Xamnəi baş nazir postunun bərpasına qarşıdır

30-05-2019, 14:35 285 dəfə baxılıb

Xamnəi baş nazir postunun bərpasına qarşıdır


İranda islahatçı millət vəkilləri ölkə Konstitusiyasını yenidən nəzərdən keçirməyə çalışırlar. Mayın 8-də islahatçı deputat Mustafa Kəvakəbian bildirib: “Biz “Üçüncü Respublika” adlı qanun layihəsi hazırlayırıq”.

Mötədil-mühafizəkar İzzətullah Yusifian Molla da mayın 27-də 200-dən çox millət vəkilinin təşəbbüsü dəstəkləyəcəyi təqdirdə, bununla bağlı Ali Dini Liderə məktub göndəriləcəyini açıqlayıb.

“Üçüncü Respublika” 1979 və 1989-cu illərdə baş verən konstitusiya hadisələrinə istinad edir.

1979-cu ilin İslam İnqilabından sonra qəbul edilən Konstitusiya layihəsi Fransa Konstitusiyasına əsaslanır. Onun qəbulunda Həsən Həbibi, Əli Əkbər Haşimi Rəfsəncani və Məhəmməd Xətaminin böyük səyləri olub.

İnqilab Şurası tərəfindən daha sonra təsdiqlənmiş Konstitusiya layihəsində İranda bugünkü hakimiyyət formasının heç bir əlaməti yoxdur. Məsələn, əvvəllər Nəzarətçilər Şurası kiçik bir rola sahibiydi, yalnız prezident və ya məhkəmə hakimiyyəti qanuna zidd hərəkət etdikdə, o, işə qarışmalı idi.



1979-cu ilin Konstitusiyası

Həmin il Konstitusiyanın yekun layihəsini nəzərdən keçirmək üçün Konstitusiya üzrə Məsləhət Şurası təsis edilib. Şura Konstitusiya layihəsini təsdiqləyib və 1979-cu ilin dekabr ayında layihə referendumda qəbul edib.

Beləliklə, İranda yarıparlamentar sistem yaradılıb, bu sistemdə prezident məhdud səlahiyyətə malik və baş nazirin rəhbərlik etdiyi hökumət onun tam nəzarəti altında idi. Prezident, həmçinin özü, parlament və məhkəmə orqanları arasında koordinasiyaya məsul olan və fikir ayrılıqlarını həll edən şəxs idi.

Məhkəmə hakimiyyəti beş nəfərlik Şura tərəfindən idarə edilirdi, onlardan ikisini birbaşa Ali Lider, digər üçü ölkənin hakimləri arasından seçilirdi.

O zaman Nəzarətçilər Şurası və parlament arasında mübahisə yaranıb və İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyni, parlamentə daha çox səlahiyyət verib, beləliklə sadə səs çoxluğu qərar qəbul etmə imkanı yaradıb.



1989-cu il dəyişikliyi

Prezidentlər və baş nazirlər, habelə Nəzarətçilər Şurası və parlament arasında baş verən mübahisələrdən sonra Ayətullah Xomeyni o vaxtkı prezident Əli Xamnəiyə məktub yazaraq, Konstitusiyaya düzəliş etməklə vəzifələndirilən qrupu yaradıb. Düzəlişlər 1989-cu ildə, Ayətullah Xomeyninin ölümündən üç ay sonra referendumla təsdiqlənib.

Dəyişikliklərə əsasən, baş nazir vəzifəsi ləğv edilib, prezidentə Kabinəni təşkil etmək səlahiyyəti verilib. Ali Liderin mövqeyi də möhkəmlənib: silahlı qüvvələrin rəhbərlərini, məhkəmə hakimiyyəti başçısını və dövlət televiziyası sədrini, həmçinin Nəzarətçilər Şurasının üzvlərini təyin etmək.

Ali Lider, əgər Məclis və ya mühakimə onu qanunu pozduğunu təsdiqləyərsə, prezidenti də kənarlaşdıra bilər.

Prezident, parlament və məhkəmə – hakimiyyətin üç qolu Ali Liderin mütləq nəzarətinə alınıb və buna görə də, üç hakimiyyət qolu arasında əlaqələndirmə səlahiyyəti prezidentdən alınıb.

Məsləhət Şurasına parlament və Nəzarətçilər Şurası arasında qanunvericiliyə dair mübahisələrin həll edilməsi tapşırılıb.

Daha mühüm olan: ali liderlik mövqelərinin namizədləri üçün meyar dəyişib, onların yalnız yüksək din xadimləri olması tələb edilir.



Konstitusiyaya düzəliş prosesi

Məsləhət Şurası ilə məsləhətləşmədən sonra Ali Dini Lider prezidentə məktub yazaraq, Konstitusiyaya təklif olunan dəyişikliklərin öyrənilməsi ilə bağlı qrupun formalaşdığını elan edir.

Qrupun tərkibinə Nəzarətçilər Şurasının üzvləri, üç hakimiyyət qolunun rəhbərləri, Məsləhət Şurasının üzvləri, Ekspertlər Şurasının üzvləri, nazirlər, parlament üzvləri və alimlər daxildir.

Qrupun qərarları Ali Liderin təsdiqindən sonra referenduma çıxarılır.



Konstitusiyaya düzəliş etmək üçün yeni cəhdlər

Reformist Məhəmməd Xatəminin prezidentliyi dövründə (1997-2005) Konstitusiyaya düzəlişlər edilməsinə çağırışlar olub. Bu planın tərəfdarları ictimai azadlığı məhdudlaşdıran siyasi sistemi tənqid ediblər. Lakin Xatəmi daha sonra plana qarşı çıxaraq, bunun islahatçıların istədiyi nəticələrə gətirməyəcəyini bildirib.

İndi, 20 il sonra islahatçı və mötədil-mühafizəkar parlamentarilər Konstitusiyaya yeni dəyişikliklər təklif edirlər.

Parlamentin sədr müavini Əli Mütəhhəri hələ fevralın 5-də bəzi millət vəkillərinin Konstitusiyaya təklif etdiyi düzəlişlərinin 1989-cu il düzəlişlərindən sonra vəziyyəti daha da pisləşəcəklərini söyləyib.

İslahatçı parlamentarilər seçkilərlə bağlı Nəzarətçilər Şurasının səlahiyyətlərini (o cümlədən namizədləri qeydə almamaq və s.) tənqid edirlər. Bundan əlavə, onlar Nəzarətçilər Şurası və məhkəmə hakimiyyətinin parlamentə hesabat verməsini istəyirlər.

Eyni zamanda, prezident Həsən Ruhani mayın 12-də icra hakimiyyəti başçısının səlahiyyət azlığından şikayətlənib.

Millət vəkillərinin Ali Liderə məktubu yaxın 30 gündə hazır olacaq və bütün baxışlar prezidentliyin ləğvi və baş nazir postunun bərpasını istəyən mühafizəkarların təpkisinə cəmlənib.

Millət vəkili Yusifian Mollanın sözlərinə görə, təkcə parlamentə hesabat verən baş nazirlik mühafizəkarların əsas tələbləri arasındadır.

Mayın 22-də Xamnəi baş nazirliyin qaytarılması ilə bağlı fikirlərə müxalif olduğunu, lakin bəzi digər dəyişikliklərin məqbul olacağını bildirib.

Tərcümə: Strateq.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR