Qlobal böhran gözləntisi: Siyasətdən iqtisadiyyata təzyiq

7-10-2019, 14:07 299 dəfə baxılıb

Qlobal böhran gözləntisi: Siyasətdən iqtisadiyyata təzyiq


Qlobal iqtisadiyyatın böhranla üz-üzə olduğu haqqında müxtəlif mərkəzlər hesabatlar, proqnozlar yayımlayır.

Bunu isə daha çox dünya neft bazarında baş verən qiymət oynamaları və qeyri-sabitliklə əlaqələndirirlər. Qlobal iqtisadiyyatın zəifləməkdə olması ilə əlaqədar olaraq neft qiymətləri düşür. Qeyd edək ki, Almaniyanın qabaqcıl beş araşdırma institutu, Avropanın ən böyük iqtisadiyyatı üzrə iqtisadi artım proqnozlarını azaldıblar. Almaniyada istehsalçılar azalan qlobal tələb və hələ də davam edən ticarət münaqişəsi səbəbilə çətinlik çəkirlər.

Alman proqnozçular bu il üçün artım proqnozunu 0.8-dən 0,5 faizə endiriblər. Bu, 2013-cü ildən bu yana ən pis performansdır. Mütəxəssislər Almaniyanın üçüncü rübdə, yəqin ki, kiçildiyini, yəni Almaniya iqtisadiyyatının ikinci rübdəki 0.1 faiz azalmanın ardından sonra texniki durğunluğa girdiyini əlavə ediblər. Bundan öncə isə Norveç Mərkəzi Bankı, İsveçrə Maliyyə İnstitutu və bir çox beynəlxalq qurumlar dünya iqtisadiyyatının inkişafı ilə bağlı proqnozlarını azaldaraq, belə demək mümkündürsə, böhran dalğasının gələcəyi ilə siqnal vermişdi.

Maraqlıdır, qlobal iqtisadiyyat niyə geriləyir? Bunun iqtisadi və siyasi səbəbləri varmı? Dünya növbəti kəskin iqtisadi böhranlara üz-üzə qala bilərmi? Bunu şərtləndirən amillər hansılardır?

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə şərhində böhrana səbəb olacaq iqtisadi amillərin olmadığını deyib. A.Nəsirlinin sözlərinə görə, böhran gözləntiləri dünya bazarında neft qiymətlərinə təsir etmir:



“Hazırda dünya bazarında neft qiymətlərinə təsir edən əsas amillər neft ölkələrində baş verən hadisələr, ABŞ-ın mütəmadi olaraq açıqladığı statistika və digər məqamlardır. İqtisadi böhranların neftin qiymətinə təsir etmə mexanizmi çox sadədir. Yəni bu gün böhran başlayanda ölkələrdə istehsal aşağı düşür. İstehsalın əsas hərəkətverici qüvvəsi isə enerji daşıyıcılarıdır və o da neftdən alınır. Ona görə də neftə tələbat aşağı düşür. Bununla bərabər neft qiymətləri də dünya bazarında aşağı düşür. Qiymətdəyişmə isə konkret səbəblərdən asılıdır. Neft qiymətinin 50 sent ucuzlaşması və ya 1 sent bahalaşması heç də böhran gözləntilərindən asılı deyil. İndiki neft qiymətlərinin oynaması cari səbəblərlə bağlıdır. Ola bilər ki, hər bir mərkəz müxtəlif rakursdan hansısa məsələni şərh etsin. Amma ümumi götürdükdə böhran gözləntisinin dünya bazarını təsirini müşahidə etmirəm. Ola bilər ki, onlar başqa hesablamalardan istifadə edirlər. Hansı ki, o hələ konkret amil kimi bazarlara təsir etmir, sadəcə onların gözləntisidir. Bu baş verməyə də bilər”.

Akif Nəsirli əlavə edib ki, müasir dünyada iqtisadi böhranın olmayacağını da istisna etmək mümkün deyil. Hazırda dünyada müasir iqtisadi böhranlar, əsasən, siyasi qalmaqallardan qaynaqlanır:

“Məsələn, bu gün dünyanın ən böyük iki iqtisadi gücə sahib ölkəsi Çin və ABŞ qarşıdurma səviyyəsindədir, onlar arasında iqtisadi müharibə kəskinləşir, hətta bəzən də hərbi müstəviyə keçmək meyilləri də hiss olunur. Bu kataklizmlərin gələcəkdə siyasi böhran yaratmaq ehtimalı böyükdür. Siyasi böhran da iqtisadi böhrana gətirib çıxarır. Ona görə də beynəlxalq araşdırma mərkəzlərinin hesabatları olmadan da müxtəlif beynəlxalq ekspertlər dünyada iqtisadi böhranın olacağı ilə bağlı proqnozlar verirlər. Bu meyillərin çoxu da dünya iqtisadi gücləri tərəfindən çox hallarda önlənir. 2007-08-ci ildə başlayan böhran ö kəskinliyi ilə 3 ilə yaxın davam etdi. Ondan sonra hələ ki, dünyada o səviyyədə geniş areal əhatə edəcək böhranın olması yaxın 10 ildə gözlənilmir. Amma bu təkcə iqtisadi səbəblərdən asılı deyil. Növbəti dalğanın olacağı 2015-ci ildən sonra mütəmadi olaraq elan edilir. Amma 2015-ci ildən sonrakı böhran yalnız inkişaf etməkdə olan ölkələri vurdu. Böyük, çevik iqtisadiyyata malik ölkələrə böhran təsir etmədi. Hazırda isə kəskin böhran üçün iqtisadi amillər yoxdur, amma hansısa siyasi hadisə səbəbindən böhranın baş verməsi də təbii haldır. Amma hazırda ciddi siqnallar müşahidə edilmir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR