İstanbulda 84 ilin rekordu alt-üst oldu – 55 minlik qüvvə səfərbər edildi

Bu gün, 05:12 4 dəfə baxılıb

İstanbulda 84 ilin rekordu alt-üst oldu – 55 minlik qüvvə səfərbər edildi


Türkiyənin İstanbul şəhərində yağan güclü leysan yağışları son 84 ilin rekordunu qırıb.

Daşqınlar nəticəsində insan tələfatı qeydə alınıb, minlərlə sakin xilas edilib, itkin düşənlərin axtarışları davam edir. İstanbul valisi Davud Gül şəhərdə 1942-ci ildən bəri ən yüksək yağıntı göstəricisinin qeydə alındığını açıqlayıb.

Valinin sözlərinə görə, təbii fəlakət nəticəsində 2 nəfər həyatını itirib. İlkin məlumatlarda 3 nəfərin xəstəxanada müalicə aldığı bildirilsə də, sonradan xəstəxanaya yerləşdirilən bütün sakinlərin evə buraxıldığı açıqlanıb. Davud Gül bildirib ki, İstanbulda indiyədək 3050 nəfər xilas edilib və hazırda xilas edilməsini gözləyən şəxs yoxdur. Bununla yanaşı, 5 nəfərin itkin düşməsi barədə müraciət daxil olub. Onların tapılması istiqamətində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi açıqlayıb ki, İstanbulun bəzi ərazilərində yağıntının miqdarı hər kvadratmetrə 272 kiloqrama çatıb. Nazirin sözlərinə görə, ölkə üzrə 55 min 560 əməkdaş, 6574 nəqliyyat vasitəsi və 20 qayıq fövqəladə vəziyyətə hazırlıq vəziyyətinə gətirilib. İstanbul valisi Davud Gül bildirib ki, təbii fəlakətin ilk anlarından 46 min 597 əməkdaş vətəndaşlara yardım göstərmək üçün səfərbər olunub.

Şəhərdə dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində işlər davam edir. Valinin sözlərinə görə, zərərçəkənlərə kompensasiya ödənişlərinin mümkün olduğu təqdirdə sabah günortadan sonra, ən gec bazar ertəsi başlanması planlaşdırılır. İstanbul Valiliyi şəhərin şimal rayonlarında və Kırklarelinin şərqində güclü yağıntı gözlənildiyi barədə xəbərdarlıq yayıb. Yağışların sabahdan intensivləşəcəyi və şənbə günü də güclü şəkildə davam edəcəyi bildirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da İstanbul və Antalyada baş verən daşqınlarla bağlı açıqlama verib.

Ərdoğan təbii fəlakətdən zərər çəkən vətəndaşlara keçmiş olsun diləklərini çatdırıb, İstanbul və Antalyada həyatını itirən ümumilikdə 3 nəfərə Allahdan rəhmət diləyib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR