“Neftçi” Avropanın perspektivli məşqçilərindən biri ilə müqavilə imzalayıb

10-07-2023, 14:22 59 dəfə baxılıb

“Neftçi” Avropanın perspektivli məşqçilərindən biri ilə müqavilə imzalayıb


“Neftçi”nin yeni baş məşqçisi bəlli olub.

“Report”un məlumatına görə, paytaxt klubu Avropanın perspektvili mütəxəssislərindən biri hesab olunan Adrian Mutu ilə müqavilə imzalayıb.

Bir neçə müddətdir tərəflər arasında davam edən danışıqların yekununda klub rəhbərliyi öz planları və islahatlar vəd edən gələcək layihələri ilə rumıniyalı mütəxəssisi razı salıb.

Rumıniya mətbuatında Mutunun “Neftçi”dəki qazancı haqqında müxtəlif spekuliyasiyalar və iddialar səsləndirilsə də, əldə etdiyimiz məlumata görə, onun Bakı klubundan alacağı məvacib iddia olunandan qat-qat azdır.

Məşqçilik karyerasına nisbətən tez – 37 yaşında başlayan və baş məşqçi kimi sonuncu iş yeri Buxarestin “Rapid” klubu olan Mutu müxtəlif vaxtlarda ölkəsinin “Voluntari”, “Universitatea Krayova”, həmçinin BƏƏ-nin “Əl-Vəhdə” klubunda və Rumıniya millisinin gənclər komandasında işləyib.

Futbolçu kimi çox uğurlu karyeraya malik olan eks hücumçunun ən parlaq illəri İtaliyada keçib. O, bu ölkənin “İnter”, “Verona”, “Parma”, “Yuventus”, “Fiorentina” kimi klublarında çıxış edib.

Bundan əlavə, İngiltərədə “Çelsi”, Fransada isə “Ayaçço”nun da formasını geyinmiş Mutu əfsanəvi məşqçilər – Marçello Lippi, Klaudio Ranyeri, Joze Mourinyo, Fabio Kapello, Çezare Prandelli kimi mütəxəssislərin rəhbərliyi altında çıxış edib, onlardan futbolun sirlərini öyrənib.

Məşqçi kimi isə özünü ötən mövsüm uzun illər sonra “Napoli”yə A seriyası çempionluğunu qazandıran Luçano Spalettinin yetirməsi hesab edən Mutu oynatdığı oyun tərzi ilə də italiyalı mütəxəssisə bənzəyir. Maraqlıdır ki, “Fiorentina”da çıxış etdiyi zamanlarda Spaletti hücumçunu o zamanlar çalışdırdığı “Roma”ya transfer etmək istəmişdi. Keçid alınmasa da, ikili arasında o vaxtdan qalma dostluq münasibətləri mövcuddur.

Komandasına daha çox hücum və pressinqə əsaslanan taktika aşılayan rumıniyalı məşqçi aqressiv oyuna üstünlük verir. Bir çox futbol şərhçilərinin fikrincə, gənc olmasına baxmayaraq, özünü yetərincə təsdiqləmiş Mutu A seriyasında belə klub çalışdırmaq iqtidarındadır.

Qeyd edək ki, Rumıniya millisinin tarixində əfsanəvi Geroge Haci ilə birlikdə ən çox qol vuran oyunçu da (35 qol) məhz Adrian Mutudur.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR