş müharibəsinə sürükləmək kimi hədəflər müəyyən etmişdilər. Lakin Azərbaycanda xalq-hakimiyyət birliyi qarşısında onların bu birliyi baş tutmayıb. Ona görə də hazırda anti-Azərbaycan dairələr “beşinci kolon”un fəaliyyətindən narazıdır. Həmin dairələr yeni “beşinci kolon” yaratmaq qərarına gəliblər. Yəni “sapı özümüzdən olan baltalar” yetişdirir və Azərbaycanın daxilində xaos yaratmaq yolunu seçirlər. Onların bu niyyəti heç bir halda reallaşa bilməz. Cənab Prezident bir daha vurğuladı ki, ölkəmizdə möhkım sabitlik var, təhlükəsilzik mühiti formalaşıb və onun kökündə də xalq-hakimiyyət birliyi dayanır. Xalq bu gün Prezidentin istənilən təşəbbüsünü dəstəkləyir. Çünki dövlət başçısı müstəqil, milli maraqlara söykənən bir siyasət həyata keçirir. Bu kontekstdə cənab Prezident bir daha vurğuladı ki, Azərbaycan parlamenti qeyd edilən çağırışlarla bağlı prinsipial və qətiyyətli mövqeyə malik olmalıdır. Heç bir sövdələşməyə getmək olmaz. Azərbaycanda təhlükəsizlik mühitini və sabitliyi möhkəmləndirəcək addımlar atılmalıdır. Hesab edirəm ki, Prezident İlham Əliyevin qaldırdığı məsələlər olduqca mühüm əhəmiyyət kəsb edir və bir daha sübut edir ki, “beşinci kolon” vasitəsilə ölkəmizdə sabitliyi pozmaq əmsalı sıfıra bərabərdir. Təhlükələr bizim sərhədlərimizdən kənardadır. Amma Azərbaycan dövləti də bu təzyiqlərin qarşısında güclü və qüdrətlidir”.

Elman Nəsirov bildirdi ki, “beşinci kolon” ənənəvi radikal müxalifətdən Azərbaycan dövlətinə qarşı istifadə etməyə çalışıb. Xüsusilə də beynəlxalq tədbirlər keçirilən zaman bu qüvvələr fəallaşıb. Məqsəd Azərbaycanı və hakimiyyəti gözdən salmaqdan ibarət olub:

“Artıq hadisələrin gedişatı göstərir ki, 1993-cü ildən bəri Azərbaycanda özlərinin diqtəsi ilə hərəkət edən bir hakimiyyət formalaşdırmağa çalışıblar. Bu alınmayanda “beşinci kolon”a üzərinə qoyulan missiyanı yerinə yetirə bilmədi anlamı ortaya çıxır. Ona görə də indi yeni “beşinci kolon” yaratmaq iddiasına düşüblər. Bu məqsədlə gənclərdən istifadə etməyə çalışırlar. Bir çox hallarda gəncləri aldadıb yalanlar, iftiralar yaymaqla Azərbaycandakı müsbət proseslərə kölgə salmaq istəyirlər. Amma Azərbaycan gəncləri ağıllı və yüksək potensiala sahibdir. Onlar anti-Azərbaycan beynəlxalq dairələrin, ermənipərəst qüvvələrin əsl niyyətini yaxşı dərk edirlər. Həmin qüvvələrin məqsədi Azərbaycanın daxilində iğtişaşlar təşkil etməkdir. Eyni zamanda, bu qüvvələr özünü xaricdə mühacir kimi azərbaycanlılardan istifadə etmək, onları söyüş kampaniyasına cəlb etmək, sabitliyi pozmaq onların hədəfidir. Amma cənab Prezident də bəyan etdi ki, bu mümkün deyil. Azərbaycan heç kimin daxili işlərinə qarışmır. Heç kimin də “beşinci kolon” vasitəsilə Azərbaycanın daxili işlərinə qarışmasına imkan verilməyəcək”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR