Azərbaycanın hansı ölkədən aldığı silahlar daha güclüdür?

30-10-2018, 20:44 490 dəfə baxılıb

Azərbaycanın hansı ölkədən aldığı silahlar daha güclüdür?


Rusiya silahları Amerikanınkından geri qalsa da, son 10-12 ildə Moskva hərbi-sənaye kompleksini xeyli inkişaf etdirə bilib

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ötən həftə İrəvanda Ermənistanın baş nazir əvəzi Nikol Paşinyana ABŞ-ın hərbi texnikasını almağı təklif edib. Boltonun sözlərinə görə, Ermənistan belə olan halda, Rusiyanın asılılığından qurtula bilər.

Con Boltonun sözlərinə Ermənistanda Rusiya ilə çox yaxın olan iş adamı Qagik Sarukyanın eyni adlı blokundan (“Sarukyan bloku”) reaksiya gəlib. Blokun nümayəndəsi, deputat Vahe Eficanyan keçirdiyi mətbuat konfransında Rusiyanın Ermənistanın strateji tərəfdaşı olduğunu və bunun dəyişməyəcəyini söyləyib.Deputatın sözlərinə görə, Rusiya və Ermənistan arasında hələ istifadə edilməmiş bir çox potensial sahə mövcuddur. Bütün bunlar isə Qərblə əlaqələrin inkişafını istisna etməməlidir.

Keçmiş prezident Serj Sərkisyanın Ermənistan Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Bağdasaryan isə müharibə vəziyyətində olan tərəflərə silah satışı barədə təklifin sülhə deyil, münaqişənin dərinləşməsinə xidmət etdiyini söyləyib. Onun fikrincə, silah satışı situasiyanı daha da gərginləşdirərək danışıqlar prosesini poza bilər.

Hərbi və siyasi ekspertlər bildirir ki, ABŞ istehsalı olan silahların və hərbi texnikanın daha müasir və keyfiyyətli, güclü olduğu məlumdur. Döyüş maşınlarının keyfiyyəti, gücü, dözümlülüyü, müasir tələblərə cavab verməsi baxımından Amerika silahlarının öndə olduğu bildirilir. Bununla belə, Rusiya silahlarının da zəif olmadığı qeyd edilir. Rusiya silahlarını cəlbedici edən Amerika silahı ilə müqayisədə çox ucuz olmasıdır. Odur ki, əvvəla, Ermənistanın iqtisadi imkanları Amerika silahını almağa keçidə imkan vermir, ikincisi, Rusiya buna imkan verməz. Ermənistan Rusiyanın forpostu olan bir ölkədir və Rusiya silahı almaqdan başaq yolu hazırda yoxdur.

Azərbaycan da Rusiyadan silah alır. Lakin İsrail, Belarus, Ukrayna, Pakistan və digər silah sənayesi inkişaf etmiş dövlətlərdən də kifayət qədər silahlar alır. Azərbaycanın silah arsenalı bu baxımdan zəngindir və təkcə Rusiya istehsalı olan silahlardan ibarət deyil. Ermənistan isə iqtisadiyyatı acınacaqlı forpost dövlət olduğundan bu imkanlardan məhrumdur. Ermənistanda Con Boltonun təklifinə dərhal mənfi reaksiyaların verilməsi də sübut edir ki, bu ölkənin ABŞ-dan silah alması ən azından yaxın dövrlər üçün mümkün deyil.

Deputat Araz Əlizadə isə Amerika silahlarının rus silahından daha üstün olması ilə bağlı səslənən fikirlərin yanlış olduğunu bildirir. Onun fikrincə, Rusiya silahları haqqında Boltonun dedikləri 10-12 il bundan qabaq 100% düz olardı. Lakin ABŞ bir şeyi unudur ki, son 10-12 ildə Rusiya hərbi-sənaye kompleksinin inkişafında çox böyük irəliləyişə nail olub.

Onu da qeyd edək ki, dünyada savaş gücünün sıralamasına görə, ABŞ birinci, Rusiya ikinci yerdədir. ABŞ-da aktiv hərbçi personalının sayı 1.281.900 nəfər, Rusiyada isə 1.013.628 nəfərdir. ABŞ-ın toplam hərbçilərinin sayı 2.083.100 nəfər, Rusiyada isə 3.586.128 nəfərdir. ABŞ-ın hərbi müdafiə büdcəsi 647 milyard dollar, Rusiyanın isə 47 milyard dollardır. ABŞ-ın döyüş təyyarəsinin sayı 1962 , Rusiyanınkı isə 818 ədəddir. ABŞ-ın hücum təyyarəsinin sayı 2830, Rusiyanınkı isə 1416 ədəddir. ABŞ-ın döyüş helikopterinin sayı 973, Rusiyanınkı isə 511 ədəddir. ABŞ-da tankların sayı 5884, Rusiyada isə 20300 ədəddir. ABŞ-ın 20 təyyarədaşıyan gəmisi var, Rusiya isə 1 təyyarədaşıyan gəmiyə sahibdir. ABŞ-ın zirehli döyüş maşınları 38822, Rusiyanınkı isə 27400-dür. ABŞ-ın hərbi donanmasında 55 sualtı qayıq var, Rusiyanın sualtı qayıqlarının sayı 62-dir.(Musavat.com)


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR