Binalar MTK-lardan alınacaq?

5-03-2020, 12:12 435 dəfə baxılıb

Binalar MTK-lardan alınacaq?

Bakıda yeni hündürmərtəbəli binaların əksəriyyəti MTK-lar (Mənzil Tikinti Kooperativi) vasitəsi ilə idarə olunur ki, bu da əsasən sakinləri qane etmir.

MTK-ların özbaşına idarəçiliyi nəticəsində sakinlərindən külli miqdarda vəsait yığılır, bunun böyük hissəsi isə MTK rəhbərliyinin ciblərinə gedir.

Qeyd edək ki, 2017-ci ildə Mənzil Məcəlləsində edilən dəyişikliklərdə çoxmənzilli binanın ümumi əmlakının mülkiyyətçilərə, yəni sakinlərə məxsus olması, istismarı və saxlanmasının onlar tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Qanunvericiliyə görə, yaşayış binasında birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi əmlak hesab olunur və ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının mülkiyyətçilərinə məxsusdur. Yeni idarəçilik formasına əsasən, binanın idarə edilməsi üsulunun və idarəedicinin seçilməsi, xidmətlərin nədən ibarət olması, eləcə də yaşayış sahəsinə görə haqqın miqdarı və bu kimi məsələlər mülkiyyətçilər tərəfindən müəyyən edilir. Məcəlləyə dəyişiklik edilməsinə baxmayaraq, bu məsələ öz həllini tapmadı. Mənzil Tikinti Kooperativlərinin idarəçiliyi, bununla da bundan gələn gəliri əldən vermək istəməməsi özünüidarəetmə orqanlarının - yəni Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin yaranmasını əngəllədi. Hətta bunun tətbiqinə nail olunmaq üçün ötən il Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik etdi.

Qeyd edək ki, həmin dəyişikliklərdə çoxmənzilli binaların idarə olunması haqda mənzil qanunvericiliyinin icra edilməməsinə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutulur. Burada sözügedən qanunvericiliyin pozulmasına görə pul cəriməsi tətbiq edilir. Dəyişikliklərə görə, vəzifəli şəxslər 2000, hüquqi şəxslər isə 5000 manat cərimələnir. Amma indiyədək həm Mənzil Məcəlləsində, həm də İnzibati Xətalar Məcələsində edilən dəyişikliklər effektsiz qamaqdadır.

“Property" Qiymətləndirmə şirkətinin direktoru Pərviz Qulami “Cümhuriyət” qəzetinə açıqlamasında məsələ ilə İqtisadiyyat Nazirliyinin məşğul olduğunu bildirib:

“Bir neçə il əvvəl Bakının bir neçə rayonunda özünüidarəetmə qurumları yaradıldı. Bu cür cəmiyyətlərin yaranması sakinlərdən asılıdır, burada hər hansı dövlət qurumunun nümayəndəsi iştirak etmir. Cəmiyyətlər bir binanın da, bir neçə binanın da sakinləri tərəfindən yaradıla bilər. Onlar İdarə Heyəti tərəfindən idarə olunur, bu cəmiyyətlərin sakinlərdən topladığı vəsaitlər həmin binaların problemlərinin həllinə sərf edilir. Amma bizdə vətəndaşlar bu cür cəmiyyətlərin yaranmasında maraqlı deyillər. Bəziləri vaxt ayırmaq istəmir, digər bir qrup yığılan vəsait şəffaf xərclənəcəyinə şübhə ilə yanaşır. Buna görə də Azərbaycanda bu proses baş tutmur”.

Daşınmaz əmlak məsələləri üzrə ekspert deyir ki, MMC-lər əsasən MTK-ların fəaliyyət göstərdikləri yeni tikillilərdə yox, köhnə binalarda yaranıb:

“MTK-larda müəyyən struktur var deyə, bu proses köhnə binalardan başlamışdı. Yeni binalarda da vətəndaşlar məsələ qaldıraraq, idarəetməni öz səlahiyyətlərinə götürmək ixtiyarları var. Bu zaman MTK idarəçilikdən imtina etməlidir. Çünki MTK binanı tikib qutardıqdan və təhvil verdikdən sonra işi bitirməlidir. Hər bir vətəndaşın mülkiyyət hüququ var və hər hansı bir formada MTK-dan asılılığı yoxdur”.

Binaların idarəçiliyinin bələdiyyələrə verilməsinə gəlincə, Pərviz Qulami bildirir ki, hazırda bələdiyyələrin bu işləri yerinə yetirmək üçün gücü yoxdur:

“Bələdiyyələrin öz ərazilərində olan 100-200 binanın idarəçiliyini həyata keçirmək üçün kadr potensialı da çatmaz. Ola bilsin ki, şəhərin mərkəzi hissələrində müəyyən bələdiyyələr hansısa formada idarə edə bilər, amma bunu bütün bələdiyyələrə şamil etmək mümkün deyil. Həm də bələdiyyələrin özləri də hazırda müstəqil fəaliyyət göstərmir, icra hakimiyyətlərindən asılıdırlar”.

Ekspert deyir ki, idarəetmənin ən yaxşı forması özünüidarəetmədir:

“Sadəcə olaraq, vətəndaşlar buna inanmalıdır. Məhəllələrdə hamının etibarını qazanmış ağsaqqalları təyin etməklə, bu işi asanlıqla qura bilərlər. Həmin qurumun ərazidə hansısa tikili inşa etmək hüququ var da var ki, buradan gələn gəlirlər də idarəetmə işlərinə ayrılmalıdır”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR