Keçmiş kinofilmlərimiz haqda nə bilirik?

8-01-2016, 16:35 926 dəfə baxılıb

Keçmiş kinofilmlərimiz haqda nə bilirik?"O olmasın, bu olsun" filmi 1956 - cı ildə Bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılıb.
Filmdə xanəndə Xan Şuşinski qonaqlıq səhnəsində "Kürd-Şahnaz" muğamını ifa edir.
Yengə rolunu oynayan aktrisa Münəvvər Kələntərli qapının dəliyindən içəri baxarkən qəflətən Sərvər çıxır və yengəni yerə yıxır. Bu məqamda yerə yıxılan aktrisa kiçik barmağını sındırmışdı. Lakin həmin çəkilişlər bitəndən sonra çəkiliş qrupu aktrisanın barmağının sındığını bilmişdilər.
Filmdə xanəndə Tükəzban İsmayılova "Segah" muğamı üstündə oxuyur. Film Azərbaycanın ilk rəngli bədii filmidir.
Operettanı ilk dəfə 1918-ci ildə Vaqram Papazyan ilə S.Lakka filmə çəkməyə cəhd edir və Xanjonkovun o zaman yeni təsis olunmuş Yalta studiyasında çəkilişlərə başlanır. Lakin bu ilk film uğur qazana bilmədiyi üçün tez də sıradan çıxır.

"Bir qalanın sirri" filmi 1959 - cu ildə Məmmədhüseyn Təhmasibin "Çiçəkli Dağ" pyesi əsasında çəkilib.
Pyesin əsasını isə Azərbaycan xalq nağılları təşkil edir. Filmin işçi adı "Qanlı Qala" olsa da, Moskva uşaq filmlərinin qan sözü ilə adlandırılmasına qarşı çıxıb.
Telman Əliyev: "Həmin filmdən sonra məktəbdə elə məni də, Fərhadı da "Hadı, Bıdı" deyə, çağırırdılar. Mən Fərhadla qardaş kimi idim. Biz paralel siniflərdə oxumaqla yanaşı həm də məhəllə uşaqları idik. Oxuduğumuz 26 saylı məktəb indiki Bülbül adına məktəbin binasında yerləşirdi. Məktəbimiz Ceyhun Mirzəyevə görə çox məşhur idi. Onda "Ögey ana" filmi çəkilmişdi artıq. Rejissor Əlisəttar Atakişiyev də çəkəcəyi "Bir qalanın sirri" filmi üçün də uşaq qəhrəmanlarını yenə də bizim məktəbdə axtarmaq qərarına gəlmişdi. Seçilənlər arasında mənimlə Fərhad da vardı. Yəqin bu da bir qismət idi ki, o qədər uşağın içindən bizi təsdiqlədilər. O vaxt Kinostudiyanın bir pavilyonu vardı: o da Azadlıq Meydanının arxasında yerləşirdi.
Filmin bircə kadrı orda çəkilmişdi; xəbər gəldi ki, bəs "Koroğlu" filminin sifarişi gəlib, pavilyonu boşaltmaq lazımdır. Onda məcburiyyət qarşısında qalan rejissor Əlisəttar müəllim Lenfilmlə müqavilə bağladı və biz filmi çəkmək üçün Leninqrada yola düşdük. Orada çox böyük bir pavilyon vardı: eyni zamanda dörd filmin dekorasiyası qurulmuşdu. Biz çəkilişləri axşamlar edirdik. Digər tərəfdə isə Rusiyanın ən məşhur aktyor və rejissoru olan Aleksey Batalov "İtlə gəzən qadın" filmini çəkirdi. Batalov bizim Mətanət bacıya vurulmuşdu. "itlə gəzən qadın" filminin qəhrəmanı olan aktrisa da Batalovu sevirdi. Yazıq kişi gizlicə məktub yazıb, Bıdıya verirdi ki, Mətanətə çatdırsın. Biz uşaq idik, amma başa düşürdük ki, onların arasında nəsə var.
Nə deyirdilər, onu da edirdik. Amma uşaq olsaq da, öz qürurumuz vardı... xüsusən də Fərhad... Ona söz demək olmurdu. Filmdə bir səhnə var: əlləri arxadan bağlı olan Hadı ilə Bıdı Elşənin içəri girdiyini görən kimi tez qalxıb, çiyinlərini Mətanət bacının ayağı altına verirlər. Mən bir az cəld idim, amma Fərhad kök idi deyə, yerindən qalxana kimi axşam olurdu. Mən durub qaçırdım, baxırdıq ki, o, hələ oturduğu yerdə vurnuxur. 5 dubl... 6 dubl... Əlisəttar müəllim gördü ki, bu, ləng tərpənir, hirsləndi, nə təhər gəlib şappıltı ilə Fərhadın üzünə bir şapalaq ilişdirdisə.... Fərhad əsəbindən əlindəki ipi qırdı, Əlisəttar müəllimi də itələyib, qaçdı küçəyə... Təsəvvür edin: Leninqradda gecələr süd kimi bəmbəyaz olur. İndi çıxmışam mən də bunun ardınca cağırıram... heç vecinə də deyil. Gecənin qaranlığında ayağında çarıq, əynində də çuxa... baş alıb gedir. Görənlər də mat-məəttəl baxır ki, gecənin bir aləmi bu uşaq hardan qaçıb belə?! Güclə qaytardım onu. Dedi, mən çəkilməyəcəm, vəssalam. Dedim, onda mən də çəkilmirəm.
Rəhmətlik Əli Zeynalov (Simnar xan) onu Əlisəttar müəllimlə güclə barışdırdı. Əli Zeynalov çox yaxşı adam idi. Məlahətli səsi vardı, pianoda gözəl ifa edirdi. Ümumiyyətlə, oradakı günlərimiz çox maraqlı keçirdi. Qruppamız bir ailə kimi idi. Bir də görürdün ürəklərindən yeyib-içmək keçirdi. Başlayırdılar 100 manatdan yığmağa... O vaxtın 100 manatı da palaz boyda idi. Dəxli yox idi: biz uşağıq, ya yox... bizdən də pul alırdılar. O yeyib-içməyin nəticəsində bir də gördüm ki, əməlli-başlı kökəlmişəm. Təcili arıqlamaq lazım idi. Əlisəttar müəllim tapşırdı ki, mənə yemək verməsinlər: az qalırdım ağlayım. Elə bilirdim acından öləcəm. Bircə Fərhadın mənə yazığı gəlirdi: gizlicə kolbasa-çörək gətirirdi.
Filmdəki ev səhnələri Mərdəkanda çəkildi. Orada bir səhnə var: Hadı ilə Bıdı gəlirlər, qumda onların ayaqlarını yandırır. Əslində, oktyabr ayı idi... hava da elə şaxtalı idi ki, soyuqdan donurduq. O Göygöz kosanı qrimlə elə hala salırdılar ki, biz ondan, doğrudan da, qorxurduq. Amma çəkilişdən sonra yazıq kişi həmişə bizə mahnı oxuyurdu."

"Böyük dayaq" filmi 1962 - ci ildə Mirzə İbrahimovun eyniadlı romanının motivləri əsasında çəkilib. Film boyu Ələsgər Ələkbərov (Rüstəm kişi) bir çox kadrlarda at üstündə olur. Lakin ortaya problem çıxır. Ələsgər Ələkbərovun böyrəkləri xəstə olduğu üçün at minə bilmir. Xeyli götür-qoydan sonra filmin operatoru çıxış yolu tapır: Çəkiliş meydançasına gətirilən yük maşınında yəhər quraşdırıb, çəkilişi aparmağa başlayır. Filmə baxanların da heç ağlına gəlmir ki, Rüstəm kişi atsız yəhərin üstündə çapır. Qeyd edək ki, film ekranlara çıxarkən artıq Ələsgər Ələkbərov dünyasını dəyişmişdi. Böyük aktyora özünün ekranda yaratdığı gözəl rollarından birini – Rüstəm kişini görmək qismət olmadı.
Filmdə çoban baba rolunda biz iki aktyoru görürük. Titrlərdə isə bu rolda Əli Qurbanovdur. Aktyor yaxın planda yalnız filmin sonunda görünür. 1962-ci ildə vəfat edən aktyor çox güman ki, filmin çəkilişləri davam etdiyi zamanda vəfat etmiş və rejissor bu rolu başqa aktyora həvalə edibmiş. Bəzən film çəkilişlərində son səhnələr əvvəlcə çəkilir. Hər halda filmin sonlarında Əli Qurbanovun iştirakı ilə gördüyümüz səhnələr aktor vəfat etmədən öncə, filmin əvvəlindəki çoban baba görünən səhnələr isə aktyor vəfat etdikdən sonra çəkilmişdir.

"Dəli Kür" filmi 1969 - cu ildə yazıçı İsmayıl Şıxlının eyniadlı romanının motivləri əsasında lentə alınıb.
Filmin sonluğunu rejissor Hüseyn Seyidzadə ilkin variantda belə çəkmişdi: Cahandar ağa kazak başçısını qamçıladıqdan sonra kazaklarla vuruş başlayır və kazaklar onu arxadan güllələyir. Lakin sovet kinotənqidçiləri bunu qəbul etmir və qeyd edirlər ki, necə olursa olsun bir azərbaycanlı rusu döyə bilməz. Buna görə də rejissor məcbur olur həmin səhnəni kəssin, sonda Allahyar Cahandarı öldürür, çox gözəl çəkilən filmin sonluğu bərbad hala gətirilir. Kazak başçısını oynayan məşhur aktyorumuz Yusif Vəliyevin adı titrlərdə olsa da kinoda onun obrazını görə bilmirik.
Ələddin Abbasov: "1969-cu il idi Tiflisdə qastroldaydım. “Dəli Kür” filminin rejissoru Hüseyn Seyidzadə mənə yazdı ki, təcili Bakıya gəl. Əvvəl inanmadım ki, məni Cahandar ağa roluna çəkələr. Elə bir böyük rol üçün mən balaca aktyor idim. İkinci teleqramı kinostudiyanın direktoru Adil İsgəndərovdan aldım. Bakıya getdim. Sınaq çəkilişi oldu... Birdən İsmayıl Şıxlı gəldi. Rejissora dedi ki, “Ay Seyid, bu boyda Azərbaycanda Cahandar ağanı oynayacaq adam tapmadın?” Rejissor məni göstərib dedi ki, bu oğlan oynayacaq. İsmayıl Şıxlı mənə birtəhər baxaraq ”Bundan Cahandar olar?” dedi və narazı halda getdi. Sonra çəkilişdən sonra rolu aparmağım İsmayıl Şıxlının çox xoşuna gəldi. Məni qucaqlayaraq öpüb, dedi: “Bağışla məni, oğlum”. Hətta Leyla Bədirbəylidən soruşdular ki, necədir Cahandar ağa? Dedi ki, vallah nə deyim? Belə bir kişinin arvadı rolunu oynamaq pis olmaz. Belə kişinin arvadı olmağa dəyər (gülür).. Onu da deyim ki“Dəli Kür” filminin çəkilişi zamanı bizə at sürməyi öyrətməyə xüsusi adamlar at gətirdilər. Mən atı minib başladım çapmağa, bu zaman rejissor məətəl qaldıki, bəs sən at sürə bilirsənsə, niyə demirdin? Mən də cavab verdimki: “Məndən soruşan olduki, at sürə bilirsən ya yox?! Mən uşaqlıqdan at belindəyəm”.

"Axırıncı aşırım" filmi 1971 - ci ildə real faktlar əsasında çəkilib. Abbasqulu bəy Şadlinski də, Kərbəlayı İsmayıl da, Qəmlo da real həyatda yaşamış şəxslərdi.
Əbdül Mahmudov: "Axırıncı aşırım" filmində Məlik Dadaşovun silləsindən aldığım zədə hələ də dodağımın kənarında çapıq şəklində qalmaqdadır. Hətta dişim də sınmışdı ki, onu da hələ düzəltdirməmişəm, olduğu kimi qalır".
Filmdə Qəmlo rolunda çəkilən Məlik Dadaşovu bəzi epizodlarda, at belində çaparkən başqa adam əvəz edib.
Filmin ilk orjinal versiyasında Qəmlonu Kərbəlayı İsmayıl öldürür. Kərbəlayı İsmayıl bunu ona görə edir ki, Qəmlo onun sözündən çıxır və Kərbəlayının dostu olan Abbasqulu bəy Şadlinskini öldürür. Yuxarı dairələrdə kinotənqidçilər tərəfindən sözügedən səhnə elə də yaxşı qarşılanmır. Səbəb kimi isə rejissorun Kərbəlayı İsmayılı sonda qəhrəman obraz kimi göstərməsi olur. Bundan sonra Kamil Rüstəmbəyov filmdə dəyişiklik edir. Yeni versiyada Qəmlonu Kərbəlayı İsmayıl yox Xudayarın qardaşı öldürür. Məhz bu versiya ilə film ictimaiyyətə təqdim olunur. Edilən montaja baxmayaraq, Qəmlonun ölüm səhnəsindən sonra Kərbəlayı İsmayılın adamlarından birinin dilindən "Kərbəlayı Qəmlonu gəbərtdi" ifadəsini eşitmək olar. Rejissor tərəfindən kəsilməyən bu səhnə sübut edir ki, filmin ilkin versiyasında Qəmlonu Kərbəlayı İsmayıl öldürüb.

"Arxadan vurulan zərbə" filmi 1977 - ci ildə Elçinin "Ox kimi bıçaq" povesti əsasında çəkilib.
Bütün filmlərdə olduğu kimi "Arxadan vurulan zərbə"də də çətin anlar, çətin dəqiqələr olurdu. Belə bir faciəli anı Rafiq Əzimov da yaşayıb. "Bıçaq atılan kadrda faciəli bir variant əmələ gəlmişdi. Belə ki, həmin kadrda mənim arxamca atılan bıçağı mən görmürdüm. Sadəcə olaraq bıçaq arxadan atılan zaman rejissor mənə "əyil" komandası verirdi və mən də tez əyilirdim. Filmdə bıçağı sərrastcasına atan sirk artisti idi. Və çəkiliş vaxtı birinci komanda bıçağı atan sirk artistinə verilirdi, ikinci, "əyil" komandası isə mənə verilirdi. Həmin kadr iki dubl çəkildi. Üçüncü dublun daha da effektli alınması üçün rejissor mənə "əyil" komandasını bir az gec verdi. Və rejissorun gec "əyil""komandası verməsi az qala bıçağın mənim düz başımdan sancılmasına səbəb olacaqdı. Təsəvvür edin ki, mən düz yolumla gedirəm və baş verəcəklərdən də heç bir xəbərim yoxdur. Ona görə ki, mənə arxaya baxmağa icazə verilmirdi. Elə həmin kadrda yaradacı heyətin həyəcanla ayağa qalxaraq mənə vahimə ilə baxmasının şahidi oldum, onda başa düşdüm ki, nələr baş verib. Xoşbəxtlikdən heç bir zədə almadım. Sən demə bıçaq düz saçımın üstündən keçibmiş. Sonra yaradıcı heyət məni əhatəyə alaraq diqqətlə başımı yoxladılar ki, görsünlər, zədə almışam, yoxsa, yox"

"Dədə Qorqud" filmi 1975 -ci ildə dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindən sayılan, Azərbaycan xalqının keçmişini vəsf edən "Kitabi Dədə Qorqud" dastanının motivləri əsasında çəkilib.
Kinolent dastanı tam əhatə etmir, əsasən dastanın iki qolundan istifadə edilmişdir.
"Dədə Qorqud" Azərbaycanda istehsal olunan ilk iki seriyalı filmdir. Ancaq filmin iki seriyalı çəkilişi əvvəlcədən planlaşdırılmayıb. Sadəcə olaraq çəkilişdən sonra baxılan lentdəki materialın kifayət qədər çox olması ona gətirib çıxarıb ki, "Dədə Qorqud" iki seriyalı film kimi təqdim olunub.
Rasim Balayev: "Filmin rejissoru Tofiq Tağzadə Beyrək roluna Nodar Şaşıqoğlunu çəkmək istəyirdi. Çünki bir neçə filmdə birgə çalışmışdılar, münasibətləri yaxşı idi. Buna baxmayaraq, sınaq çəkilişlərindən sonra bədii şura Beyrək roluna məni təsdiq etdi. Beləcə çəkilişlər başladı. Düzü, mənim atla bağlı bir az qorxum vardı, bu da mənə problem yaradırdı. Buna görə də uzunmüddətli məşqlər etdik. Məşqlərdən sonra nisbətən at sürməyə alışdım”.
Filmin lentə alındığı məkanlara gəlincə, aktyor bildirir ki, çəkilişlərin hamısı Azərbaycan daxilində olub: “Film əsasən təbiət qoynunda çəkildi. Bazanı Pirquluda qurmuşduq, əsas çəkilişlər orada oldu. Yol uzaq, çəkilişlər uzunmüddətli olduğundan gəlib-getməmək üçün oradakı evciklərdə yaşayırdıq.
Deməli, o vaxt Moskva ikiseriyalı film çəkməyə icazə vermirdi. Belə olan halda biz bir seriyanın puluna iki seriya çəkmək qərarına gəldik. Sonra gördülər ki, nəticə yaxşı olmayacaq, ona görə də məcbur olub filmi iki seriya olaraq təsdiq etdilər. Yəni əvvəlcədən iki seriya vermədilər. Yaxşıdır ki, o vaxt bir neçə boyu iki seriyaya sığdıra bildik. Mən düşünürəm ki, “Dədə Qorqud” boylarını çəkmək üçün təkcə iki yox, bir neçə seriya, hətta serial da çəkmək olar. Amma indiki şəraitdə bu çox çətindir. Əvvəla yüksək xərc tələb edən filmdir, çünki oradakı geyimlər, avadanlıq, dekorasiya və sairəni yaratmaq üçün kifayət qədər pul xərcləmək gərəkdir. Həm də nəzərə almaq lazımdır ki, indiki şəraitdə o dövrü, təbiəti tapmaq çətindir. Bu dəqiqə hər yerdə göydələnlər ucaldılıb, bəzi yerlər çox müasirləşib, bəzi yerlərdə hava ilə naqillər çəkilib. Bir sözlə, o ab-havanı yaratmaq çox çətindir. Heç Pirqulu da o vaxtkı Pirqulu deyil. İndi orada o qədər villalar tikilib ki, orada nəinki tarixi bir film çəkmək, o qədimliyi təsvir etmək belə, mümkün deyil.
Çəkilişlərimiz Naxçıvanda, Şamaxının Pirqulu kəndində, Qobustanda, Bakıda, kinostudiyanın pavilyonunda, həmçinin Fatmayi kəndində aparıldı. Naxçıvandakı çəkilişlər zamanı heç bir aktyorun iştirakı olmadı, yalnız mənzərələr çəkildi.
Film əsasən yaz, yay aylarında ekranlaşdırıldı. Düzdür, havalar isti idi, amma şəxsən mənim istiylə bağlı problemim olmurdu, çünki istidə özümü yaxşı hiss edirdim. Mənim problemim atla olub, elə indi də onun fəsadlarını hiss edirəm. O vaxt yıxılırdım, bir az ağrıyırdım, sonra keçirdi, fikir vermirdim. Amma indi onurğamda olan ağrılar həmin illərin fəsadlarıdır. Hər dəqiqə mənə ağrı, narahatlıq verir”.

http://azerinfo.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR