ÜAK-ın boş qalan yeri: Rusiyadakı diasporumuz niyə təşkilatlana bilmir?

14-12-2018, 07:59 442 dəfə baxılıb

ÜAK-ın boş qalan yeri: Rusiyadakı diasporumuz niyə təşkilatlana bilmir?


Fəzail Ağamalı: “Bu adamları axtarıb prosesə cəlb etmək lazımdır...”
Milli Məclisin dekabrın 7-də keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Rusiyadakı azərbaycanlı iş adamlarını sərt tənqid edib və sensasion ittiham irəli sürüb. Deputat onları fəaliyyətsizlikdə ittiham edib bildirib ki, Rusiya ilə Azərbaycan arasında yüksək səviyyəli münasibətlərdən ən çox bəhrələnənlər bu ölkədə bizneslə, sahibkarlıqla məşğul olan azərbaycanlılardır.

“Zatulin haqqında danışılır. Onun keçirdiyi toplantıda erməni diasporu iştirak edir və onların cəlb etdiyi insanlar var. Azərbaycanın Rusiyadakı səfirliyi, Heydər Əliyev Fondu və gənclər təşkilatlarından başqa hansı təşkilat orada tədbir keçirib? Hansı tədbir keçirərək Rusiya ictimaiyyətini oraya toplayır? Axı oradakı imkanlı şəxslər ölkələrarası imkanlardan istifadə edirlər, bəhrələnirlər”.

Azərbaycanlıların Rusiyada böyük diaspor təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ötən ilin may ayından etibarən fəaliyyətini dayandırıb. Bu təşkilat ölkənin ən böyük diaspor təşkilatlarından hesab edilirdi və fəaliyyətini ekspertlər yüksək qiymətləndirirdilər. O vaxt Rusiya Federasiyası Ali Məhkəməsində ÜAK-ın qeydiyyatının ləğvi barədə Rusiya Ədliyyə Nazirliyinin iddiası üzrə proses keçirildi. Ali Məhkəmə Ədliyyə Nazirliyinin iddiasını təmin edərək, ÜAK-ın qeydiyyatının ləğv olunması barədə qərar verdi. O zamandan etibarən hələ də ÜAK-ın fəaliyyəti bərpa olunmayıb. Ötən aylardan ÜAK-ın yerinə yeni təşkilatın yaradılacağı söylənilsə də, hələ ki, bu ideya da gerçəkləşməyib.



“Yeni Müsavat”a danışan deputat Fəzail Ağamalı, həmkarının söylədiklərini dəstəkləyib. O bildirib ki, Siyavuş Novruzovun fikirləri tamamilə həqiqəti əks etdirir: “Azərbaycan diasporu Rusiyada böyük çəkiyə malikdir, lakin təəssüf ki, onlar təşkilatlanmış səviyyədə deyillər. Azərbaycanın milli, dövlət maraqlarına xidmət edən səviyyədə öz işlərini qura bilməyiblər. Həqiqətən də, Rusiyada çox böyük və imkanlara malik olan soydaşlarımız fəaliyyət göstərirlər. Təəssüf ki, onlar bir yerə yığışıb, həm rastlaşdıqları problemləri həll etmək, həm də Rusiyada böyük diaspor təşkil edərək Azərbaycana qarşı düşmənçilik mövqeyi nümayiş etdirən ermənilərə qarşı dayanmaq, onların anti-Azərbaycan mövqeyini ifşa etməyə çalışmırlar. Bu, əlbəttə ki, böyük təəssüf doğurur. Gəlin, Rusiyada Ermənistanın maraqlarını müdafiə edən erməni diasporunun fəaliyyətinə də baxaq. Arada çox ciddi bir fərq görəcəyik. Rusiya Azərbaycan üçün bütün mənalarda əhəmiyyətli bir ölkədir. Eyni zamanda siyasi bir məkan kimi ora Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan biz Rusiyadakı diasporamızın güclənməsini çox arzu edirik. Ən müxtəlif vaxtlarda buna müəyyən cəhdlər olub, konkret addımlar atılıb. Lakin onları bir yerə yığıb, güclü təşkilat şəklində formalaşdırmaq, çox təəssüf ki, mümkün olmayıb. Əksinə, azərbaycanlıların imkanlı adamları vaxtilə bir ”Milyarderlər ittifaqı" adlanan anti-Azərbaycan koalisiyası yaratdı və siyasətdə diletantın biri olan Rüstəm İbrahimbəyovu rəhbər seçdilər. Sonradan da eyni şəkildə alim kimi özünü təsdiq edən, ancaq siyasətdə Əli Kərimlinin təsiri altında qalan, siyasi qütbdə nüfuz qazana bilməyən Cəmil Həsənlini ölkə prezidenti etmək istəyirdilər. Bu, baş versəydi, Azərbaycan fəlakətli duruma düşərdi. Bunu təsəvvür etmək belə adamı dəhşətə salır. Ermənistanın mövqeyini möhkəmləndirmək, Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirmək üçün görün erməni diasporu hansı iradəni ortaya qoyur. Bu gün ölkə prezidenti cənab İlham Əliyevlə Rusiya prezidenti cənab Vladimir Putin arasında çox yüksək səviyyədə dostluq münasibətləri mövcuddur. Bu, bütün sferalarda özünü göstərir. Eləcə də hökumətlərarası əlaqələrdə də kifayət qədər isti, işgüzar münasibətlər mövcuddur. Parlamentlərarası münasibətlərdə də heç bir problem yoxdur və qarşılıqlı səfərlərimiz olur. Bu və ya digər məsələlərdə problem ortaya çıxan zaman, dərhal bu barədə müzakirələr aparırıq".

Deputat söyləyib ki, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyevin fəaliyyəti də Azərbaycanın maraqlarının müdafiəsi baxımından yüksək səviyyədədir: “O, hər zaman özünün prinsipial mövqeyini ortaya qoyur. Diasporla İş Üzrə Dövlət Komitəsinə rəhbər gətirilən, bizim keçmiş həmkarımız Fuad Muradov da öz fəaliyyətini ciddi şəkildə qurmaqdadır. O, dünyada güclü Azərbaycan diasporunu yaratmaq üçün potensialını səfərbər edib. Əminəm ki, onun bu fəaliyyəti konkret nəticələrini verəcək. Təbii ki, əgər ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımız Azərbaycan diasporunun güclənməsi üçün töhfələr verməsə, Muradovun da cəhdləri konkret nəticələr verməz. Ona görə də iki amil bir-birini tamamlamalıdır. Birincisi, Azərbaycan dövlətinin rəsmi mövqeyidir ki, burada problem yoxdur. İkincisi, xaricdəki azərbaycanlılar diaspor ətrafında birləşib, Azərbaycanı xaricdə müdafiə etmək lazımdır. Bu, yuxarıda da qeyd etdiyimiz kimi, zəifdir və bizdə təəssüf doğurur. Hər halda onların içərisində kifayət qədər vətənpərvər insanlar var. Bu adamları axtarıb, prosesə cəlb etmək lazımdır. Ümidvaram ki, bu amillər özünü doğruldarsa, diasporamız güclənə bilər. Biz, bu xətti sona qədər davam etdirməliyik. Çünki dünyada yetərincə güclü olan erməni diasporuna qarşı, bizim diasporamız formalaşmalıdır ki, onların anti-Azərbaycan fəaliyyətlərinə cavab verən mübarizə apara bilək”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR