Bağlanan banklar: Lisenziya hansı şərtlərlə verilir? - ekspert danışır

7-05-2020, 11:38 218 dəfə baxılıb

Azərbaycan bank sistemində növbəti dəfə xoş olmayan mənzərə yaranıb. İki bankın - “AtaBank” və “Amrahbank”-ın lisenziyaları ləğv edilib və həmin banklarda vəsaitləri olan sahibkarların vəsaitlərinin bata biləcəyi ilə bağlı anons verilib.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov həmin banklarda iş adamlarının cari hesablarında olan vəsaitlərinin bata biləcəyini deyib və buna görə təəssüf hissi keçirdiyini vurğulayıb:

“Təəssüf edirəm, qanunvericiliyin tələbi belədir. Bu banklarda hesab açmaq iş adamlarının öz seçimləri idi. Əmanətlərin Sığortalanması Fondu ilk növbədə qorunan əmanətləri qaytaracaq. Sonra qanunvericiliyə əsasən növbəlilik var. Əgər vəsait olacaqsa, onlara da növbəlilik prinsipi ilə vəsaitləri ödəniləcək”.

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov isə Cebhe.info-ya açıqlamasında həmin növbəlilik prinsipinin nədən ibarət olduğunu açıqlayıb.

Ekspert deyib ki, vəsaitin bölüşdürülməsi prosesi Fondun öz pulunu götürməsilə başlanır

“İkinci növbə də Fonda məxsusdur, yəni bankın ləğvi üçün çəkilən xərc, əməkhaqqı, nəqliyyat, dəftərxana və s. xərclər götürülür. Üçüncü növbədə əgər bankın işçilərindən kiməsə xəsarət dəyibsə, onun pulu ödənilməlidir. Dördüncü növbədə bankın əməkdaşlarının əməkhaqqı verilməlidir. Beşinci növbədə bankda inzibatçı olan, yəni Mərkəzi Bank öz xərcini götürməlidir. Altıncı növbədə bankın dövlətə nə qədər borcu varsa, bu ödəniləcək. Yalnız yeddinci növbədə sahibkarların pulları qaytarılır. Təbii ki, məsələn, “AtaBank”ın bu qədər pulu yoxdur axı, bu növbələrin hamısına çatsın. Əmanətlərin Sığortalanması Fondu isə pulunu birinci olaraq götürür və aradan çıxır, bunun özü də Konstitusiyaya ziddir. Guya Fond əmanətçilərin pulunu öz hesabına qaytarır, amma bu belə deyil. Bu pulu bankdan götürür və sahibkarlar itirir”.

Göründüyü kimi, Mərkəzi Bankın İdarə Heyətinin sədri nə qədər təəssüflənsə də, mövcud durumda ən çətin duruma düşən qrup bağlanan banklara vəsait qoyan iş adamları olur. “Təəssüflənən” Elman Rüstəmov burada Mərkəzi Bankın üzərinə düşən məsuliyyətdən danışmağa lüzum görmür. Axı bank təsis etmək heç də asan iş deyil. Bunun üçün qanunvericilikdə nəzərdə tutulan müvafiq şərtlərə uyğunluq vacibdir. Banklara lisenziyanı verən və onların dayanıqlılığına nəzarəti həyata keçirən orqan isə məhz Mərkəzi Bankdır.

Mərkəzi Bank banklara lisenziyanın verilməsi üçün onların qarşısında hansı tələblər qoyur?

Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, hər hansı banka lisenziya verilərkən onun ən azı 50 milyon manat nizamnamə kapitalı olmalıdır :

“Bundan başqa bankın ofisi olmalıdır, Mərkəzi Bankın və qanunvericiliyin müəyyən etdiyi tələblərə uyğun olaraq bankın inzibatçı vəzifələrinə, yəni Müşahidə Şurasına, İdarə Heyətinə namizədləri, Baş müsahibi, Audit Şurasının rəhbərinin olması tələbləri qoyulur. Bankın ofisi dedikdə, bu bina xüsusilə onun kassa qovuşağı Mərkəzi Bankın tələblərinə cavab verməlidir. Banka lisenziya verilərkən, başqa tələb yoxdur. Amma bankın fəaliyyət dövründəki əsas tələb onun məcmu kapitalının 50 milyon manatdan aşağı düşməməsidir. Ümumiyyətlə bankın verdiyi kreditlər, onun kapitalına uyğun olmalı, müəyyən nisbətən çox olmamalıdır”.

Bankların yalnız öz kapitalı ilə deyil, həm də əhalidən cəlb etdiyi əmanətlər, sahibkarlardan cəlb etdiyi vəsaitlər hesabına kredit verdiyini deyən ekspert bildirib ki, kreditlərin hər zaman qayıtmama təhlükəsi olur:

“Vəsait qayıtmadısa, əlbəttə ki, bank da əmanətləri qaytara bilmir. Bu zaman, yəni əgər bank müflisdirsə, Mərkəzi Bank onu bağlaya bilər. Amma Mərkəzi Bankın da əsas vəzifəsi odur ki, banklara elə nəzarət etsin ki, banklar kredit verilməsində məsuliyyətli olsunlar, başqa sözlə kimə oldu, necə gəldi kredit verməsinlər. Çox uzun müddətə, iri məbləğə, çox aşağı faizlə, girovsuz kreditlər adətən banklar tərəfindən özlərinə yaxın olanlara və korrupsiya müqabilində verilir - faktiki “gedər-gəlməzə” göndərilir. Bu cür işləyən bankları Mərkəzi Bank vaxtında üzə çıxarmalıdır. Axı Mərkəzi Bank banklara demək olar ki, gündəlik nəzarət edir”.

Almaniya 60-70 il ərzində bir bankın belə müflis olmadığını deyən Əkrəm Həsənov bildirir ki, bu ölkədə bank nəzarəti orqanı öz vəzifəsini dürüst yerinə yetirir:

“Bizdə isə bu problemdir. Mərkəzi Bank bankların qanunsuz işlərinə göz yumur və sonra isə onları bağlayır. Bəzən Mərkəzi Bankın qurbanı “vicdanlı banklar” da olur. Bank kifayət qədər kredit verir və kreditin yaxşı girov zəmanəti olur. Sadəcə olaraq, borc alan krediti vaxtında vermir, iş məhkəməyə düşür, məhkəmələrdə isə korrupsiya var. Əvvəl-axır bank işi udacaq, kreditini qaytaracaq, amma buna vaxt lazımdır. Bu cür bankları bağlamaq deyil, onlara kömək etmək, kredit vermək lazımdır. Bizim Mərkəzi Bank isə bunu etmir, açıq-aşkar ayrı-seçkilik edir və bankları obyektiv deyil, subyektiv səbəbdən bağlayır”.
0


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR