Rəqabət çərçivəsində Türkiyə-Səudiyyə Ərəbistanı münasibətləri - Təhlil

14-02-2020, 14:20 97 dəfə baxılıb

Rəqabət çərçivəsində Türkiyə-Səudiyyə Ərəbistanı münasibətləri - Təhlil


Hazırda Türkiyə-Səudiyyə Ərəbistanı arasında həm siyasi, həm də iqtisadi əlaqələrdə geriləmə müşahidə olunur. Tarixdə Sələfi-Sünni qarşıdurmasının ən böyük nümunəsi olan Səudi-Osmanlı döyüşləri, indi Səudiyyə Ərəbistanı və Türkiyə rəqabəti ilə əvəzlənib.

“Ərəb baharı” olaraq adlandırılan dağdıcı mərhələ boyunca hər iki ölkənin fərqli mövqeyi, 2016-cı ilin 15 İyul uğursuz çevriliş cəhdində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyinin rolu olduğuna dair iddialar, 2 Oktyabr 2018-ci il Qaşıqcı cinayəti və Səudiyyə hökumətinin Şərqi Aralıq dənizində Türkiyəyə qarşı Yunanıstana dəstəyini ifadə etməsi bu iki ölkə arasındakı münasibətlərin gərginləşməsinə yol açan əsas amillərdir. Qarşılıqlı etimadın azalması nəticəsində, Türkiyə Prezidenti Yəməndəki ağır humanitar böhranın səbəbkarı olaraq Səudiyyə Ərəbistanını işarə edərkən, Krallığın Xarici İşlər Nazirliyi də Türkiyənin Suriyadakı varlığını işğal olaraq qiymətləndirmişdi.

Bütün bunlardan əlavə, 2019-cu il dekabr ayında Malayziyada keçirilən Kuala Lumpur zirvəsinə Malayziya Baş Naziri Mahathir Məhəmməd 5 önəmli İslam ölkəsini (Türkiyə, İran, Pakistan, Səudiyyə Ərəbistanı və Qətər) dəvət edərək İslam dünyasındakı mövcud problemlərin həllində və əməkdaşlığın güclənməsində bu ölkələrin birgə fəaliyyət göstərməsini hədəfləmişdi. Lakin Səudiyyə Ərəbistanının bu dəvəti qəbul etmədi və Pakistanı da öz tərəfinə çəkərək zirvədə iştirakını əngəllədi. Krallığın siyasi təhlilçiləri bu zirvəni başlamadan iflas etdiyini bildirməklə yanaşı, Türkiyə və Qətəri də İranla əməkdaşlıq etdikləri üçün İslam aləminə “xəyanətlə” ittiham etdilər.

Bu ilin Yanvar ayında isə Krallığın Xarici İşlər naziri yunanıstanlı həmkarı ilə görüşü zamanı, Şərqi Aralıq dənizində Türkiyəyə qarşı yunan mövqeyini dəstəklədiklərini və hər cür yardım göstərə biləcəklərini ifadə etdi.



Əlaqələrdə qısa tarixi arxa plan



İki ölkə arasında əlaqələrin keçmişinə nəzər salsaq, 200 ildən artıqdır ki, Səud-Türk münasibətlərinin zəif və sürüşkən zəminə oturduğunu görmək mümkündür. Daha əvvəl, 1517-ci ildə Osmanlının Ridaniyə müharibəsi ilə Məmlükləri məğlub etməsi nəticəsində, sadəcə Qahirə deyil, o dövrdə Hicaz olaraq bilinən Məkkə, Mədinə, Ciddə və ətraf bölgələr də Osmanlı nəzarətinə keçdi. Lakin Osmanlının müqəddəs torpaqlarda hakimiyyəti, digər əyalətlərə müqayisədə zəif xarakter daşımışdır. Ərəbistan yarımadasının şərq əyaləti tam Osmanlı idarəsində olduğu halda, Səud ailəsinin də bir qisminə nəzarət etdiyi mərkəz hissədə Osmanlı təsiri olduqca zəif, Məkkə və Mədinənin daxil olduğu qərbdə isə Osmanlıya bağlı yerli özünü idarəetmə səlahiyyətinə malik əyalət mövcud idi. Yarımadanın mərkəz hissəsində 18-ci əsrin 40-cı illərinədək qəbilə müharibələri geniş vüsət almışdı.

Toqquşmaların hökm sürdüyü bu ərəfədə Məhəmməd bin Əbdül-Vəhhabın dini lider timasılında ortaya çıxaraq Osmanlı şiələrini və əsas Osmanlı məzhəbi olan Hənəfiliyi mürtəd (dindən dönmə) elan etməsi, özünü və öz tərəfdarlarını sələflərin (öncəkilərin) yolunda olduğunu iddia etməsi ilə hadisələrə yeni dini xarakter qazandırdı. Məhəmməd bin Əbdül-Vəhhab özünün fikirlərini cəmiyyətdə qəbul etdirə bilmək üçün qəbilə lideri Məhəmməd bin Səud ilə əməkdaşlığa başladı. Əbdül -Vəhhab dini simasından istifadə edərək bin Səudu dəstəkləyərkən, bin Səud da öz növbəsində qarşı tərəfi siyasi olaraq himayə edirdi. Bu əməkdaşlıq nəticəsində 1744-cü ildə Səud ailəsinin şərəfinə Dəriyyədə Səudiyyə dövləti adlı yeni bir dövlət quruldu.



Qarşılıqlı əməkdaşlıq bu iki ailənin övladları arasında sonrakı illərdə də davam etdi. 1801-ci ildə Osmanlı nəzarətində olan İraq şiələrinə hücumlar edildi, eləcə də dini mərkəz olan Kərbəla bu yeni dövlət tərəfindən yağmalandı.

Səudilərin daha sonra Osmanlılar üçün önəmli dini rəmz sayılan Məkkə və Mədinəni hədəf alaraq basqınlar tərtib etməsinə Osmanlıların cavabı sərt oldu. 1811-ci ildə Osmanlı sultanının təlimatı ilə Misir paşası Məhəmməd Əli Paşa oğlu İbrahim paşanın komandanlığı ilə Səudilər üzərinə böyük ordu ilə yürüş etdi, 1817-ci ildə Səudilərin son müqavimət qalası və mərkəzi ilan Dəriyyə darmadağın edildi. Bunula da ilk Səudi dövləti süquta uğradı. Osmanlılar Səudilərin öndərlərini edam etdi.

Osmanlıya bağlılığını elan edən Səudi ailəsinin övladları 1843-cü ildən ətraf bölgələri işğal edərək ideolojik dəstək gördükləri Dəriyyə bölgəsində ikinci Səudiyyə dövlətini elan etdilər. 1871-ci ildə Osmanlılar yenidən Səudilərə qarşı genişmiqyaslı müharibəyə başladı. Bu dəfə Osmanlı Sultanı özünə sadiq olan Əl-Rəşid qəbiləsini dəstəkləyərək Səudiləri cəzalandırdı və 1891-ci ildə ikinci Səudi dövləti də süquta uğradı.

Birinci Dünya Müharibəsinin başlaması Səudilər üçün yeni bir fürsət yaratdı. Hazırki kral Salman bin Əbdüləzizin atası olan Əbdüləziz bin Səud, ingilislərin komandanlığı altında Osmanlı dövlətinə qarşı ittifaqa girdi. Bu ittifaq nəticəsində Osmanlı qüvvələrinin Hicaz bölgəsindən tamamilə çıxarılmasına Səudilər “böyük töhfə” vermiş oldu. 1924-cü ildə rəsmi olaraq Xilafət ləğv edildi. 1921-1924-cü illər ərzində Məkkə, Ciddə və digər bölgələri də ələ keçirən Səudilər 1932-ci ildə rəsmi olaraq üçüncü Səudiyyə Ərəbistan dövlətini elan etdilər.



Səudiyyə Ərəbistan dövlətinin qurulmasından sonra Atatürk Türkiyəsi qarşı tərəflə diplomatik əlaqələr qursa da ərəb dövlətləri ilə əlaqələrə ciddi əhəmiyyət verməmiş, Qərblə siyasi və iqtisadi əlaqələr gücləndirmişdir. 1960-cı illərin sonlarından başlayaraq Türkiyə başda Səudiyyə Ərəbistanı olmaqla ərəb ölkələri ilə əlaqələrini inkişaf etdirdi.

1969-cu ildə İslam Əməkdaşlıq Təşilatına üzv olan Türkiyənin Səudiyyə Ərəbistanı ilə əlaqələrində yeni mərhələ başladı. Lakin 1980-ci və 1990-cı illər ərzində Türkiyədə baş tutan Qərb dəstəkli hərbi çevrilişlər bu iki ölkənin əlaqələrinin güclənməsi önündə əngəl olmuşdur. İslami təfəkkürə qarşı olan çevrilişçi genrallar bu dövrdə sadəcə Səudiyyə Ərəbistanına deyil, İrana da ehtiyatla yanaşdılar.

2002-ci ildə Türkiyədə İslami təfəkkürə sahib Ədalət və İnkişaf partiyasının iqtidara gəlməsi nəticəsində Türkiyə -Səudiyyə əlaqələri yenidən yüksəliş mərhələsinə qədəm qoydu. Ərdoğanın siyasi proqramında İslam ölkələri ilə əlaqələrin gücləndirilməsi proqramı xüsusi yer tuturdu. Lakin Səudilərin Məkkədə Osmanlı mirası olan Əcyəd qalasını yerlə yeksan etmələri Türkiyə tərəfindən etirazla qarşılandı. 2003-cü ildə Səddam Hüseynin devrilməsi sonrası Səudiyyə-Türkiyə münasibətləri yenidən inkişaf tendesiyası ilə davam etdi. 2006-cı ildə dövrün Səudiyyə kralı Abdullah bin Əbdüləziz Türkiyəni ziyarət etdi. Bu 1966-cı ildən bəri Səudiyyə tərəfindən Türkiyəyəyə ilk belə rəsmi səfər idi. 2009-2011- cillər ərzində Ərdoğanın Səudiyyəyə 4 rəsmi səfəri baş tutdu ki, bunun nəticəsində də iqtisadi, diplomatik və mədəni əlaqələr öz zirvəsinə çatdı. 2012-ci ildə Türkiyənin Səudiyyə Ərəbistanına ixrac etdiyi məhsulların dəyəri 3.6 milyard dollara çatdı.



Ərdoğan tərəfindən yüksəliş mərhələsinə keçən Türkiyə-Səudiyyə Ərəbistan münasibətləri Ərəb baharı adlandırılan siyasi mərhələ ilə yavaş-yavaş sarsılmağa başladı. Türkiyənin yeni mərhələni dəsətəkləməsi və Səudilərin bu mərhələni özləri üçün ciddi təhdid olaraq görmələri bu iki ölkənin fərqli mövqe sərgiləməsinə yol açdı. Xüsusilə, Misirdə Müsəlman Qardaşlarının iqtidara gəlmələri Səudiyyə tərəfindən qəbul edilməz hesab olunurdu. Səudiyyə üçün kabus olan bu mərhələ Səudiyyə və Əmirliklərin dəstəyini alan Sisinin 2013-cü ildə Misirdə hərbi çevriliş nəticəsində iqtidarı ələ keçirməsi ilə sonlandı.

2015-ci ildə Salman bin Əbdüləzizin kral elan edilməsilə Türkiyə-Səudiyyə münasibətləri qısa da olsa inkişaf dövrü yaşadı. Lakin Məhəmməd bin Salmanın vəliəhd-kral elan edilməsi ilə bu inkişaf dövrü süquta uğradı. Yeni vəliəhdin Birləşmiş Ərəb Əmirliyinin siyasi xəttinə uyğun hərəkət edərək rəsmi Ankaraya qarşı sərt mövqe sərgiləməsi Ərdoğan hökumətinin də mövqeyinin dəyişməsinə səbəb oldu.

Səudiyyə Ərəbistanının 2016-cı il 15 İyul çevriliş cəhdinin maliyyələşdirilməsində mühim rol olduğuna dair iddialar Prezident Ərdoğana yaxın şəxslər tərəfindən dilə gətrilməyə başladı. Daha sonra, 2017-ci ilin ortalarında Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Əmirliklərin Qətərə embarqo tətbiq etməsi qarşısında Türkiyə Qətəri müdafiə etdi və Qətərdəki hərbi bazasının inşası prossesini sürətləndirdi. Lakin Ərdoğan bununla da kifayətlənmədi. Səudiyyə və Əmirliklərə qarşı regionun digər ölkələri ilə də ittifaqlar qurdu. Oman Sultanlığı ilə hərbi əməkdaşlığı gücləndirdi. İordaniya ve Kuveytlə də yeni müqavilələr imzalandı. 2018-ci il Oktyabr ayında İstanbulda Səudiyyə xüsusi xidmət orqanlarına bağlı şəxslər tərəfindən Səudiyyə əsilli müxalif jurnalist Camal Qaşıqçının öldürülməsi Türkiyə üçün yeni bir fürsət yaratdı. Səudiyyə tərəfi bu iddiaları rədd etsə də Türkiyənin ortaya qoyduğu dəlillər nəticəsində Səudiyyə Ərəbistanı bu cinayəti qəbul etməyə məcbur oldu.



Səudiyyə tərəfi cinayəti törədən şəxsləri öz “səlahiyyətlərini” aşmaqla ittiham etdi. Türkiyənin ortaya qoyduğu cinayət dəlilləri, əmrin vəliəhd Məhəmməd bin Salmandan gəldiyi ehtimalını gücləndirdi. Beləliklə vəliəhdin beynəlxalq aləmdə siması böyük zərbə aldı.

Bütün bu hadisələr fonunda, Türkiyənin İranla əlaqələrinin güclənməsi də Səudiyyə Ərəbistanı tərəfindən xoş qarşılanmadı. Bunun müqabilində krallıq nümayəndələri açıq şəkildə Şərqi Aralıq dənizində Yunanıstanı dəstəklədiklərini ifadə etdilər. Hazırda Liviyada Xəlifə Həftarı dəstəkləyən Səudiyyə Ərəbistanı Türkiyənin qarşısında yer alır.

Siyasi əlaqələr, iki ölkə arasındakı iqtisadi əlaqələrin də zəifləməsinə yol açdı. Qarşılıqlı inamsızlıq üzərindən davam edən əlaqələrin yaxın gələcəkdə tamamilə düzəlməsi ehtimalı azdır.

Hafiz Məmmədov


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR