Xəlvəti prezident və aşkar həqiqətlər...

26-09-2020, 17:20 200 dəfə baxılıb

Bəli, bu həftə Belarusun dövlət başçısı Aleksandr Lukaşenko növbəti inauqurasiya mərasimi keçirərək özünün 1994-cü ildən başlayan və onsuz da uzun olan prezidentlik müddətini bir az da uzatdı.

Amma bu, bir azca qeyri-adi inauqurasiya oldu. O qədər qeyri-adi ki, bütün Avropa KİV-ləri, o cümlədən də məşhur Euronews onu “gizlin inauqurasiya” adlandırdı, çünki onların məlumatlarına görə, A.Lukaşenko növbəti andiçmə mərasimini elan etmədən, xarici qonaqlar belə olmadan keçirdi.

Üstəgəl, Lukaşenkonun hətta gizlin inauqurasiyası çox da kütləvi olmayan etiraz aksiyaları ilə müşayiət olundu, çünki əbəs yerə demirlər ki, bu dünyada Yerin də, divarların da qulaqları var, xüsusən də nə qədər çalışsan da hakimiyyət məsələsini gizlədə bilməzsən, hamı olmasa da, ən azı bir qism narazı insan bundan mütləq xəbər tutacaq...

Amma bu, özü də çox böyük ehtimal ki, pandemiya ilinin sonuncu böyük siyasi hadisəsindən başqa nəticələr də çıxarmaq olardı. Düzdür, onlar elə də ürəkaçan deyillər, fəqət, nə olsun ki? Biz onları ilin kədərli hadisələri və nəticələri sırasına yazarıq - ən əsası odur ki, əvvəl onları bir nəzərdən keçirib saf-çürük edək...

Birincisi, razılaşmaq lazım gəlir ki, Lukaşenko növbəti dəfə Belarusun prezidenti elan olundu, baxmayaraq ki, nəinki aparıcı Avropa ölkələri və hətta postsovet məkanının demokratik düşərgəsi onu qanuni, legitim prezident kimi tanımadığını və Belarusda təkrar seçkilərin keçirilməsinin zəruri olduğunu bəyan etdi.

İkincisi, Belarusun demokratik müxalifəti bu dəfə də Batka ilə bacarmadı, baxmayaraq ki, etirazlar hələ tam dayanmayıb, onlar hələ də adda-budda davam edir, bütün hallarda, qeyd etmək lazım gəlir ki, onların pik nöqtəsi artıq arxada qalıb.
Əlbəttə, inqilablar, o cümlədən də rəngli inqilablar təkcə seçkidən seçkiyə olmur, onların qrafiki reqlamentləşdirilməyib, bu inqilablar insanların ovqatından, müxalifətdən və onların liderlərindən, eləcə də ölkə ətrafındakı xarici situasiyadan asılıdır.
Hələliksə bir mühüm detalı konstatasiya etmək olar: Lukaşenkonun bu prezidentliyi çox çətin olacaq, böyük ehtimalla, 1994-cü ildən indiyədək o, ilk dəfə özünün nə qədər zəif olduğunu anladı. Bunun nəticəsi, necə deyərlər, siyasi dərsi bu oldu ki, növbəti beş il ərzində Lukaşenko heç vaxt olmadığı qədər Kremldən və onun təlimatlarından asılı olacaq, çünki onun Qərbə yolu tamam bağlanıb – demokratik Qərbin dövlətləri nəinki onu qeyri-qanuni prezident adlandırır, hətta ölkəsinə və komandasına qarşı sanksiyalar tətbiq edəcəklərini də deyirlər.

Etiraf edirik ki, bizi bu proseslərdə təkcə demokratik motivlər, hətta demokratiyanın daha geniş məkana, daha çox keçmiş sovet ölkəsinə yayılması maraqlandırmırdı. Yox, bu hadisələrin lap əvvəldən həm də geosiyasi məzmunu və iqtiqaməti vardı. Rusiyanın Belarusu itirməsini yalnız Ukraynanın itirilməsilə müqayisə etmək olardı.

Bu halda, yəni Minskdə demokratların hakimiyyətə gələcəyi təqdirdə Rusiya bir neçə Orta Asiya ölkəsi və bir də dılğır Ermənistanla qalardı.

Sonuncu, yəni Ermənistan, Qərb və Rusiya arasında “şpaqata oturmaq” üçün fürsət gözləyir və onu Rusiyanın siyasi və geosiyasi orbitində hələ bircə amil saxlayır: o, da Dağlıq Qarabağ məsələsidir...

Amma təəssüf ki, bu, baş vermədi. Belarus bu dəfə də Avropa ölkəsi ola bilmədi, Moskvaya daha çox yaxınlaşdı və sonuncu da Rusiyanın keçmiş sovet ölkələrinə təzyiqinin artması ilə müşayiət olunacaq və demək lazımdır ki, artıq bu, baş verir: Rusiyanın geosiyasi qabarmaları və çəkilmələri çox yerdə, hətta Cənubi Qafqazda duyulmaqdadır. Bunun bir səbəbi də budur ki, Vladimir Putin də ruslara “Rusiyanı keçmiş sovet ölçülərinə qədər böyüdəcəyini” vəd etməkdən savayı heç nə bacarmır və bu baxımdan onun da hakimiyyət ideologiyası və taktikası N.Paşinyanın hakimiyyət fəlsəfəsinə bənzəyir: sonuncu da öz reytinqini artırmaq üçün anti-Azərbaycan çıxışlarını gündən-günə artırır.

Üstəlik, bizə elə gəlir ki, Paşinyanın və komandasının hərbi ritorikasının bir Rusiya məzmunu da var və burada Rusiyanın izinin olmadığını sübut etmək, bizim zənnimizcə, çox çətin olardı...

Putin təkrar hakimiyyətə qayıdandan, xüsusən də Rusiya konstitusiyasına son düzəlişlər qəbul ediləndən sonra biz dəfələrlə belə yazmışıq ki, o, siyasi karyerasının qalan hissəsini özünün sovet planlarına və layihələrinə həsr edəcək – bir daha deyirik ki, o, başqa heç nə bacarmır.

Amma qədim yunan məsəli var: bir çaya iki dəfə girmirlər. Üstəgəl, Avropa İttifaqı, onun ayrı-ayrı ölkələri də dərhal ağ bayraq qaldırıb təslim olmur. Son bir ildə kontaktların zəifləməsi əsasən hamını boğaza yığmış pandemiya ilə bağlıdır. Amma müvəqqəti çətinliklərə rəğmən onların təmsilçiləri postsovet məkanını da unutmur. Məsələn, elə dünən Azərbaycan prezidenti Avropa İttifaqının Cənubi Qafqaz üzrə təmsilçisi Toyvo Klaarı qəbul etdi. Gələn həftə isə İsveçin xarici işlər naziri Ann Linde Bakıya səfərə gələcək və qeyd edək ki, onun da səfəri qismən Şərq Tərəfdaşlığı Proqramı ilə bağlı olacaq.
Odur ki, adam ixtiyarsız qədim ellinlərin daha bir zərb məsəlini xatırlayır: hər şey axır və hər şey dəyişir! Sonda qeyd edək ki, kimlər, hansı ölkələr bunu unudur, onlar axırda uduzurlar...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR