"Azərbaycan tankları hətta Ermənistan ərazisini işğal etsə də Rusiya bizə kömək etməyəcək"

5-09-2020, 17:38 356 dəfə baxılıb

Ermənistan mediasında Nikol Paşinyanın yalançı qərbpərəstliyi açıq tənqid olunur və Rusiyanın bığının altından yalvararaq keçmək üçün hansı işlərdən çıxdığı açıq göstərilir.

“Armenian repot”un müəllifi Tevos Arşakyan Paşinyanın və Mnatsakanyanın yaramaz siyasət yürütdüyünü tənqid edən məqalə ilə çıxış edib.

Moderator.az həmin məqaləni təqdim edir.

“Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistanın "inqilabçı" hökumətinin transformasiyası tam sürətlə davam edir. Və təəssüf ki, son iki il yarımda gerçəkliklər Nikol Paşinyanın xarici siyasət də daxil olmaqla bir çox sahədəki siyasətinin tamamilə transformasiyasına gətirib çıxardı. Bu gün Serj Sarkisyanın "səhv" xarici siyasət fəaliyyəti barədə bütün tribunalardan qışqıran keçmiş atəşli müxalifətçinin izi – tozu da qalmayıb.
Nümunələr üçün uzağa getmək lazım deyil. Ermənistan Xarici işlər naziri Zohrab Mnatsakanyan İnterfaks-a verdiyi müsahibəsində "Gümrüdəki 102-ci Rusiya hərbi bazasının yerləşməsi bölgədə təhlükəsizliyin təmin olunmasına kömək etdiyini və İrəvan onun qorunub saxlanılmasında maraqlı olduğunu" bildirib. “Ermənistanla Rusiyanın təhlükəsizlik sahəsində ortaq maraqları var və bu qarşılıqlı maraqlar əsasında təhlükəsizliyi təmin etmək üçün ortaq bir hədəfə gəlirik. Hərbi baza da bu hədəfə çatmağı mümkün edir” - Mnatsakanyan deyib.
Ancaq xatırlayırıq, müxalifətçi millət vəkili olduğu zaman hazırkı baş nazir demək olar ki, hər gün Rusiya ilə hərbi müqaviləyə yenidən baxılması və 102-ci Rusiya bazasının Ermənistandan çıxarılması barədə danışırdı. Paşinyan, Ermənistanın Avrasiya İqtisadi Birliyi və KTMT-yə üzvlüyünün ölkəmizin və xalqımızın mənafeyinə cavab verməməsi, gələcəyimizin yalnız NATO, AB və ABŞ-la olmasından çox danışırdı. Ancaq Paşinyanın “məxməri inqilabı” nın Ermənistanda qalib gəlməsindən iki il yarım keçib və necə deyərlər, peyin hələ də yerində qalır. Hələ də AİB və KTMT-nin üzvləriyik, hərbi baza hələ də ölkəmizin ərazisində yerləşdirilib və Qərbə doğru hərəkətdən əsər-əlamət yoxdur. Üstəlik, Paşinyan da Köçəryan və Sarkisyan kimi, Qərbdə onsuz da rusiyapərəst bir siyasətçi kimi qəbul edilir. Kifayətdir ki, beynəlxalq təşkilatların Bakının Qarabağı ələ keçirmək istəyinə necə razılıq verdiyinə baxasan, aydın olur ki, Qərbdə Paşinyana münasibət artıq inqilabdan sonrakı ilk aylarda olduğu kimi deyil.
Ancaq Paşinyan tərəfindən yalnız sadəlövh avropalılar və amerikalılar aldadılmadı. Xeyr, o 2018-ci ilin aprelində onu Gümrüdən İrəvanadək müşayət edən xalqını da barmağına dolamağı bacardı. Xalq elə bilirdi ki, birincisi, ölkədə həyat yaxşılaşacaq, ikincisi, biz nəhayət sivil Qərbin yanında olacağıq, gözümüzün önündə çürüyən Rusiya ilə bir olmayacağıq. O Rusiya ki, Ermənistana təsirini yalnız geniş yayılmış “beşinci kolon” sayəsində deyil, həm də 102-ci bazanın simasında dəyənəyinin köməyi ilə qoruyur.
102-ci bazanın təhlükəsizliyimizin qarantı olduğuna inanan cənab Mnatsakanyana bircə sual vermək istərdim. "Doğrudanmı o qədər uzaqgörən deyilsən, yoxsa bizim axmaq olduğumuzu düşünürsən?"
Azərbaycan tankları hətta sərhədi keçib Ermənistan ərazisini işğal etsə də Rusiya bizə kömək etməyəcək. Axı burda kirpiyə də məlumdur ki, bu baza bizim təhlükəsizliyimiz üçün deyil, Rusiyanın bölgədəki hərbi varlığını qorumaq və geosiyasi ambisiyalarını təmin etmək üçündür. Ancaq şübhə etmirəm ki, maraqlarına təhlükə olarsa, Moskvanın Ermənistandakı ordusuna uyğun əmr verəcəkdir. Yoxsa Paşinyan və Mnatsakanyan bunu başa düşmürlər? Əminəm ki, başa düşürlər, amma oyuncaq ayılara çevrilmələri artıq o yerə çatıb ki, nəinki həqiqətlə üz-üzə gələ bilmirlər, heç hakimiyyətə can atdıqları zaman bizə vəd etdiklərini də yerinə yetirə bilmirlər ...”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR