Uşaq evlərindəki qızların məcburi evləndirilmələrində ən əsas təsir vasitəsi onların sahibsiz olmalarıdır

17-06-2015, 22:54 2626 dəfə baxılıb

Uşaq evlərindəki qızların məcburi evləndirilmələrində ən əsas təsir vasitəsi onların sahibsiz olmalarıdır
Yardimci Dosent, Beynelxalq Uşaq Hüquqlari Üzre Ekspert Gulayət Hacıyeva

Müsahibiz Gülayat Hacıyeva Azərbaycan da ən aktual mövzu olan uşaq evləri haqda öz fikirləeni bizimlə bölüşüb.

Əvvəlcə müsahibimizi tanıyaq: Gülayət Hacıyeva 1985-ci ildə Qəbələ şəhərində anadan olub. Orta təhsilini Quba Valideyn Himayəsindən məhrum uşaqlarçün internat məktəbində, Gəncə və Bakıda uşaq evlərində alıb. 2002-ci ildə ali məktəbə daxil olub və məktəbi hüquq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2008-ci ildə Türkiyədə Beykent Universitetinin Tərcüməçilik fakültəsini ingilis-rus, türk dilləri üzrə ali təhsil alaraq bitirib. Eyni zamanda Sultan Ahmet – Gülhanədə ikinci "Çocuk Agir Ceza" məhkəməsində təhqiqatçı olaraq çalışıb. Daha sonra təhsili fəaliyyətini davam etdirmək üçün ABŞ-a gedib və New York City University-də 2010-2012-ci illərdə hüquq dili üzrə təhsil alıb və eyni zamanda hüquq şirkətləri üçün araşdırmaçı olaraq çalışıb. Hazırda ABŞ-da Florida Stetson Universitetinin Hüquq məktəbində Beynəlxalq cinayət hüququ və Beynəlxalq Hüquq üzrə magistr təhsili almaqda, yardımçı doçent kimi çalışmaqdadır. Uşaq hüquqlarına dair bir çox layihələri və araşdırmaları var. İctimai vəkil olaraq universitet tələbələri və müəllimlər arasında uşaq evləri və internatlarda uşaqlara qarşı edilən hüquq pozuntuları barədə maarifləndirici iş aparmaqdadır. Stetson, Beykent, Bakı Dövlət və Qafqaz Universitetlərində qonaq professor olaraq mühazirələr oxuyub. Eyni məqsədlə hazırladığı sosial çarxlar və qısa filmlər yayımlanıb.

Hazırda social platformada yayılan "Peace and War Through World Children's Eye" layihəsinin müəllifidir. Xatırladaq ki, o hal hazırda Amerika Birləşmiş Ştatlarında yaşayır


Bildiyiniz kimi hər il uşaq evləri və internat məktəblərində təhsil alan onlarla qız on səkkiz yaşı tamam olduğu üçün həmin müəssisələri tərk etmək məcburiyyətində qalır. Bəzi hallarda onların yaşamağa yerləri olmadığından uşaq evləri və internatlarda əlavə olaraq altı ay və ya bir il də yaşaya bilirlər. Lakin əksər hallarda bu baş vermir və həmin qızlar oranı tərk etmək məcburiyyətində qalırlar. Buna qədər isə artıq on altı yaşdan başlayaraq onlara qarşı müdriyyət və tərbiyəçilər tərəfindən psixoloji təzyiqlər başlayır. Bu təzyiqlərin ən geniş yayılmış formalarından biri “İki iliniz qalıb, sonra cəhənnəm olub gedəcəksiniz” “Heç bilirsiniz hara gedəcəksiniz?”, “Getməyə yeriniz var” və s kimi ifadələr olur.

Bir çox hallarda təzyiqə əsas səbəb müəssisə rəhbərliyinin və işçilərin qızları öz yaxın qohumları ilə və ya oranı ziyarət edən orta yaşlı imkanlı şəxslərlə evləndirməyə çalışmaqdır. İstisna hallarda isə valideyin himayəsindən məhrum olmuş xanımlar öz istəkləri ilə sevdikləri şəxslərlə ailə qururlar.

Mən internat evində yaşayarkən iki rəfiqəm məcburi şəkildə evləndirildi. Belə ki, onlardan birini orada işləyən həkimin yaxını çox bəyənmişdi və tez-tez internata gəlirdi. Qız isə on altı yaşlı, “dili var, ağzı yox” təbiətli biri idi. Onu döysələr də, söysələr də səsini çıxarıb ağlamazdı. Bu qız on səkkiz yaşı tamam olanda işçilərin təzyiqi ilə özündən on beş yaş böyük şəxslə evlənməyə məcbur oldu. Bakıda yerləşən internatda isə müdir on altı yaşlı rəfiqəmi üç uşaq atası, boşanmış qardaşına dini nigahla ərə getməyə məcbur etdi. Rəfiqəm sakit təbiətli və həddindən artıq utancaq qız idi. Lakin o, bu evliliyə bir ildən artıq dözə bilmədi və ciddi psixoloji sarsıntılar yaşayaraq evdən qaçdı və hələ də onun harada olduğu, hara getdiyi məlum deyil.

Göründüyü kimi bu qızların evləndirilmələrində ən əsas təsir vasitəsi onların sahibsiz olmaları, internatı bitirdikdən sonra getməyə , qalmağa yerlərinin olmamasıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsində nigaha girən tərəflərin könüllü şəkildə imza atmalı olduqları qeyd edilsə də , yuxarıda bəhs etdiyim şəxslər heç də könüllü şəkildə imza atmırlar, məcburiyyət qarşısında belə etməli olurlar.

Maddə 2. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənən münasibətlər

2.2. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.

Maddə 3. Bu Məcəllənin vəzifələri

3.0. Bu Məcəllənin vəzifələri aşağıdakılardır:

3.0.1. ailənin ümumbəşəri prinsiplər əsasında qurulması;

3.0.2. ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması;

Bundan öncəki yazılarımda da qeyd etdiyim kimi uşaq evlərində işləyən tərbiyəçilərin və rəhbər işçilərin fəaliyyətinə ciddi şəkildə nəzarət edilməsi vacibdir. Xüsusilə, uşaq evləri və internat məktəblərinin məzunlarının evlənmələrindən xəbərdar olan və bunun qeydiyyatını aparan icra hakimiyyəti və yerli orqanlar bu kimi hallarda daha diqqətli olmalı, araşdırmalı və hər iki tərəfin razılığının olmasına əmin olmalıdırlar. Təbii ki, evlilik qərarında qarşılıqlı razılaşma hər iki tərəfin xeyrinə olacaqdır, əks halda isə bu işi müəssisə rəhbərlərinin öhdəsinə buraxmaq ədalətsizlik olardı. Ümid edirəm ki, aidiyyatı orqanlar bu məsələyə daha diqqətlə yanaşacaq və ciddi addımlar atacaqlar.



Gulayət Hacıyeva

Yardimci Dosent, Beynelxalq Uşaq Hüquqlari Üzre Ekspert


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR