Böyük Britaniyada ABŞ hərbi təyyarələrinin yerləşdiyi strateji hava bazasına qarşı ehtimal olunan hücum planı Londonla Tehran arasında ciddi diplomatik qarşıdurmaya səbəb olub.
Böyük Britaniyanın Baş naziri Endi Börnham RAF Fairford hərbi hava bazasına qarşı hazırlandığı iddia edilən hücum planının arxasında böyük ehtimalla İranın İslam İnqilabı Keşikçiləri Korpusunun – SEPAH-ın dayandığını bildirib.
Baş nazir oktyabrın 12-də parlamentdə çıxışı zamanı bunları deyib:
“Bizim qiymətləndirməmizə görə, hadisənin İranda koordinasiya edilməsi ehtimalı çox yüksəkdir və demək olar ki, şübhəsiz, İranın İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH tərəfindən idarə olunub”.
O, daha sonra xəbərdarlıq edib:
“Biz öz ərazimizdə belə təhdidlərə dözməyəcəyik. İranın cinayətkar şəbəkələrindən istifadəsinə qarşı bütün səlahiyyətlərimizdən yararlanaraq mübarizə aparacağıq, həmin şəbəkələri və onların maliyyə mənbələrini hədəfə alacağıq. İranın və SEPAH-ın bizə zərər vurmaq imkanlarını məhdudlaşdırmaq üçün əlavə sanksiyalar tətbiq edəcəyik”.
İran isə ittihamları qətiyyətlə rədd edib. IRNA agentliyinin məlumatına görə, İranın Londondakı səfiri Seyid Əli Musəvi Tehranın hadisə ilə heç bir əlaqəsinin olmadığını açıqlayıb. Diplomat İranın araşdırmada Britaniya rəsmiləri ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Hadisənin təfərrüatlarına gəlincə, sentyabrın 27-də RAF Fairford bazası yaxınlığında üç şübhəli mikroavtobus aşkarlanıb. Əraziyə silahlı polis qüvvələri göndərilib, yaxınlıqdakı evlər boşaldılıb. Araşdırma zamanı ümumilikdə yeddi nəfər saxlanılıb. Avtomobillərdə benzin tapılsa da, partlayıcı qurğu aşkarlanmayıb. Saxlanılan şəxslər sonradan ittiham irəli sürülmədən müəyyən şərtlərlə sərbəst buraxılıblar.
Reuters agentliyinin məlumatına görə, ABŞ rəsmiləri hərbi bazaya pilotsuz uçuş aparatları ilə hücum hazırlanmasından şübhələnirlər. Təhlükə ilə əlaqədar ABŞ-nin B-1 strateji bombardmançıları bazadan çıxarılıb.
“Böyük Britaniya hökuməti İran rejimi adından düşmənçilik fəaliyyətində şübhəli bilinən iki İran vətəndaşına qarşı rəsmi sanksiyalar tətbiq edib”.
Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband xüsusi bəyanatla çıxış edib.
Nazirin sözlərinə görə, London Tehranın Britaniya və onun beynəlxalq tərəfdaşlarının təhlükəsizliyini hədələmək cəhdlərinə kəskin etirazını bildirmək üçün İran səfirini də Krallığın Xarici İşlər Nazirliyinə çağıracaq.
Ed Miliband ölkəsinin öz ərazisindəki hər hansı təhdidə göz yummayacağını diqqətə çatdırıb:
“Böyük Britaniya öz ərazisindəki təhdidlərə heç bir halda dözməyəcək və milli təhlükəsizliyin qorunması üçün bütün zəruri tədbirləri görməkdə davam edəcək”.
XİN rəhbəri həmçinin xatırladıb ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH dövlət təhlükələrinə qarşı mübarizə üzrə yeni səlahiyyətlər çərçivəsində artıq Britaniyanın təhlükələr siyahısına daxil edilib.
Qeyd edək ki, RAF Fairford ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarında istifadə etdiyi mühüm bazalardan biridir. Britaniya hökuməti hadisə ilə əlaqədar İran səfirini Xarici İşlər Nazirliyinə çağırıb və iki İran vətəndaşına qarşı yeni sanksiyalar tətbiq edib.
loading...