Bayden Türkiyəyə eyham vurur: - ya imtina , ya da sanksiya

22-01-2021, 21:35 51 dəfə baxılıb

Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Baş katibi Yens Stoltenberqlə görüşüb. Brüsseldə səfərdə olan türkiyəli nazir ittifaq içində birlik və həmrəyliyin daha da gücləndirilməli olduğunu bildirib.

"Ölkəmiz ittifaqın qorunmasında kritik və aparıcı rol oynayır. Əfqanıstan və İraqda NATO missiyalarını dəstəkləməyə davam edəcəyik”.

Görüş barədə "Sherg.az”a danışan siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, ABŞ-da Co Baydenin hakimiyyətə gəlməsi dünyada müəyyən dəyişikliklərin ola biləcəyi ilə bağlı ehtimalları artırıb. Onun sözlərinə görə, ABŞ NATO-da qeyri-rəsmi patron sayılır:

"Bu hərbi-siyasi alyansda əsasən Ağ Evin maraqlarına uyğun qərarlar qəbul edilir. Yəni, rəsmi Vaşinqton adıçəkilən qurumda əsas söz sahibi olan superdövlətdir.

Düzdür, son illərdə bu məsələdə müəyyən fərqli situasiya yaranıb. Tramp administrasiyası NATO da daxil olmaqla, bəzi önəmli beynəlxalq qurumlarda fəaliyyətini nisbətən arxa plana çəkmişdi. Yeni prezident Co Bayden isə vaxtilə mövcud olmuş imkanların təkrar bərpa ediləcəyinin mesajlarını artıq indidən verməyə başlayıb. Təbii ki, bu, Türkiyənin maraqlarına o qədər də cavab vermir.

Çünki ABŞ ilə Türkiyə arasında kifayət qədər ciddi problemlər mövcuddur. Üstəlik, Bayden administrasiyası hakimiyyətə gələr-gəlməz dərhal ABŞ-Türkiyə münasibətlərində olan problemləri ön plana çıxartmağa çalışmaqdadır. Artıq ABŞ-Türkiyə müttəfiqliyinin təftiş olunmasına müəyyən cəhdlər var.

Xüsusilə də Türkiyənin Rusiyadan satın aldığı "S-400" zenit raket kompleksləri ilə bağlı iradlar gündəmə gətirilməyə başlayıb. ABŞ NATO ölkəsinin Rusiyadan silah almasının yolverilməz olduğunu qabardır. Və "S-400" raketlərinin aktivləşdirilməsinin NATO anlaşmalarına zidd olduğunu iddia edir. Bu məsələ həll olunmasa, Türkiyənin sanksiyalara məruz qalacağına eyham vurur”.

E.Xalidbəyli Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun NATO baş katibi ilə görüşünün böyük önəm daşıdığını söyləyib:

"Çünki M.Çavuşoğlunun bu görüşdə "S-400" raketlərindən qaynaqlanan problemi NATO baş katibi ilə müzakirə edəcəyi qətiyyən istisna deyil.
Problemin içərisində NATO da dolayısı ilə yer almaqdadır. Böyük ehtimalla Türkiyənin xarici işlər naziri ölkəsinin arqumentlərini qabartmağa çalışacaq. Çünki bu məsələdə əslində Türkiyə haqlı durumdadır.

Türkiyənin hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var idi. Həmin sistemləri NATO Türkiyəyə vermədi. Eyni zamanda ABŞ bu tipli silahları Türkiyəyə satmaq istəmədi.

Ona görə də, rəsmi Ankara NATO ölkələri üçün nəzərdə tutulmuş "Patriot" raket sistemlərinə alternativ olaraq, Rusiyadan "S-400" raketləri almaq məcburiyyətində qaldı.

Digər tərəfdən, ABŞ-la Türkiyə arasında "F-35" hərbi təyyarələri ilə bağlı da ciddi problemlər mövcuddur. Türkiyə pulunu ödəsə də, ABŞ həmin təyyarələri Türkiyəyə verməkdən yayınır. Üstəlik, ödənilən bir neçə milyard dollarlıq məbləği də geri qaytarmaq istəmir”.

Analitikin sözlərinə görə, rəsmi Ankara bilir ki, Bayden administrasiyası "S-400" mövzusunun NATO daxilində müzakirə olunmasına çalışacaq:

"Ona görə də Mövlud Çavuşoğlu indidən həmin prosesə hazırlaşır. Öz arqumentini NATO rəhbərliyinin diqqətinə çatdırmağa üstünlük verir.
Türkiyənin bu qabaqlayıcı addımları problemin NATO daxilində müzakirəsi zamanı rəsmi Ankaraya müəyyən üstünlüklər qazandıra bilər”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR