Maşın bazarında yeni qadağa: Kimlərin cibini dolduracaq?

6-09-2019, 13:05 282 dəfə baxılıb

Maşın bazarında yeni qadağa: Kimlərin cibini dolduracaq?


Ölkənin avtomobil bazarında bahalaşma davam edir.

“Cib yandıran” qiymətlər çoxlarının maşın arzusunu gözündə qoyur. Əhalinin aşağı gəlirli kəsimi artıq avtomobil haqqında düşünməkdən belə çəkinir. Qiymətlərin həddindən artıq yüksək olmasını şərtlələndirən bir sıra amillər mövcuddur. Həmin amillərdən rəsmi olanı da, olmayanı da vətəndaşın əleyhinə işləyən məsələdir. Bu amillərdən biri və əslində, başlıcası ötən ilin okyabr ayında avtomobillərin aksiz vergisinin artırılması ilə bağlı verilən qərardır. Belə ki, Vergilər Məcəlləsinə edilən dəyişikliklərdə 2019-cu ildən etibarən ölkəyə idxal olunan avtomobillərin aksiz vergisi artırıldı.

“Cümhuriyət” qəzeti xəbər verir ki, dəyişiklikdən sonra ən aşağı aksiz dərəcəsi mühərrikinin həcmi 2 litrə qədər olan avtomobillərdədir. Bu göstərici 1 kubsantimetr üçün 20 qəpikdən 30 qəpiyə qaldırıldı. Ən yüksək aksiz dərəcəsi isə mühərrikinin həcmi 5 litrdən artıq olanlardadır. Belə avtomobillərdə 1 kubsantimetr üçün vergi 40 manatdan 70 manata qaldırıldı. Bu yenə avtomobillərə şamil olunduğu üçün avtomobil satışı ilə məşğul olan şirkətlər qiymətləri ən az bu ölçüdə artırmağa məcbur qaldı. Nəticədə yaranan əlavə xərc də avtomobil qiymətlərinin üzərinə gəldi ki, bu da 15-20 faiz bahalaşma deməkdir. Mühərrik həcmi 5 litrdən yüksək olanlar isə 10 minlərlə manat artım qeydə alındı. Nəticədə isə xaricdən gətirilən yeni avtomobillərin qiymətində ciddi bahalaşma yarandı.

Yeni avtomobillərin bahalaşması isə təbii olaraq ikinci əl avtomobil bazarında canlanma yarandı. Tələbin artması ilə yaranan canlanma həm də qiymətlərin yüksəlməsinə səbəb oldu. Yəni avtomobillərin aksiz vergisinin artırılması birbaşa olmasa da, dolayısı ilə ikinci əl avtomobil bazarında da qiymətlərin bahalaşmasına səbəb oldu. Bir növ bazarda yeni və köhnə avtomobil bazarında balans yaransa da, hər iki halda, uduzan vətəndaş oldu. Alıcılıq qabiliyyətinin qiymət artımında sonra azalması qiymətlərin aşağı düşəcəyini təsir edəcəyi gözlənilsə də, hazırkı durumda bunu görmək mümkün deyil.

İkinci əl avtomobillərin xaricdən, daha çox Gürcüstandan gətirildiyini də nəzərə alsaq, bu da vəziyyət çıxış yolu sayılmır. Çünki gömrük rüsumları yüksəkdir və alınan ucuz avtomobilin rəsmiləşdirilməsinə çəkilən xərc yerli bazar qiymətlərində ən yaxşı halda eyni, bəzi hallarda isə artıq olur. Məsələn, dəyəri 10 min dollar, mühərrikin işçi həcmi isə 2 olan avtomobili Gürcüstandan alıb Azərbaycana gətirmək üçün 1926 dollar, yəni 3275.92 AZN rüsum ödənilməlidir. Bu isə avtomobilin dəyərinin 20 faizi deməkdir. Gömrük rüsumundan sonra avtomobilin ərazi üzrə qeydiyyata salınması və dövlət nömrə nişanının alınması üçün əlavə xərc çəkilir. Bu ödənişlərdən sonra qiymət yerli bazardakı eyni model və keyfiyyətdə olan avtomobildən baha başa gəlir.

Bütün bunlara baxmayaraq, ikinci əl avtomobillərə maraq nisbətən daha çoxdur. Bu da yeni avtomilləri ölkəyə gətirən və satışı isə məşğul şirkətlərin maraqlarına uyğun deyil. Hesab olunur ki, ikinci əl maşın bazarı yeni avtomobillərin satışını azaldır və bu şirkətin gəlirlərinə mənfi təsir edir. Bu problemi həll etmək üçün isə şirkətlər hökumətə təklif göndərib. Bu haqda məlumatı isə fed.az saytı yayıb. Saytın yaydığı məlumata görə Azərbaycanda fəaliyyət göstərən avtomobil şirkətləri xarici ölkələrdən gətirilən ikinci əl avtomobillərlə bağlı məhdudiyyətlərlərin tətbiq olunması ilə bağlı aidiyyatı qurumlara bununla bağlı təkliflərini verib. Təkliflərin hazırlandığı qurum olan Azərbaycan Avtomobil Dilerləri Asosiasiyasında (AADA) belə müzakirələrin aparıldığı və təkliflərin verildiyi təsdiqlənib. AADA-nın sədri Natiq Zərbəliyev bildirib ki, Assosiasiya bu məsələ ilə bağlı hökumətə 7 təklif verib, amma onlar hələlik müzakirə mərhələsindədir:

“Burada söhbət heç kimin imicindən yox, hərəkətin təhlükəsizliyindən və ekologiyadan gedir. Hökumət qurumları ilə dəyirmi masalar keçirilib, sentyabrda müzakirələr davam etdiriləcək”.

Müstəqil ekspertlər isə məsələyə kəskin münasibət bildirib və bu prosesin yekunda avtomobil bazarında bahalaşmaya səbəb olacaq. “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı sözügedən məsələyə etiraz edib:



“Siz milyonlarla pul qazanmaq istəyirsiniz deyə, camaat 10 minə normal maşın alıb gətirmək əvəzinə, sizin maşınlarınızı 50 minə niyə almalıdır ki? Bir müddət əvvəl də ekologiya, hərəkətin təhlükəsizliyini bəhanə edib ikinci əl avtomobillərin ölkəyə gətirilməsinə məhdudiyyət tətbiq olundu. Siz normal qiymətə satın maşınlarınızı, imkanı olan gəlib alacaq, buna imkanı olmayan da onsuz da təzə maşın alası deyil, gedib Gürcüstandan 10 minə az işlənmiş əla keyfiyyətli bir maşın alıb gətirəcək. Qazandığınız pulların çoxunu müxtəlif yollarla vergidən gizlədirsiniz, dövlət sizdən nə xeyir görür ki? Bu halda, hökumət sadə xalqın mənafeyini ayaq altına atıb, monopolist milyonerlərin mənafelərini niyə qorumalıdır?”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR