ABŞ-ın Qara dəniz kartına qarşı Rusiyanın Yaxın Şərq kartı - TƏHLİL

13-03-2021, 16:54 97 dəfə baxılıb

Rusiya prezidenti Vladimir Putin dünən Milli Təhlükəsizlik Şurasının toplantısını çağırdı. Toplantıda Yaxın Şərq məsələsi masaya yatırıldı. NATO qüvvələrinin Qara dənizdə hərbi gəmiləri və təyyarələri ilə at oynatdığı bir zamanda Rusiya Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq məsələsini müzakirə etməsi ilk baxışdan xeyli məntiqsiz görünə bilər. Fəqət toplantıdan bir gün əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrovun 3 günlük Yaxın Şərq tutundan geri qayıtması Kremlin bu məsələyə ən yüksək səviyyədə diqqət ayırmasının gəlişigözəl təşəbbüs olmadığını göstərir. Görünən budur ki, Kreml də Ağ evə onun öz məntiqilə cavab verməyə hazırlaşır: iki əzəli rəqib arasında bir-birinin arxa bağçasını ələ keçirmək yarışı qızışır.

Maraqlıdır ki, ABŞ Baltik – Qara dəniz – Xəzər hövzəsində rus imperializminin təhdidlərinə qarşı təsirli olduğu kimi, Rusiya da Yaxın Şərq ölkələrinin ümid qapısına çevrilib. Lavrovun bölgəyə son səfərindən Rusiya Milli Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılacaq qədər "əlidolu” qayıtması da buna dəlalət edir.

Rusiyanın Yaxın Şərq ölkələrində təsir gücünü artırması SSRİ dövründən başlasa da, ərəb diktaturalarının ümidgahına çevrilməsinin tarixi olduqca yenidir. 2015-ci ildə Suriyaya müdaxilə edən Rusiya ABŞ-ın Böyük Yaxın Şərq proyektini yarıda kəsmiş, bölgənin nizamlanmasında ən təsirli qüvvə halına gəlmişdir. Ağ evin bütün səylərinə baxmayaraq, Kremlin bu etkinliyinin qarşısının alına bilməməsi ərəb dünyasının tədricən rus hegemoniyasının orbitinə girməsi ilə nəticələnmişdir. Təbii ki, bu tendensiyada super güclərin bölgəyə vəd etdikləri yeni siyasi nizamlama tədbirlərinin də təsiri böyük olmuşdur. Zira ABŞ "ərəb baharları” ilə Yaxın Şərqin oturuşmuş nizamını dəyişdirmək istərkən, Rusiya onları qorumağa çalışır. Beləcə, dünənə qədər düşmən olduğu Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər kimi ölkələri belə, öz müttəfiqinə çevirməyi bacarıb.

Rusiyanın bu təşəbbüsləri Moskva üçün həm də yeni iqtisadi imkanlar yaradır. Kreml Yaxın Şərq ölkələri ilə əməkdaşlıqları sayəsində həm yeni silah bazarı qazanır, həm çoxmilyardlı nüvə energetikası layihələrinə girir, həm də dünya neft bazarında qiymətlərin tənzimlənməsində önəmli rol oynayır. Təsadüfi deyil ki, SSRİ dövründə enerji bazarında Rusiyanın əsas rəqibi kimi ortaya çıxan OPEC ölkələri ilə əməkdaşlığı onun Suriyaya müdaxiləsindən sonra daha da güclənmiş, ötən ildən başlayaraq OPEC+ toplantıları sayəsində enerji bazarına təsir imkanı əldə etmişdi. Xüsusilə Səudiyyə Ərəbistanının ənənəvi cizgisindən uzaqlaşaraq, neft hasilatını azaltmaq yolu ilə dünya ikinciliyini Rusiyaya buraxması yeni dövrün ən maraqlı təzahürləri kimi ortaya çıxır. Mütəxəssislərin fikrincə, Səudiyyə Ərəbistanı və digər körfəz ölkələri ilə OPEC+ çərçivəsində əməkdaşlıq Rusiyaya 2016-cı ilin sonundan indiyədək 150 milyard dollardan çox əlavə vəsait qazandırmışdır.

Başda Səudiyyə Ərəbistanı olmaqla, körfəz ölkələrinin Rusiyaya yaxınlaşmasında ABŞ-ın da "günahı” az deyil. Belə ki, ABŞ-ın neft bazarında qiymətləri ucuzlaşdırmağa yönəlik strategiyası təkcə Rusiyanı deyil, iqtisadiyyatı "qara qızıl”dan asılı olan Yaxın Şərq ölkələrini də ciddi təhdid edir. Üstəlik, dünənə qədər ABŞ-ın təşviqləri ilə regiona nəzarət uğrunda digər ölkələrlə amansız rəqabətə girən Səudiyyə Ərəbistanı və ona bağlı körfəz ölkələri Vaşinqton tərəfindən əvvəlki qədər müdafiə olunmurlar. Hətta Yəmən husiləri timsalında gördüyümüz kimi, Riyad düşmənlərinə qarşı mübarizədə Vaşinqtonun silah embarqolarına məruz qalır, bu da onu yeni tədarükçülər axtarmağa vadar edir. Rusiya isə yaranmış fürsətdən istifadə edərək körfəz ölkələrinə öz silahlarını satmağa çalışır. Rusiya lideri Vladimir Putinin 2019-cu ildə dilə gətirdiyi aşağıdakı fikirlər də siyasi fürsətciliyin bariz nümunəsidir: "İran Rusiyadan S-300, Türkiyə isə S-400 almaqla hava hücumlarından müdafiə sistemlərini möhkəmlətdiyi kimi, Səudiyyə Ərəbistanı da eyni istiqamətdə ağıllı bir dövlət qərarı ala bilər”.

Moskva ilə Riyad arasında yaxınlaşma rus ordusunun Suriyaya müdaxiləsindən sonraya təsadüf edir. ABŞ-ın himayəsi ilə Bəşər Əsəd rejimini yıxmağa çalışan Riyad rus əngəli ilə üzləşdikdən sonra ciddi şoka düşmüş və öz qınına çəkilmişdi. Vaşinqtonun hərəkətsizliyi Səudiyyə krallığını əvvəl Rusiya qarşısında geri çəkilmək, sonunda isə onunla qol-boyun olmaq məcburiyyətində buraxmışdı. Kral Salman bin Əbdüləzizin 2017-ci ildə Rusiyaya səfəri ikitərəfli münasibətlər baxımından dönüş nöqtəsi oldu. Həmin səfər zamanı kral, rus iqtisadiyyatına 10 milyardlarla dollar investisiya qoymaq barədə müqavilə imzaladı. Bu da ağır böhran dövründə Moskvaya xilasedici kəmər hədiyyə etmək mənasına gəlirdi. Rusiya lideri Putinin 2019-cu ildə Səudiyyə Ərəbistanına rəsmi səfəri iki ölkə arasındakı siyasi və ticarət əlaqələrini daha da məhkəmləndirdi.

İki ölkə arasındakı digər vacib əməkdalıq müdafiə sənayesi üçün bağlıdır. ABŞ Prezidenti Cozef Bayden hakimiyyəti Səudiyyə Ərəbistanına Yəmən müharibəsində istifadə olunan silah satışını dayandırmaq qərarına gəldikdən sonra Moskva bu böhranı bir fürsətə çevirmək istəyir. Rusiya mətbuatının yazdığına görə, Lavrovun son Yaxın Şərq səfərində S-400 hava hücumundan müdafiə sistemləri də daxil olmaqla bəzi rus silahlarının satışını masaya yatırdığı bildirilir.

Moskva digər körfəz ölkələri ilə də iqtisadi əlaqələrini gücləndirməkdədir. Üstəlik, həmin ölkələrlə iqtisadi əməkdaşlıqlar ölkənin qeyri-neft sektorunun inkişafına təkan verir ki, enerji bazarının öldüyü indiki zamanda bu, Moskvaya hava-su kimi lazımdır. Rusiyanın iqtisadi əlaqələrini gücləndirdiyi ölkələrdən biri də Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). Ötən il körfəzin bu cırtdan ölkəsi ilə ticarət dövriyyəsini 80% artaran Rusiya alış-veriş həcmini 3 milyard 270 milyon dollara yüksəldə bilmişdir.

Təbii ki, bu əməkdaşlıqda qazanan təkcə Rusiya deyil. BƏƏ də bu əməkdaşlıqdan az gəlir əldə etmir. Rəsmi statistikalara inansaq, hər il Rusiyadan bu ölkəyə 1 milyondan çox turist gəlir. Moskva öz cazibə qüvvəsini artırmaq üçün ikitərəfli əməkdaşlıqda qarşı tərəfə də qazanc yeri buraxır, xüsusilə mühafizəkar ərəb toplumunun rus turistlərinə vurğunluğundan yetərincə faydalanır.

Rusiyanın BƏƏ ilə ticari əlaqələrdə əsas qazandığı sektor isə silah sənayesidir. ABŞ-ın silah embarqosu ilə üzləşən BƏƏ təkcə bu ilin ilk iki ayında Rusiyadan 500 ədəd polis vertalyotu alıb. Hazırda iki ölkə arasında MiG-29 qırıcı təyyarələrinin birgə istehsalı, Su-35 qırıcı təyyarələrinin alınması ilə bağlı danışıqlar aparılır. Bundan əlavə, BƏƏ Rusiya tərəfindən istehsal olunan Pantsir-SM hava müdafiə sistemlərinin və Kornet-EM tank əleyhinə sistemlərinin "daimi müştərisidir". Ümumiyyətlə, Yaxın Şərqdəki təcavüzkar hərbi hərəkətləri ilə fərqlənən və qazandığını ərəb ölkələrində qan tökməyə xərcləyən BƏƏ-nin müdafiə sənayesindəki əsas təchizatçı ölkələrdən biri Rusiyadır. Hərbi müqavilələr adətən gizli tutulduğundan rus hərbi sənayesinin BƏƏ-dən nə qədər qazandığı bəlli deyil.

Rusiya hazırda BƏƏ ilə silah ticarətini artırmaq istəyir. Bunun üçün isə ərəblərin bir-birini qırması, İran təhdidi qarşısında yuxusunun ərşə çəkilməsi lazımdır. Elə buna görə də Moskva təkcə Səudiyyə Ərəbistanı ətrafında fırlanan ölkələrlə deyil, onların əks qütbündə yer alan və Yaxın Şərqdə "ərəb baharı” inqilablarının əsas sponsoru kimi çıxış edən Qətərlə də iqtisadi-siyasi əlaqələrə böyük önəm verir. Baxmayaraq ki, Qətər təbii qaz sahəsində Rusiyanın ən önəmli rəqiblərindən biridir. Digər tərəfdən, Qətər və Rusiya, "ərəb baharı”nın yaşandığı Suriya, Misir və Liviya kimi ölkələrdə fərqli qrupları dəstəkləməklə tanınırlar. Üstəlik, Qətərin ərazisində 2 ABŞ hərbi bazası var və s. Bütün bunlara rəğmən, Rusiya Qətəri Səudiyyə Ərəbistanına qarşı regional tarazlığın bir elementi kimi görür və bu ölkəni də özünə yaxın tutmağa çalışır.

Qətər də hər ehtimala qarşı Moskvanın bu "xoşməramlı” niyyətinə əvəzsiz qalmır. Qərbin sanksiyaları üzündən maliyyə çətinliyi çəkən Rusiyaya maddi dəstək verir. Bir növ, öz gühanını puluyla yumağa səy göstərir. Qətər İnvestisiya İdarəsinin (QIA) 2019-cu ildə Rusiyanın ən böyük neft istehsalçısı olan "Rosneft”in səhmlərinin 18,93%-ni 11 milyard dollara satın alması, 2018-ci ildə Peterburq Havalimanının səhmlərinin təxminən 25%-nə yiyələnməsi özünün və Rusiyanın maraqlarını birləşdirmək niyyətindən qaynaqlanır. Çünki Doha yalnız iqtisadi maraqların ən yaxşı təhlükəsizlik çətiri olduğunu anlayır.

Əslində Qətərin 4 tərəfdən düşmən qardaşlar əhatəsində qalması da Rusiyanın silah sənayesinin işinə yarayır. Bu təhlükəli vəziyyət rəsmi Dohanı rus silahlarına möhtac hala gətirir. Təsadüfi deyil ki, ölkə S-400 hava hücumundan müdafiə sistemini almaq üçün Moskva ilə də danışıqlar aparır.

Bir sözlə, Rusiyanın Yaxın Şərq ölkələri ilə bağlı siyasəti çox mürəkkəb prinsiplər üzərində qurulub. "Eyni məhəllənin uşaqlarını döyüşdür, hər ikisinə silah sat və yaxşı himayədar olduğun üçün hamının hörmətini ("hörmət”in post sovet məkanında həm də rüşvət mənasına gəldiyi unudulmamalıdır) qazan” - bu prinsip digər imperialist qüvvələr kimi, Rusiyanın da ənənəvi xarici siyasətinin təməlini təşkil edir. Necə ki, eyni siyasəti Cənubi Qafqazda bizimlə Ermənistan arasında da yürüdür.

Heydər Oğuz,
Ovqat.com


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR