Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesində irəliləyiş əldə olunub. Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının və dövlət sərhədinin tam açılmasının artıq yaxın perspektivdə mümkün ola biləcəyini açıqlayıb.
Bu barədə “İnterfaks” məlumat yayıb.
Paşinyan bildirib ki, Ermənistan yaxın gələcəkdə Türkiyə ilə münasibətlərin tam normallaşdırılmasına nail olacağına əmindir.
Ermənistan hökumətinin başçısı bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşün müsbət atmosferdə baş tutduğunu vurğulayıb. Onun sözlərinə görə, danışıqlar zamanı hər iki tərəf münasibətlərin inkişafı istiqamətində əldə olunan irəliləyişi qeyd edib.
“Əminəm ki, biz yaxın gələcəkdə Türkiyə ilə münasibətlərin tam tənzimlənməsinə nail olacağıq. Bir neçə gün bundan əvvəl mən Türkiyə Prezidenti Ərdoğanla çox müsbət görüş keçirdim. Hər iki tərəfdən irəliləyişin olduğu qeydə alındı və biz son addıma – diplomatik münasibətlərin qurulmasına və sərhədlərin tam açılmasına çox yaxınıq”, – deyə Paşinyan bildirib.
Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər mövcud deyil, quru sərhədi isə 1993-cü ildən bağlıdır.
loading...