Bu gün Azərbaycan Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan “Neuberger Berman”ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib.
“Söhbət zamanı Prezident İlham Əliyevin keçən il Nyu-Yorkda Corc Volkerlə görüşü məmnunluqla xatırlanıb.
Dövlət başçısı bu ilin fevralında “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalandığını xatırladaraq, ölkələrimizin qarşılıqlı münasibətlərinin yeni səhifəsinin açıldığını deyib.
Görüşdə Azərbaycan ilə “Neuberger Berman” şirkəti arasında investisiya əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri müzakirə olunub, qlobal investisiya bazarlarında yaranan yeni imkanlar, qarşılıqlı maraq doğuran layihələr və uzunmüddətli tərəfdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
2016-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə “Neuberger Berman” arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. ARDNF-nin şirkətlə özəl kapital, özəl borc və digər investisiya istiqamətlərini əhatə edən tərəfdaşlığı çərçivəsində əldə olunmuş nəticələr və yeni layihələrdə iştirak imkanları müzakirə edilib.
Qeyd edək ki, 1939-cu ildə Nyu-Yorkda yaradılmış “Neuberger Berman” dünyanın iri müstəqil investisiya şirkətlərindən biridir. 613 milyard ABŞ dolları məbləğində aktivlərə malik olan şirkətin özəl bazarlar üzrə qlobal investisiya platforması 170 milyard ABŞ dollarından artıq investisiya öhdəliklərini idarə edir. Platformanın investisiya etdiyi fondların portfelləri 10 min 400-dən çox şirkəti əhatə edir ki, bu da “Neuberger Berman”ın qlobal investisiya fəaliyyətinin miqyasını göstərir.
***
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “BlackRock”un tərkibində fəaliyyət göstərən qlobal infrastruktur investisiya şirkəti - “Global Infrastructure Partners”in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesini qəbul edib.
Söhbət zamanı dövlət başçısının bu ilin yanvarında Adebayo Oqunlesi ilə Davosda görüşü xatırlanıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), “BlackRock” və “Global Infrastructure Partners” (GIP) şirkəti arasında Davosda imzalanmış uzunmüddətli əməkdaşlığa dair niyyət protokolunun əhəmiyyətinə toxunulub.
Görüşdə Azərbaycan ilə şirkət arasında investisiya əməkdaşlığının inkişafından məmnunluq ifadə edilib, əldə olunmuş nəticələr və tərəfdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə “Global Infrastructure Partners” (GIP) arasında formalaşmış tərəfdaşlığın artıq konkret beynəlxalq investisiya layihələrini əhatə etdiyi vurğulanıb. Bu xüsusda Fondun İtaliyanın yüksəksürətli qatar operatoru “Italo”ya və Londonun Qatvik hava limanına bu şirkətlə birgə investisiya yatırdığı qeyd olunub.
Ölkəmizin infrastruktur sahəsində investisiya imkanları, o cümlədən rəqəmsal və nəqliyyat infrastrukturu istiqamətlərində potensial əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Prezident İlham Əliyevin himayəsi altında Bakıda təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu və bu çərçivədə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və “BlackRock” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqunun əhəmiyyətinə toxunulub. Bu tədbirlərdə 30 trilyon ABŞ dolları məbləğində aktivləri idarə edən şirkətlərin iştirak etdiyi vurğulanıb.
Qeyd edək ki, “Global Infrastructure Partners” şirkəti 2024-cü ildən dünyanın ən böyük investisiya idarəetmə şirkəti olan “BlackRock”un tərkibində fəaliyyət göstərir. İdarə olunan aktivlərinin həcmi 15,3 trilyon ABŞ dolları təşkil edən “BlackRock” enerji, nəqliyyat, rəqəmsal infrastruktur, su və tullantıların idarə olunması sahələrində ixtisaslaşmış qlobal investisiya şirkətidir. “Global Infrastructure Partners”in (GIP) idarə etdiyi aktivlərin həcmi isə 170 milyard ABŞ dollarıdır. Bu şirkət, həmçinin “BlackRock”, “Microsoft” və “MGX” ilə birlikdə qlobal Süni İntellekt İnfrastruktur Fondunun əsas təsisçilərindəndir.
loading...