Azərbaycanda gizli işsizlik: “Əcnəbi işçiyə ehtiyac yoxdur”

14-08-2019, 12:04 328 dəfə baxılıb

Azərbaycanda gizli işsizlik: “Əcnəbi işçiyə ehtiyac yoxdur”

Bu ilin əvvəlindən ölkə üzrə əhalinin sayı 31676 nəfər və ya 0,3 faiz artaraq 2019-cu il iyun ayının 1-i vəziyyətinə 10013133 nəfərə çatıb.

Dövlət Statistika Komitəsinin hesabatında bildirilir ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Rəsmi məlumatlara görə, son 15 il ərzində Azərbaycanda 2 milyon yeni iş yeri yaradılıb. Bundan əlavə, 2003-cü ildən ötən dövrdə əməkhaqlarının 7,5 dəfə, pensiyaların 10 dəfədən çox, həssas qruplara yönələn müavinət və təqaüdlərin dəfələrlə artırılması, yoxsulluq həddinin 5 faizə enməsinə səbəb olub. Ölkədə rəsmi işsizlik səviyyəsi 5 faizdir. Müstəqil ekspertlər isə bu rəqəmin daha böyük olduğunu bildirir.

Maraqlıdır, əhali sayı ilə iş yerlərinin sayı arasında uyğunluğa dair standart varmı?

İqtisadçı-ekspert Rövşən Ağayev Cebhe.info-ya açıqlamasında bildirib ki, əhali sayı ilə iş yerlərinin sayı arasında uygunluq standartı yoxdur:



“İş yerinin sayı əhaliyə nisbətdə hansısa ölkədə 40 faiz, başqa bir ölkədə 50 faiz səviyyəsində ola bilər. ABŞ, Almaniya və Qərbin digər ölkələrində iqtisadiyyat daha böyükdür, hətta orada işçiləri idxal edirlər. Ona görə də belə bir standartın mövcudluğuna inanmıram. Azərbaycanda rəsmi iş yerlərinin sayı məşğul əhalinin sayı ilə götürülür. Hökumət hesab edir ki, nə qədər məşğul əhali varsa, o qədər də iş yeri var. Hökumətin hesabatlarında rəsmi və qeyri-rəsmi müqavilə əsasında çalışan insanların sayı əks olunur. Qeyri-rəsmi olsa belə bu müqavilə əsasında çalışanları da iş yeri sayırlar. Əgər insan oradan qazanc götürə bilirsə, bu, onun iş yeri sayılır. İşsizlik həddi 5 faiz olaraq götürülür, hökumət hesab edir ki, 5 milyona yaxın əhali rəsmi məşğuldur. İqtisadi fəal iki yerə bölünür: faktiki məşğul olanlar və işsiz sayılanlar. Hökumətin hesablamalarına görə, ölkədə 5 milyon 250 min nəfər iqtisadi fəal əhali var. Bunun 5 milyonu məşğul əhalidir, 250 mini isə işsizdir. Hökumətin rəqəmlərinə inansaq, ölkədə faktiki 5 milyona yaxın iş yeri mövcuddur. Bəzi yerlər var ki, bir nəfər iki iş yerində çalışır. Amma bunun statistikasını tapmaq mümkün deyil. Yəni bu gün bilmirik ki, 5 milyon məşğul sayılan əhalinin 4 milyonu iş yerində çalışır, yoxsa 4 milyon 800 mini. Dövlətin statistikasına uyğun olaraq, Azərbaycanda ortalama 4.5 və ya 5 milyon arası iş yerinin olduğunu deyə bilərik. Amma müstəqil tədqiqatçılar o qədər iş yerinin olmadığını deyir və hesab edirlər ki, Azərbaycanda gizli işsizlik var. Amma bunu elmi cəhətdən əsaslandıran araşdırmalar, faktlar olmadığına görə, dəqiq rəqəmlər səsləndirməkdən qaçırıq”.

Azərbaycana idxal işçi qüvvəsinin cəlb olunmasına gəlincə, ekspert deyib ki, iş yerlərinə tələbat iqtisadiyyatın gücü ilə bağlıdır:

“Azərbaycan öz vətəndaşlarını işlə təmin edə bilmir. Tutaq ki, iqtisadiyyat inkişaf edir, çoxlu məhsul istehsal olunur, xaricə satılır və daxili işçi qüvvəsi tapa bilmir. Daxili işçi qüvvəsinin çatışmazlığının da iki forması var. Bir forma institutsional səbəblərdən qaynaqlanır. Yəni işçi qüvvəsinin ixtisas səviyyəsi mövcud iş yerlərinin ixtisas səviyyəsinə uyğun gəlmir. Tutaq ki, bizə peşəkar mühəndis lazımdır, amma ölkə daxilində tapa bilmirik. Digər bir formada isə ümumiyyətlə, işçi qüvvəsi say baxımından uyğun gəlmir. Tutaq ki, bizə 4 milyon işçi qüvvəsi lazımdır, amma ölkədə 3 milyon işçi var. Bu zaman xaricdən idxal işçi qüvvəsinə ehtiyac yaranır. Bunlar fərqli məsələlərdir. Bu gün Azərbaycan iqtisadiyyatının potensialı o səviyyədə deyil ki, daxili işçi qüvvəsinin iqtisadiyyatı inkişaf etdirməyə gücü çatmasın, xaricdən işçi qüvvəsi idxal etsin. Daxili işçi qüvvəsini normal işlə təmin etmək lazımdır”.

Yeganə Oqtayqızı
Cebhe.info


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR