Yaranmış vəziyyətlə əlaqədar sahibkarlara hansı güzəştlər ediləcək?

20-03-2020, 10:21 63 dəfə baxılıb

Yaranmış vəziyyətlə əlaqədar sahibkarlara hansı güzəştlər ediləcək?


Ölkə iqtisadiyyatında hazırda narahatlıq doğuran əsas məsələ heç də neftin qiyməti deyil. Yəni neftin qiyməti aşağıdır deyə, valyuta bazarında tarazlığın pozulması və manatın ABŞ dollarına nəzərən məzənnəsinin enməsi ehtimalı və s. əsas məsələ deyil.

Bəli, dünya bazarlarında neftin qiyməti dövlət büdcəmizdə nəzərdə tutulduğu səviyyədən (55 ABŞ dolları) aşağıdır.

Amma buna bir müddət tab gətirmək gücündəyik. Azərbaycan iqtisadiyyatı 2014-2016-cı illərdəki vəziyyətdə deyil. Bilavasitə neftin qiyməti ilə əlaqədar və o cümlədən, digər xarici amillər səbəbindən yaranan şokların təsir və təzyiqlərindən daha çox sığortalanmaq imkanındadır.

Birincisi, neft büdcədə nəzərdə tutulduğundan 20-25 dollar səviyyəsində ucuzlaşıb ki, bu əslində, o qədər də çox deyil. 2014-2016-cı illər ərzində neft dövlət büdcəsində nəzərdə tutulduğundan daha çox ucuzlaşmışdı.

İkincisi, dövlət büdcəmiz bilavasitə Dövlət Neft Fondundan (ARDNF) bayaq qeyd etdiyim illərdəki ilə müqayisədə daha az asılı vəziyyətdədir. 2014-2016-cı illər ərzində bu göstərici 50 faizdən yuxarı idi. Söhbət transfert məbləğindən gedir.

Üçüncüsü, əhalidə və banklarda 5-6 il öncəki qədər sərbəst manat kütləsi yoxdur. Başqa sözlə, dollarlaşma üçün o zaman daha geniş və münbit şərait mövcud idi.

Dördüncüsü, büdcəyə qeyri-neft sektorundan gəlirlər də 2014-cü ilədək olan səviyyədən artıqdır. Ötən illər ərzində, xüsusən də 2019-cu ildən etibarən həyata keçirilən tədbirlər, vergi mexanizminin əhəmiyyətli dərəcədə dəyişdirilməsi, habelə əmək müqavilələrinin bağlanması və gizli əmək fəaliyyəti ilə məşğulluq hallarının aşkarlanması sahəsində görülən işlər sayəsində kölgə iqtisadiyyatının həcmi xeyli azalıb.

Beşincisi isə, ölkədən kənara kapital axını üçün hazırda imkanlar daha məhdud xarakter daşıyır.

Bəs əsas narahatedici amil nədir? Yaxud nədən ibarətdir?

Hazırkı vəziyyətdə iqtisadiyyatda ən böyük zərbə özəl sektora dəyir və bu təkcə Azərbaycanda yox, bütün dünyada belədir. Özəl sektorda ən çox ziyan çəkən isə xidmət sahəsidir. Burada turizmi xüsusən qeyd etmək lazımdır. Koronavirus məsələsi ortaya çıxan gündən ilk zərbə turizmə dəydi. Bir ölkəyə turist axınının minimuma enməsi yalnız onun üçün deyil, digər ölkələr üçün də mənfi haldır. Konkret olaraq ölkəmizə gəlincə, indi hansı dövrdə olduğumuzu nəzərə çatdırsam, kifayətdir. Belə ki, mart ayı ölkəmiz üçün il ərzində alış-verişin, ticarət dövriyyəsinin adətən, ən yüksək həddə çatdığı vaxtdır. Çünki mart həm bayramlar ayıdır, həm də turist axınının geniş olduğu bir zamandır.

Bəli, turizm sahəsində indiyədək dünyada belə böhranlı vəziyyətin yarandığı müşahidə olunmayıb. Söhbət elə bir sahədən gedir ki, ümumi gəliri 5,7 trilyon ABŞ dollarına çatır. Dünya əhalisinin nə az - nə çox, düz 5 faizi - 319 milyon nəfər bu sahədə çalışır. Ölkəmizə gəldikdə, qeyri-neft sektorunun əsas hissəsini elə turizm təşkil edir.

Ümumiyyətlə, ticarət, xidmət sahələri və s. Azərbaycan iqtisadiyyatının real olaraq qeyri-neft sektorunu təşkil etməkdədir. Düzdür, kənd təsərrüfatımız və sənayemiz də var. Lakin ən çox gəlir və sürətli dövriyyə məhz turizm və ümumiyyətlə, xidmət sektorundadır.

Hələ ki, dəymiş ziyanı konkret statistik rəqəmlərlə ifadə edə bilmirik. Bunu birinci rübün yekunlarına dair açıqlamalar veriləndə deyə biləcəyik ki, məhz rəqəmlər dərc olunduqdan sonra vəziyyətin nə qədər acınaqlı olduğu üzə çıxacaq.

Odur ki, tendensiya uzun müddət davam edərsə, gələcək fəsadları müəyyən qədər də olsa aradan qaldırmaq baxımından dövlət mütləq güzəştlərə getmək məcburiyyətindədir. Hesab edirəm ki, yalnız bu yolla özəl sektorda tam çökmənin qarşısını almaq olar. Əks təqdirdə, vəziyyət çox mürəkkəb xarakter ala bilər. Çünki sözügedən sahədən vergilər də azalacaq. Bu isə neftdən gəlirlərin aşağı düşdüyü bir vaxtda büdcə xərclərinin yerinə yetirilməsi sahəsində əlavə gərginlik yaradacaq.

Hələlik ölkə iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayır. Cari ilin ötən iki ayında ümumi daxili məhsulun artım tempi 2,8 faiz, həmçinin qeyri-neft sektorunda 6,7 faiz təşkil edib. Qeyri-neft sənayesində istehsalın artımı 21,7 faizə yüksəlib, qeyri-neft sektorunda investisiya qoyuluşlarının həcmi 21 faiz artıb.

Cari ilin ötən iki ayında vergi daxilolmaları üzrə proqnoz 114,2 faiz, həmçinin qeyri-neft sektorunda 115,9 faiz icra olunub. Büdcəyə proqnozdan əlavə 180 milyon manatdan çox vəsait daxil olub ki, vergi daxilolmaları ötən ilin iki ayı ilə müqayisədə 24,5 faiz, həmçinin qeyri-neft sektorunda 24,8 faiz artıb.

Hazırda hökumətin mövcud vəziyyətin iqtisadiyyata təsirlərini minimuma endirmək məqsədilə sahibkarlara dəstək üçün təkliflər zərfi hazırlamaqda olduğu deyilir. Ticarət, ictimai iaşə və nəqliyyat sahələrində tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin təsiri nəticəsində sahibkarlara dəyən və dəyəcək itkiləri azaltmaq üçün dövlət tərəfindən müxtəlif tədbirlərdən ibarət dəstək zərfinin nədən ibarət olacağı isə bilinmir.

Hesab edirəm ki, həmin tədbirlər sırasında adları çəkilən sahələr üzrə konkret olaraq müəyyən müddət üçün vergi tətillərinin tətbiq edilməsi məqsədəuyğun olardı. Bu, dövlət büdcəsini gələcək itkilərdən sığortalamaq baxımından effektiv nəticə verə bilər.

Sözügedən vergi tətili iki ay və ya müəyyən bir rübü əhatə edə bilər. Bu, sahibkarların itkilərini əməlli-başlı kompensasiya edəcək. Bəli, sözügedən sahədə çalışan sahibkarların real kredit borclarında da güzəştlərə getmək lazımdır və mümkündür. Lakin düşünürəm ki, konkret bir müddət üzrə vergi tətilinin müəyyən olunması bundan daha səmərəli xarakter daşıyacağı üçün bəlkə də xüsusilə vacibdir... //oxu.az//


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR