Mümkün İran müharibəsinə Bakı necə hazırlaşsın...

22-05-2019, 13:38 356 dəfə baxılıb

Mümkün İran müharibəsinə Bakı necə hazırlaşsın...


İran hökuməti zənginləşdirilmiş uranın həcmini 4 dəfə artıracaq. Bu barədə İran Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi deyib.

Xatırladaq ki, ötən həftə İran hakimiyyəti nüvə anlaşmasından bir neçə öhdəlikdən geri çəkildiyini bəyan etmişdi. Bu öhdəliklər 3,67 faiz zənginləşdirilmiş uranın 300 kiloqramdan daha artığının və ağırlaşdırılmış suyun 130 tondan artığının xaricə satılması ilə bağlı idi.

Kamalvəndi deyib ki, daha əvvəl nüvə anlaşmasındakı iki öhdəlikdən ikisindən çəkilən İran tərəfi, daha iki öhdəlikdən də imtina etməyə hazırlaşır. Əgər 60 gün ərzində nüvə anlaşmasında tərəf olan Avropa ölkələri İran qarşısında öhdəlikləri yerinə yetirməsə, Tehran uran zənginləşdirilməsi proqramını davam edəcək.

Xatırladaq ki, 2015-ci ildə İran və “altılıq” ölkələri (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya - K.R.) arasında əldə olunan razılaşmaya əsasən, İran yalnız 3,67 faizi keçmədən 300 kiloqram uran zənginləşdirə bilər. Qalan uranı isə anlaşmadakı digər ölkələrə verməli və əvəzinə xam uran maddəsi ala bilərdi. Qeyd edək ki, uranın 3,67 faiz zənginləşdirilməsi yalnız enerji sahəsində istifadə üçün yetərli ola bilər. Silah əldə etmək üçünsə 90 faiz zənginləşdirilməsi lazımdır. Qeyd edək ki, anlaşmaya qədər İranın yalnız 20 faiz civarında uran zənginləşdirə bildiyi güman edilirdi.

ABŞ-ın ötən il bu anlaşmadan çıxması və bu ilin mayında İranın nüvə öhdəliklərinin bir qismindən çəkilməsi iki ölkə arasında gərginliyi sürətlə yüksəldib. ABŞ İrana qarşı bir sıra sahələrdə, ən son olaraq neft satışı və metal ixracatına embarqo tətbiq edib. Eyni zamanda Vaşinqton Yaxın Şərqdəki maraqlarına İran tərəfindən hücum ediləcəyi barədə məlumatları əsas gətirərək Fars körfəzinə əlavə hərbi qüvvələr - gəmilər və təyyarələr göndərib. Doğrudur, hər iki tərəf müharibənin olmayacağını bildirsə də, müşahidəçilər günü-gündən artan gərginliyin və qüvvə toplamanın haçansa silahlı toqquşmaya səbəb olacağını düşünür.

Ən son olaraq ABŞ prezidenti twitter səhifəsində “İran bizimlə savaşmaq istərsə, bu, onların sonu olar. Amerikanı heç zaman təhdid etməyin” deyə mesaj paylaşıb.

İranın xarici işlər naziri Cavad Zərif isə Trampa cavab olaraq ABŞ prezidentinin “B komandası” - milli təhlükəsizlik müşaviri Con Bolton, İsrail baş naziri Benyamin Netanyahu, Səudiyyə Ərəbistanı vəliəhd-şahzadəsi Məhəmməd bin Salman və BƏƏ şahzadəsi Məhəmməd bin Zayed tərəfindən yönəldildiyini bildirib.

Sitat: “B komandası tərəfindən istiqamətləndirilən İsgəndər, Çingiz Xan və digərlərinin edə bilmədiyini bacaracağına ümid edir. Təcavüzkarların hamısı getdi, amma iranlılar min ildir buradadır. İqtisadi terror və soyqırımı sancmaları ilə İranı dayandıra bilməyəcəklər. Bir iranlını əsla təhdid etmə, hörmət etməyi sına, görəcəksən ki, işə yarayır”.

Yaxın Şərq regionundakı hazırkı mənzərə onu göstərir ki, İran ətrafında risk hələ də qalır və bir müddət davam edəcək. ABŞ prezidenti İrandan telefon zəngi gözlədiyini, amma bu müddətdə sanksiyaların İran xalqına ciddi zərbə vuracağını deyib.

Qeyd edək ki, İranda İslam inqilabından bu yana 40 il ərzində ABŞ-la münasibətlər gərgin olub. Vaşinqton 1980-ci ildə İrana hərbi müdaxilə hazırlayıb, 1988-ci ildə Fars körfəzində İran və ABŞ gücləri arasında toqquşma yaşanıb. Corc Buşun hakimiyyəti illərində isə İraqın işğalından sonra ABŞ İrana müdaxilə hazırlayıb. Lakin ötən 15 il ərzində İrana müdaxilə xəbərləri zaman-zaman səngiyib, bəzən də aktivləşib. İndi isə Trampın əsas hədəfində olan ölkə İrandır. Vaşinqton hazırda İranın xarici ticarətini iflic edib, neft satışını məhdudlaşdırıb.

Hər dəfə İran ətrafında vəziyyətin gərginləşməsi qonşu ölkələrdə ciddi müzakirələrə səbəb olur. Qonşu ölkələrə bu münaqişə necə təsir edəcək?

Çünki bir qayda olaraq hərbi münaqişələr zamanı qonşu ölkələr ağır zərbə alır. ABŞ-ın İraqı işğalı zamanı 3 milyondan çox insan qonşu ölkələrə, əsasən də Suriyaya sığınmışdı. Eləcə də Suriyada davam edən müharibə zamanı 5 milyondan çox insan bu ölkəni tərk edərək Yaxın Şərqdən Avropaya qədər müxtəlif coğrafiyaya səpələnib. Hazırda yalnız Türkiyədə 3 milyondan çox suriyalı qaçqın var, bir milyondan çox suriyalı isə Livanda məskunlaşıb. Bu qaçqın ordusu getdiyi ölkələr üçün böyük iqtisadi yük olmaqla yanaşı, həm də ağır sosial, mədəni, məişət qayğıları, sıxıntılar yaradır.

ABŞ-İran gərginliyi hər dəfə yüksələndə Azərbaycanda bu narahatlıq hiss olunub. Hətta 2000-ci illərin əvvəllərində müharibə xəbərlərinin içərisində iranlıların Bakıdan ev alması, saylarının artması xəbərləri də olurdu.

Əlbəttə, aydın məsələdir ki, İranda baş verən qarışıqlıqdan ən çox zərər çəkəcək ölkələr sırasında Azərbaycan da ola bilər. Azərbaycan İranla böyük bir sərhədə malikdir, İranda milyonlarla azərbaycanlı yaşayır. Bu insanların savaş zamanı üz tutacağı ilk ölkələr sırasında Azərbaycan da var. Bakının bu münaqişəyə müdaxilə edib qarşısını almaq imkanı olmasa da, Azərbaycan hakimiyyəti hər vəchlə bu gərginliyin artmasının ağır nəticələrinin olacağını bəyan edir və bu münaqişədə tərəf olmayacağını bildirir.

İrana müdaxilə və baş verəcək müharibə böyük, uzun illər davam edən münaqişəyə səbəb ola bilər. Və bu zaman tarixi Azərbaycan ərazilərində yeni kürd separatizmi alovlana və İraqda, Suriyada olduğu kimi tarixi türkmən-azərbaycanlı bölgələrinə ərazi iddiası meydana çıxa bilər. Hansı ki, oxşar formada İraqda və Suriyada kürd separatizmi son nəticədə türkmən ərazilərinin itirilməsi ilə nəticələndi. Eyni formada kürdlər İranda da tarixi Azərbaycan ərazilərinə iddia edirlər. Hazırda İranda hakimiyyətə qarşı silahlı separatizm güclərindən biri də kürdlərdir.

Bu mənada İrana qarşı müharibə Azərbaycan üçün bir çox səbəblərdən risk yaradır. Doğrudur, Azərbaycanın bu münaqişəyə təsir etmək imkanı yoxdur. Amma Bakı hər addımda bu münaqişəyə qarışmadığı və öz ərazilərinin də istifadəsinə icazə verməyəcəyini bildirməklə, mümkün qədər yan təsirlərdən qorunmağa çalışır.
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR