Şəhidlərin əziz xatirəsini qürurla anırıq

Bu gün, 09:31 6 dəfə baxılıb

Şəhidlərin əziz xatirəsini qürurla anırıq





Hər bir xalqın tarixində elə günlər var ki, həmin günlər yaddaşlardan heç vaxt silinmir. Azərbaycan xalqı üçün 27 sentyabr – Anım Günü Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad etdiyimiz müqəddəs gündür.
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.
Azərbaycan xalqı uzun illər ərzində sülhə və əmin-amanlığa üstünlük verən mövqeyini qoruyub saxladı. Lakin müharibə başlayanda xalqın səbir kasası doldu və minlərlə insan Vətənin müdafiəsi üçün bir yumruq kimi birləşdi. Əsgər və zabitlərimizin göstərdiyi şücaət, arxa cəbhədə insanların nümayiş etdirdiyi birlik və həmrəylik Vətən müharibəsinin yadda qalan xüsusiyyətlərindən oldu.
Müharibə günlərində xalqımızın dilində bir şüar yaşayırdı: “Öldü var, döndü yoxdur!” Bu sözlər Azərbaycan əsgərinin Vətən qarşısındakı məsuliyyətini və döyüş əzmini ifadə edirdi. Şəhidlərimizin həyatı, onların Vətən naminə göstərdikləri fədakarlıq gələcək nəsillər üçün əsl qəhrəmanlıq nümunəsidir.
Ölkə Prezidenti cənab İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzaladı.
27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilir.
Bu gün Azərbaycan dövləti şəhidlərin xatirəsini daim uca tutur, qazilərə və şəhid ailələrinə müxtəlif istiqamətlərdə dövlət dəstəyi göstərir. Şəhid ailələrinin və qazilərin sosial müdafiəsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.
108 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Əliyeva Günel


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR