Eltun Süleymanov: “Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın daha bir parlaq diplomatik qələbəsini təmin etdi”

8-10-2022, 11:23 63 dəfə baxılıb

Eltun Süleymanov: “Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın daha bir parlaq diplomatik qələbəsini təmin etdi”


“Bu gün Azərbaycanın Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyində getdikcə artan rolu ölkəmizin Avropa üçün əhəmiyyətini daha da artırır. Bu baxımdan Azərbaycanın oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqada təşkil olunmuş “Avropa siyasi birliyi” Zirvə Toplantısına dəvət olunması da ölkəmizin Aİ ölkələri ilə əməkdaşlıq perspektivlərinin getdikcə genişləndiyindən xəbər verir. Hazırda bu əməkdaşlıq bir sıra istiqamətlər üzrə uğurla davam etdirilir. Təbii ki, mövcud geosiyasi vəziyyətdə Azərbaycan – Avropa İttifaqı əməkdaşlığının əsas istiqaməti enerji sahəsidir. Bunun ən bariz təzahürlərindən biri iyul ayında Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumudur. Bu sənədə əsasən növbəti illərdə ölkəmiz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırır. Oktyabrın 6-da Praqada Azərbaycan telekanallarına müsahibə verən Ölkə Prezidenti cənab İlham Əliyev Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığa dair gələcək planlar barədə açıqlama verərək bildirdi ki, əgər keçən il təbii qazın Avropaya ixrac həcmi 9 milyard kubmetr idisə, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq. İndi yeni qaz yataqları istismara düşür, mövcud qaz yataqlarından hasilat artırılacaq. Azərbaycanın həm qazı, həm nefti, eyni zamanda, elektrik enerjisi də Avropa qitəsinə ixrac ediləcəkdir. Azərbaycanda bərpaolunan enerji növlərindən istifadə olunması böyük həcmdə təbii qaz ehtiyatı yaradacaq. Enerji təsərrüfatının səmərəliliyinin artırılması nəticəsində itkilər müəyyən dərəcədə ixtisar ediləcək. Lakin ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı sadəcə enerji sahəsi ilə məhdudlaşmır. Bu əməkdaşlığın önəmli istiqamətlərindən biri də siyasi dialoqdur. Dövlət başçımızın da qeyd etdiyi kimi, son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı kəskin artıb, eyni zamanda, mahiyyət də yeni müstəviyə çıxıb və qarşılıqlı etimad artıb. Həmçinin nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün çox önəmlidir. Burada həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri nəzərdə tutulur. Bundan başqa Avropa İttifaqı ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır. Ölkəmizin geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir.”

Bu sözləri AİA.Az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Daha sonra müsahibimiz qeyd edib ki, Prezident İlham Əliyevin Praqaya səfəri zamanı Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə keçirdiyi görüşlər Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması baxımından xüsusi əhəmiyyət kəsb edir: “Ölkə Prezidenti cənab İlham Əliyev öz müsahibəsində Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına doğru ciddi addımlar atıldığını da qeyd edib. Dövlətimizin başçısı bildirib ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq. Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilib və hər bir görüş də irəliyə doğru bir addım olub. Praqada keçirilən dördtərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilmişdir və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunub. Bu görüşlərin yeganə məqsədi tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaqdır. Təmaslar davam edir. Sülh prosesinə artıq təkan verilib. Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda ölkəmizin maraqlarını təmin edən birgə bəyanat qəbul edilib. Həmin Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.” Beləliklə, suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini də tanımış oldu.”

Həmçinin E.Süleymanov erməni təxribatlarının hələ də sülh prosesini əngəllədiyini qeyd edərək bunları deyib: “Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən bizim ərazilərdə ən azı 1400 mina basdırılıb və bu, bizə qarşı növbəti cinayətdir, növbəti terror aktıdır. Ermənistanın bu addımları sülhə zərər gətirir. 250-dən çox azərbaycanlı müharibədən sonra ya həlak olub, ya da ki, ağır yaralanıb. Azərbaycana qarşı erməni terroru davam edir və buna son qoyulmalıdır. Həm də minaların basdırılması yeganə cinayət deyil. Bu günə qədər erməni silahlı birləşmələri hələ də bizim torpağımızdan çıxarılmayıb. Buna da son qoyulmalıdır. Qarabağda yaşayan ermənilərə gəlincə isə, onlar bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını Azərbaycan hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyil”, - deyə Eltun Süleymanov fikirlərini tamamlayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR