Paşinyan-Qarabağ klanı savaşı pik həddə

4-07-2019, 10:07 299 dəfə baxılıb

Paşinyan-Qarabağ klanı savaşı pik həddə


Ermənistanın baş naziri Nikol Paşinyan özünə təhlükə saydığı Qarabağ klanından əl çəkmir. Son olaraq, bu klanın lideri, sabiq prezident Robert Köçəryanın yenidən həbs edilməsi Paşinyanın niyyətini həyata keçirməkdə israrlı olduğunu göstərdi. Bundan əlavə, Paşinyanın Konstitusiya Məhkəməsinin sədrini dəyişdirmək cəhdləri və məhkəmənin hakimi Vaqe Qriqoryanın öz-özünü sədr elan etməsi savaşın pik həddə çatdığının başqa bariz təsdiqidir.

Erməni baş nazirin əsas rəqiblərinə qarşı mübarizədə uğur qazanıb-qazanmayacağı yönündə fərqli mövqelər səslənməkdədir. Məsələn, politoloq Əhəd Məmmədli Paşinyan-Qarabağ mübarizəsinin getdikcə dərinləşdiyi qənaətindədir: “Açdığınız mövzu erməni ictimaiyyətinin əsas gündəm məsələsidir. Son günlərdə baş verən hadisələr erməni cəmiyyətini çalxalandırır. İrəvan-Xankəndi qarşıdurması dərinləşməkdədir. Kremlin təbliğat ruporlarından olan, həmişə erməni yönümü ilə seçilən reqnum.ru saytının rəhbərliyi Modest Kalerov və politoloq Stanislav Tarasovun ”Xankəndi Dövlət Universiteti"ndə bu yaxınlardakı açıqlamaları Ermənistanda narahatlığa səbəb olub. Həmişə erməni yönümlülüyü ilə seçilən reqnum.ru saytının rəhbərliyinin açıqlaması nəticəsində ermənilərin narahat olmasından heç də sevinməyək. Kolerov-Tarasov ikiliyi “artsax”ın erməni dünyasının (!) bir hissəsi olduğunu, amma fərqli bir identikliyə malik olduğunu bildirmələri və Dağlıq Qarabağın Rusiya patronajlığına verilməsi vacibliyindən danışmaları İrəvanda heç də birmənalı qarşılamayıb. Ələlxüsus da İrəvan-Xankəndi qarşıdurması vəziyyətində Kremlə yaxınlığı ilə seçilən Modest Kalerovun bu tip açıqlamalarını Ermənistanda təsadüfi saymırlar. İrəvanda Dağlıq Qarabağın Abxaziya, Osetiya, Krımın aqibətini yaşayacağı təhlükəsinə eyham vururlar. Əgər Moskva erməni iqtidarını ram edə bilməsə, onları cəzalandırmaq qərarına gələ bilər. Və bu cəzalandırma da heç də Azərbaycanın xeyrinə olmayacaq.

Ermənistandan fərqli olaraq Kreml ruporlarının Qarabağın Rusiyaya verilməsi ilə bağlı həyasız açıqlamasına rəsmi Bakı təəssüf ki, heç bir reaksiya vermədi. Situasiyanın hansı məcraya yönəlməsindən fərqli olmayaraq Rusiya Ermənistanı cəzalandırmaq qərarına gəlsə belə, Qarabağı qaytarmaq üçün Azərbaycana imkan tanımayacaq. Ermənistanın cəzalandırılması bu cür ola bilər. Qondarma rejimdə Krımvari referendum ola və bu separatçı bölgə “könüllü” Rusiyaya birləşmək qərarını verə bilər. Kalerov-Tarasovun mövqeyini rəsmi Bakıda ciddi izləməli və bundan gərəkli nəticələr çıxarmalıdır. Çünki rus ordusu Qarabağa rəsmi şəkildə gəlsə, bu birdəfəlik növbəti ərazimizin itirilməsi deməkdir. Günü-gündən gərginləşən İrəvan-Xankəndi qarşıdurmasını passiv şəkildə izləməməliyik. Bu gün İrəvanın əlindən Qarabağı almasaq, sabah torpaqlarımızı Moskvanın əlində görəcəyik və heç nə edə bilməyəcəyik. Hər il Rusiya günü ilə bağlı erməni iqtidarı şəxsən rus səfirliyinə təşrif buyurub təbrik edir. İrəvan bununla Moskvaya vassal öhdəliyini göstərir. Amma bu il belə olmadı. Bu il rəsmi İrəvan rus səfirliyinə Rusiya günü münasibətilə yalnız təbrik məktubu göndərməklə kifayətləndi. Moskvada İrəvanın bu de-marşını gördülər və nəzərə aldılar. Rus səfiri Köçəryanla görüşdü. Bu görüşdən dərhal sonra səfir Ermənistan XİN-ə çağırıldı. Moskvada bunu da gördülər. Ermənistan Konstitusiya Məhkəməsinin sədri Köçəryanın işi ilə bağlı avqust ayına məhkəmə iclası çağırıb. Erməni mediası güman edir ki, avqusta təyin edilən məhkəmə iclasında Köçəryandan nəinki bütün ittihamlar götürüləcək, ümumiyyətlə, onun haqqında “daha istintaqa cəlb edilə bilməz” qərarı veriləcək. Hələlik Putin Paşinyanla yumşaq davranır. Sonda İrəvan-Xankəndi qarşıdurması Azərbaycanın xeyrinə olmayan yekunda Qarabağın başında çatlaya bilər".

Politoloq onu da qeyd etdi ki, Ermənistan Konstitusiya Məhkəməsi böhran yaşayır: “Ermənistanda baş verən indiki hadisələr mənə 1993-cü ilin iyun ayında Azərbaycanda, oktyabr ayında Rusiyada baş verən hakimiyyət böhranını xatırlatmağa başlayıb. Ermənistan Konstitusiya Məhkəməsində ikitirəlik baş verib. Yuxarıda qeyd etdiyim kimi, avqust ayında Konstitusiya Məhkəməsi iclas təyin edib. Paşinyan bunu əngəlləməyə çalışır. Paşinyan-Köçəryan, İrəvan-Xankəndi qarşıdurması dərinləşdikcə Ermənistan hakimiyyət böhranına yuvarlanır. Paşinyan hakimiyyətə gələndən Qarabağ klanı ilə mübarizə aparır. Yeni iqtidar hücum edir, köhnə hakimiyyət cavab verir. Proseslər bu şəkildə davam edir. Arxasında Kremlin dayandığı bir klanı kasıb Paşinyan iqtidarı üçün bitirmək çox çətindir. Üstəlik, nəzərə alsaq ki, Ermənistanda rus ordusu var, bu, ümumiyyətlə, mümkünsüz görünür. Paşinyan iqtidarının Qarabağ klanını tam bitirməsi üçün gərək Qarabağa tam nəzarət etsinlər. Buna da ruslar imkan verməyəcək. Bütün bu proseslərin sonda Paşinyanın hakimiyyətdən gedəcəyi ilə sonuclanacağını düşünürəm”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR