Azərbaycan Prezidenti Soçidə növbəti diplomatik qələbəyə imza atdı

3-11-2022, 14:15 70 dəfə baxılıb

Azərbaycan Prezidenti Soçidə növbəti diplomatik qələbəyə imza atdı


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə 31 oktyabr 2022-ci il tarixində Soçiyə etdiyi işgüzar səfəri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və iki ölkə arasında sülh sazişinin imzalanması istiqamətində aparılan işlərin daha da sürətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edən hadisədir. Dövlətimizin başçısı hər zaman olduğu kimi, Soçi səfərinin gedişində də həm Rusiya Prezidenti ilə keçirdiyi ikitərəfli görüşdə, həm də Azərbaycan və Rusiya Prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə prinsipial və ədalətli mövqelərdən çıxış edərək müzakirə olunan məsələlərdə ölkəmizin mövqelərinin daha da möhkəmlənməsinə nail olmuşdur.

Qeyd etmək lazımdır ki, Azərbaycan və Rusiya dövlət başçılarının intensiv görüşləri ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı daha artırmaq imkanı yaradır. Rusiya bu gün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında maraqlıdır və əlbəttə ki, iki ölkə arasında sülh sazişinin imzalanmasında vasitəçilik missiyasını uğurla həyata keçirməyə çalışır. Nəzərə almaq lazımdır ki, iki il bundan əvvəl Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. Bu gün isə möhtərəm cənab Prezidentimizin dediyi kimi, artıq Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib. Azərbaycan bu xüsusda üzərinə düşəni edir. Məlum olduğu kimi, ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsasında durmalı olan 5 əsas prinsip irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür. Lakin Ermənistan da artıq anlamalı və qəbul etməlidir ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Münaqişə iki il bundan əvvəl həll edilib və bu baxımdan burada praktiki olaraq müzakirə ediləcək heç bir məsələ yoxdur.
Həmçinin xüsusi olaraq vurğulamaq lazımdır ki, möhtərəm dövlət başçımızın Soçi səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin imzaladıqları 31 oktyabr 2022-ci il tarixli Bəyanat tamamilə Azərbaycanın milli mənafelərinə uyğun məzmunda tərtib olunub. Xüsusilə tərəflərin Beynəlxalq hüquq və normalara sadiqliyini bəyan edən müddəa mahiyyət etibarı ilə özündə Ermənistan hökumətinin Qarabağda Azərbaycanın hakimiyyətini tanıdığını ehtiva edir. Həmin müddəaya görə tərəflər münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll etməlidirlər. Bu isə o deməkdir ki, Ermənistan məhz 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq Qarabağın Azərbaycan ərazisi olduğunu və Azərbaycan dövlətinin bu ərazidə suveren hakimiyyətini tanımağa məcburdur. Beləliklə, Soçi Bəyanatı Azərbaycanın növbəti önəmli diplomatik qələbəsi kimi qiymətləndirilməlidir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR