“Belə həbslərin önəmi çox böyükdür”

17-05-2020, 12:14 176 dəfə baxılıb

Emin Həsənli: “Dövlətinə, xalqına xəyanət edən adamlar ən yüksək cəzaları almalıdırlar”
Azərbaycanda rüşvətxorluq və korrupsiya ilə məşğul olan dövlət məmurlarının həbsi gündəmin əsas mövzularından biridir. Ən müxtəlif sahələrin təmsilçiləri bu proseslərə öz mövqelərini sərgiləyir, dəstəklərini ifadə edirlər.

Bununla bağlı “Yeni Müsavat”a danışan Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli son vaxtlar aparılan həbslərdən danışıb: “Ölkə başçısı çıxışlarında dəfələrlə məmurlara xəbərdarlıq edib. Çox təəssüflər olsun ki, virusun tüğyan etdiyi vaxtlarda bəzi məmurlar dəyərlərimizə sığmayan, əxlaqa və insanlığa yaraşmayan hərəkətlərə yol verdilər. Ehtiyacı olan insanlara göndərilən yardımların mənimsənilməsi, aztəminatlı ailələrə verilən vəsaitlərə göz dikilməsi biabırçılığın son həddi idi. Bu bütün vətəndaşlarımızda təəssüf hissi doğurdu. Pandemiya dövründə hökumətdən edilən yardımlara göz dikməkdənsə, özləri bu yardımları etməli idilər. Bunun üçün həbs olunan icra başçılarının kifayət qədər vəsaitləri var idi. Amma onlar tamam fərqli hərəkətlərə yol verdilər. Bu, dövlətə, dövlətçiliyə vətəndaşlarımıza xəyanət idi. Vətənpərvərlik hissindən xəbərsiz olanlar yalnız belə edə bilərdilər. Ona görə də, belə həbslərin önəmi çox böyükdür. Digər məmurlar, vəzifəyə yeni təyin olunanlar bunlardan ibrət dərsi götürməlidirlər”.

Dövlət Təhlükəsizlik Xidmətinin bu proseslərdəki fəaliyyətini yüksək qiymətləndirən Emin Həsənli deyir ki, çox uğurlu əməliyyatlar keçirildi: “Bu cür əməliyyatlar dövlətçiliyimiz üçün çox mühüm əhəmiyyətə malikdir. Milli maraqlarımız və təhlükəsizliyimiz baxımdan bu, vacibdir. Aparılan çəkilişlər cinayət əməlinə yol verənlərin iç üzünü bütün xalqımıza göstərdi. Həbs olunanların hamısı öz cinayətlərini etiraf edirlər. Belə əməllərə yol verənlərə qarşı bundan sonra da mübarizə aparılacaqdır. Buna tam əminəm. Məsuliyyətə cəlb olunanlar öz layiqli cəzalarını alacaqlar. Hansı vəzifədə olmasından, kimliyindən asılı olmayaraq, rüşvətxorluğa, korrupsiya hallarına yol verənlər məsuliyyətə cəlb olunmaqdan yayına bilməyəcəklər. Bu proseslərdən zərər çəkən fermerlərin və sahibkarların bütün haqları bərpa olunacaq. Bütün bunlar Azərbaycan vətəndaşlarının haqlarının, mülkiyyət hüquqlarının qorunması baxımdan mühüm hadisədir. Cinayətkar məmurlar dövlətçiliyə böyük təhlükədirlər. Ölkə vətəndaşları bu həbsləri, pandemiya dövründə dövlətin atdığı addımları yüksək qiymətləndirirlər. Bu əməliyyatlar davam edəcək”.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətindəki (DSK) son həbslərlə bağlı bir kampaniya başladılıb.

Hərbi ekspert bu məsələyə də toxundu: “Düşmənlə üz-üzə səngərdə duran hərbi qulluqçuların fəaliyyətini hər zaman diqqətdə saxlamalıyıq. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Qazax istiqamətində düşmənə qarşı şərəfli xidmət aparırlar. Ona görə də, bu qurumda olan həbsləri bütövlükdə qurumun fəaliyyətinə aid etmək, fikrimcə, doğru yanaşma deyil. İstintaqda bir çox məsələlər üzə çıxacaq, bütün cinayətkarlar cəzasını alacaqdır. Ömrünü Vətənə xidmətə həsr etmiş zabitlərimizə hörmət və ehtiram göstərməliyik. Cinayət törətmiş 5-10 nəfər cinayətkara görə Silahlı Qüvvələrimizi və onun tərkib hissəsi olan DSX-nı nüfuzdan salmaq cəhdi yolverilməzdir. Vətəni, dövləti qoruyan, əllərində silah gecə-gündüz keşik çəkən insanları gözdən salmaq olmaz. Onların xidmətləri misilsizdir. Hərbi qurumlarımızın nüfuzunu qorumalıyıq. Çünki onlar dövlət və dövlətçiliyin keşiyindədirlər. Azərbaycandakı QHT-lər, KİV-lər, hərbi yönümlü təşkilatlar son həbsləri yüksək dəyərləndirir, dövlətçiliyin yanında olduqlarını bəyan edirlər. Cənab prezident qarşıya qoyduğu bütün məqsədləri həyata keçirir. Dəfələrlə bunun şahidi olmuşuq. Milli, dövlət maraqlarından heç nə yüksəkdə ola bilməz. Azərbaycan dövlətinə, xalqına xəyanət edən adamlar ən yüksək cəzaları almalıdırlar”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR