ABŞ, Avropa Birliyi, Rusiya, Türkiyə, İran və Çin Cənubi Qafqazın gələcək nəqliyyat-kommunikasiya arxitekturasında pay sahibi olmağa çalışırlar... Ona görə də, Paşinyan hakimiyyəti Ermənistanın iştirakı ilə planlaşdırılan bütün yeni dəmir yolu marşrutlarının tam şəkildə reallaşdırılmasında maraqlıdır...
Rəsmi İrəvan Qərbə yaxınlaşma siyasi kursunda israrlı mövqeyini davam etdirir. Paşinyan hakimiyyəti Ermənistanı “Rusiyanın orbiti"ndən çıxartmaq niyyətini artıq qətiyyən gizlətmir. Və baxımdan, Kreml Paşinyan hakimiyyətinin Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində Avropaya açdığı "dəmir yolu pəncərəsi"ni Rusiya üçün yalnız geoiqtisadi deyil, həm də geostrateji istiqamət üzrə də real təhlükə hesab edir.
Onu da qeyd etmək lazımdır ki, Ermənistan baş naziri Nikol Paşinyanın bu mövzuda son açıqlamaları Cənubi Qafqazda yeni geopolitik mərhələnin başlanmaq üzrə olduğunu göstərir. Belə ki, erməni baş nazir Axalkalaki-Qars dəmir yolu xəttinin Ermənistan üçün artıq açıldığını rəsmən elan edib. Bu, əslində, yalnız geoiqtisadi layihə deyil, həm də Ermənistanın xarici siyasət kursunda geostrateji dönüşün simvolu sayılır. Və ona görə də, bütün bunlara Kremlin sərt reaksiyası isə Paşinyan hakimiyyəti dönəmində Ermənistanı artıq etibarlı geopolitik müttəfiq kimi görmədiyini sezdirir.
Məsələ ondadır ki, baş nazir Nikol Paşinyanın açıqlamasına görə, Ermənistan artıq Gürcüstan və Türkiyə üzərindən birbaşa Avropa bazarına dəmir yolu çıxışı əldə edib. Erməni baş nazir bunu ölkəsinin iqtisadi həyatında “böyük hadisə” adlandırıb və həm Türkiyəyə, həm də Gürcüstana təşəkkür edib. Halbuki, Ermənistanın Türkiyə münasibətləri uzun illər qapalı sərhədlər, tarixi qarşıdurma və regional geopolitik ziddiyyətlərlə xarakterizə olunub. Və indi isə rəsmi İrəvanın ilk dəfə olaraq, Türkiyəni Ermənistanın əsas geoiqtisadi tranzit tərəfdaşlarından biri kimi təqdim etməsi Rusiyanı narahat edən önəmli faktordur.
Bütün bunlar onu göstərir ki, əslində, rəsmi İrəvanın əsas məqsədi Ermənistanı Rusiyaya bağlı nəqliyyat-kommunikasiya sistemindən çıxartmaqdır. Yəni, Paşinyan hakimiyyəti Ermənistanı daha perspektivli alternativ nəqliyyat-kommunikasiya və logistika şəbəkələrinə inteqrasiya etdirməyə cəhd göstərir. Bu isə Kremlin Cənubi Qafqazdakı ən önəmli təsir mexanizmlərindən birinin sarsıdılması deməkdir. Çünki indiyə qədər Ermənistanın xarici ticarəti və strateji yük daşımaları əsasən Rusiya-Gürcüstan marşrutu üzərindən reallaşdırılırdı.
Ancaq indi TRIPP layihəsi isə bu prosesin daha böyük geoiqtisadi anlam daşıdığını göstərir. Çünki baş nazir Nikol Paşinyanın sözlərinə görə, yaxın gələcəkdə Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan və daha sonra isə Naxçıvan üzərindən Ermənistan-İran dəmir yolu əlaqələrinin açılması planlaşdırılır. Üstəlik, əgər, bu layihə reallaşarsa, Cənubi Qafqaz tamamilə yeni nəqliyyat-kommunikasiya xəritəsinə daxil edilmiş olacaq. Nəticədə Çin, Orta Asiya, Xəzər hövzəsi, Azərbaycan, Türkiyə və Avropa arasında formalaşacaq alternativ tranzit marşrutlarına inteqrasiya Ermənistana inkişaf perspektivləri aça bilər.
Təbii ki, bütün bunlar Ermənistan üçün iqtisadi blokadadan çıxış imkanları ilə yanaşı, həm də bu ölkənin geopolitik manevr məkanını da genişləndirəcək. Digər tərəfdən, bu marşrutların açılması Rusiyanın Cənubi Qafqaz regionundakı nəqliyyat-kommunikasiya monopoliyasını da ciddi şəkildə zəiflədəcək və Kreml hazırda məhz buna görə narahatdır. Ona görə də, Rusiya xarici işlər naziri Sergey Lavrovun və Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin Paşinyan hakimiyyəti əleyhinə son açıqlamaları qətiyyən təsadüfi deyil.
Çünki Kreml Ermənistandakı prosesləri artıq geopolitik təhlükə kimi qəbul edir. Sergey Lavrov açıq şəkildə bildirib ki, Qərb Rusiyanın müttəfiqlərini Kremlin təsir dairəsindən çıxartmağa çalışır və bu baxımdan, Ermənistanı da “yanlış məntiqə” sürükləyir. Rusiya diplomatın bu ritorikası isə əslində, Kremlin Ukrayna, Gürcüstan və Moldova ilə bağlı illərdir ki, təkrarlanan ənənəvi tezislərinin Ermənistan versiyasıdır. Yəni, Kreml hesab edir ki, Qərb Ermənistanı addım-addım Rusiyanın təsir zonasından çıxarmağa çalışır. Üstəlik, Rusiya Kreml üçün ən təhlükəli məqam isə Ermənistanın artıq yalnız siyasi deyil, iqtisadi və logistika baxımından da önəmli alternativlər əldə etməsidir.
Ona görə də, Dmitri Medvedevin son açıqlamaları ilə Kreml Ermənistana qarşı enerji faktoru üzərindən təzyiq etməyə cəhd göstərir. O, Ermənistanın Avropa qaz qiymətlərinə keçəcəyi təqdirdə, əhalinin Paşinyan hakimiyyətini devirə biləcəyini iddia edib. Bu açıqlama əslində, Kremlin Paşinyan hakimiyyətinə gizli mesajıdır. Kreml Ermənistan iqtisadiyyatının hələ də enerji baxımından, Rusiyadan ciddi şəkildə asılı olduğunu xatırladır. Çünki hazırda Ermənistan Rusiyadan güzəştli qiymətlər ilə enerji alır və bu Kremlin rəsmi İrəvan üzərində əsas təsir faktorlarından biridir.
Belə ki, əgər Ermənistan həqiqətən də Avropa yönümlü kursu sürətləndirərsə, Kreml enerji tarifləri, iqtisadi təzyiqlər və ticarət məhdudiyyətləri vasitəsilə Paşinyan hakimiyyətinə ölkədaxili sosial-siyasi böhran yarada bilər. Halbuki, Ermənistanın xarici siyasət kursundakı dəyişikliklərin əsas səbəblərindən biri məhz İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıqlardır. Və həm Ermənistan cəmiyyətində, həm də siyasi elitasında Rusiyanın təhlükəsizlik zəmanətlərinin effektivliyi ilə bağlı artıq ciddi şübhələr yaranıb.
Məsələ ondadır ki, rəsmi İrəvan Kremlin Ermənistanın təhlükəsizliyini əvvəlki səviyyədə qorumaqda maraqlı olmadığı qənaətindədir. Ona görə də, Paşinyan hakimiyyəti Cənubi Qafqazda daha çox Azərbaycan-Türkiyə-Rusiya balansına uyğun davranmağa məcbur qalıb. Bu səbəbdən də Paşinyan hakimiyyəti son vaxtlar Avropa Birliyi, ABŞ və xüsusilə də Fransa ilə münasibətləri sürətlə genişləndirir. Hətta Fransa indi Ermənistanın əsas Qərb tərəfdaşlarından birinə çevrilib. Və rəsmi Paris Rusiyanın Cənubi Qafqazda zəifləməsindən istifadə edərək, regionda öz geopolitik mövqeyini gücləndirməyə çalışır.
Bütün bunlara paralel olaraq, rəsmi İrəvan hələlik Rusiya ilə tam qarşıdurmadan yayınmağa da cəhd göstərir. Xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, heç vaxt Ermənistan ərazisindən Rusiyaya qarşı istifadəyə imkan verilməyəcək. Bu açıqlama onu göstərir ki, Ermənistan hələ də balans siyasəti yürütməyə məcburbur. Çünki İrəvan anlayır ki, Rusiya ilə açıq qarşıdurma həm iqtisadi, həm enerji, həm də təhlükəsizlik baxımından, Ermənistan üçün böyük fəlakət törədə bilər.
Ancaq bununla belə, regionda baş verən son proseslər onu göstərir ki, Ermənistan artıq əvvəlki kimi yalnız Rusiyanın "geopolitik orbit"ində qalmaq niyyətində də deyil. Çünki Cənubi Qafqazda hazırda nəqliyyat-kommunikasiya dəhlizləri, enerji marşrutları və logistika xətləri uğrunda çox ciddi geopolitik mübarizə gedir. Belə ki, ABŞ, Avropa Birliyi, Rusiya, Türkiyə, İran və Çin bu regionun gələcək nəqliyyat-kommunikasiya arxitekturasında pay sahibi olmağa çalışırlar.
Ona görə də, rəsmi İrəvan Ermənistanın iştirakı ilə planlaşdırılan yeni dəmir yolu marşrutlarının tam şəkildə reallaşmasında maraqlıdır. Üstəlik, bu, yalnız Ermənistanın deyil, bütövlükdə Cənubi Qafqazın geopolitik xəritəsini tamamilə dəyişə bilər. Eyni zamanda, bu regionda Rusiya-Qərb qarşıdurmasının daha təhlükəli mərhələyə keçmə ehtimalını da artırmış olar. Bu baxımdan, yeni dəmiryolu xətlərinin açılması Ermənistan üçün sadəcə, geoiqtisadi hadisə deyil. Yəni, bu, əslində, Ermənistanın geopolitik istiqamət dəyişikliyinin başlanğıcı və Cənubi Qafqazda yeni güc balansının önəmli formalaşma əlamətlərindən biri hesab oluna bilər.musavat.com
loading...