Sosial şəbəkə təhqir, şantaj yuvası: necə durduraq?

4-07-2020, 17:56 118 dəfə baxılıb

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın sosial media platformalarını bağlamaq, virtual aləmə nəzarəti gücləndirmək hədəfi cəmiyyəti ikiyə bölüb. Bir tərəfdə Ərdoğanın mövqeyini dəstəkləyənlərdirsə, əks cinahda siyasi opponentlər və sosial media fəallarıdır.

AKP iqtidarını müdafiə edənlər və ona yaxın siyasətçilər sosial şəbəkələrin fəaliyyətini məhdudlaşdırmağı plüralizmə, ifadə azadlığına zidd hesab etmirlər. Onların sözlərinə görə, təhqirləri durdurmağın başqa yolu qalmayıb.

Məsələn, MHP lideri Dövlət Bağçalı “Tvitter” hesabında son dəfə paylaşım etdiyini açıqlayıb və Ərdoğanın fikrini dəstəkləyib. Ardınca bir sıra AKP və MHP nümayəndələri kampaniyaya qoşulublar və virtual hesablarını bağlamağa başlayıblar.

Amma müxalifətdə olan partiyaların siyasətçiləri Ərdoğanın bu arzusunu tənqid atəşinə tutur, hətta məsxərəyə qoyurlar. Başda CHP lideri Kamal Kılıçdaroğlu, İyi Partiya başqanı Maral Akşener, Gələcək Partiyanın lideri Əhməd Davudoğlu AKP rəhbərliyinin niyyətini ziyanlı hesab edirlər.

Davudoğlu “tvit” ataraq qeyd edib ki, iqtidarın vitrini bundan ibarətdir: “Universiteti bağla, sosial medianı bağla, Türkiyəni qapat...”

Belə qənaət də var ki, müasir dövrdə sosial şəbəkələri buxovlamaq ifadə özgürlüyünü zədələmiş olar, həm də cəmiyyəti aqressivləşdirər, bumeranq effekti yarada bilər. Amma Ərdoğanın fikrincə, sosial şəbəkələrdə təhqir, böhtan, söyüş yazılır, virtualda məsuliyyətini dərk etməyən adamlar var, başqalarına söyüş yazacaq qədər özlərində azadlıq hiss edirlər.

“Yalanın, böhtanın, insan haqlarına hücumun baş alıb getdiyi bu məcranın bir qayda-qanuna salınması şərtdir. Bu millətə, bu ölkəyə bu tip məcralar yaraşmır. Bu səbəbdən ən qısa vaxtda məsələni parlamentdə müzakirə edib sosial şəbəkələrin tamamilə bağlanmasını, idarə edilməsini istəyirik”, - deyə Ərdoğan bəyan edib.

Paradoksallıq ondan ibarətdir ki, Azərbaycanın sosial şəbəkə seqmenti də hədyan, söyüş, nalayiq sözlərlə doludur. Bu təhqirlər istər siyasi rəhbərliyə, istər tanınmışlara yönəlik olur. Bəs bu kampaniyanı dayandırmağın yolu sosial şəbəkələrin fəaliyyətini məhdudlaşdırmaq olmalıdırmı?

Deputat Fazil Mustafanın “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanda qanunvericilikdə sosial şəbəkələrlə bağlı müddəalar var. Onun fikrincə, bu mexanizm işlək olmalıdır: “Bütövlükdə sosial şəbəkənin bağlanması ziyan verə bilər. Bunun tərəfdarı deyiləm. Çünki ifadə azadlığı platformasıdır. Sadəcə, sosial şəbəkə kimlərinsə söyüş, şantaj, təhqir yerinə çevrilib”.

Deputat hesab edir ki, həmin təhqir yazan istifadəçilərin tərbiyələnməsi üçün İnzibati Xətalar Məcəlləsində maddə var, barəsində qanuna uyğun tədbir görülə bilər: “Bizdə bu haqda qanun var, sosial şəbəkədə şantaj edən, təhqir yazanlarla bağlı tədbirlər intensivləşdirilə bilər. Bunun üçün həmin qanun aktiv istifadə edilməlidir. Amma sosial medianı tamamilə qapatmaq doğru yanaşma olmaz. Bunun xoşagəlməz nəticələri ilə qarşılaşa bilərik”.

REAL Partiyasının icraçı katibi Natiq Cəfərli sosial medianın Türkiyədə kontrol altına alınacağına inanmır və nonsens sayır. Onun sözlərinə görə, XXI əsrdə interneti bloklamaq və sosial şəbəkələri bağlamaq mümkün deyil: “İnsan öz evində oturur, bir neçə proqramdan istifadə edir, öz İP ünvanını, qoşulma xətlərini dəyişə bilir. Yəni texniki baxımdan inandırıcı görünmür”.

N.Cəfərlinin fikrincə, sosial şəbəkədə təhqir yazan şəxslərlə yeganə mübarizə vasitəsi ictimai qınaqdır: “Həmin şəxslərə ümumi boykot elan olunmalıdır. Bu halda onlar marginallaşmış qrupa çevriləcəklər, aktuallıqlarını itirəcəklər. İkinci yol isə hüquqi müstəvidir. Əgər konkret təhqirə yol verən adam varsa, məhkəməyə müraciət etmək olar. Amma ilk növbədə söyüş, təhqir kampaniyasına ən yaxşı cavab ictimai qınaqdır. Ona görə də sosial şəbəkələrin fəaliyyətinin çərçivəyə salınmasının tərəfdarı deyiləm və texniki cəhətdən də qeyri-mümkün sayıram”.

Qaynar.info xəbər portalının baş redaktoru Zahir Əzəmətin fikrincə, sosial şəbəkələri qadağan etmək, bloklamaq yel dəyirmanı ilə güləşməyə bənzəyir: “Mənasız vaxt enerjisidir. Hər gün yeni alternativ kanallar yaranır və insanlar özlərini ifadə etmək üçün mütləq bir yol tapacaqlar. Onda gərək Şimali Koreya kimi ümumiyyətlə, qlobal interneti bloklayasan”.

Baş yazar hesab edir ki, əslində söyüş, təhqir kimi bəhanələr elə bəhanədir: “Adətən mediası yetərincə azad olmayan ölkələrin hakimiyyətləri belə bəhanələr gətirir. Media cəmiyyətin aynası olmaq funksiyasını itirəndə sensuzarsız platformalar o boşluğu doldurur. Hansısa ölkə sosial şəbəkədən, onun yaratdığı gündəmdən narahatdırsa, ölkə mediasına daha geniş sərhədlər, imkanlar tanımalıdır. Cəmiyyətin mediaya inamı, etibarı geri qayıtmalıdır. O zaman gündəmi də sosial şəbəkələr yox, media formalaşdırar”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR