Kartof istehsalçıları hökumətdən kömək istədi – Gürcüstan və İrandan yerli bazara təhdid

23-06-2020, 18:12 239 dəfə baxılıb

Dünyada ikinci çörək kimi qiymətləndirilən kartof istehsalçıları Azərbaycan hökumətindən dəstək istəyirlər. Bu barədə “Yeni Müsavat”ın redaksiyasına müraciət edən fermer, ölkənin ən böyük kartof istehsalçılarından biri olan Samir Verdiyev məlumat verib.

Onun dediyinə görə, koronavirus pandemiyasına görə elan edilmiş sərt karantin rejimi şəraitində Azərbaycanda kartofa olan tələbat xeyli azalıb: “Hazırda biz Tovuz-Qazax zonasında yetişdirdiyimiz məhsulu bazara çıxarmaqdayıq. Sahədə məhsulun kiloqramını 30-35 qəpiyə satırıq. Son vaxtlar Gürcüstan və İrandan kartof idxalı güclənib. İdxal məhsulu sərhədə 19 qəpiyə çatır, bazarda 30-35 qəpiyə satılır. Bu isə yerli məhsulun qiymətinin ucuzlaşması təhlükəsi yaradır”.

Fermer bildirir ki, onlar sahələrdə yüzlərlə işçi saxlayıb, hərəsinə 600-1000 manat arası maaş ödəyirlər: “Hazırkı qiymət bizim üçün əlverişlidir. Lakin idxal bu sürətlə davam edərsə, qiymətin ucuzlaşması baş verəcək. Bu isə bizim zərərə düşməyimizə səbəb olacaq. Buna görə də cənab Baş Nazirdən, kənd təsərrüfatı naziri İnam Kərimovdan xahiş edirik, kartof idxalına əlavə gömrük rüsumu tətbiq olunsun ki, heç olmasa idxal edilən kartofla bizim məhsulumuzun arasında ciddi qiymət fərqi olmasın”.

Dövlət Statistika Komitəsinin açıqladığı ərzaq balansından aydın olur ki, 2018-ci ildə Azərbaycanda 1 milyon 666 min 570 ton kartof olub. Bunun 898 min 914 tonu yerli istehsal, 158 min 272 tonu idxal hesabına təmin edilib. 609 min 384 ton məhsul əvvəlki ilin qalığı olub.

Ümumi istehlakın 721 min 435 tonunu ərzaq məhsulu kimi(emal edilmədən) istifadə təşkil edib. 66 min 685 ton kartof ixrac edilib, 61 min 911 tonu itkiyə gedib, 572 min 895 tonu qalıq kimi 2019-cu ilə keçib, 6 min 670 tonu ərzaq məhsullarının istehsalında istifadə olunub. Beləliklə, növbəti ilə keçən məhsulu çıxmaqla, ölkədə xalis kartof istehlakı 1 milyon 93 min 675 ton təşkil edib.

2019-cu ildə Azərbaycana 152 min 137 ton kartof idxal olunub, 61 min 723,15 ton isə ixrac edilib. 2019-cu ildə ölkədə 1 milyon tondan çox kartof istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 11,6 faiz çoxdur. İstehsal artımı məhsuldarlığın artması hesabına əldə edilib. Belə ki, keçən il 56,9 min hektar sahədə kartof əkilib. Bu, 2018-ci illə müqayisədə 4,1 faiz azdır. Amma rəsmi məlumatlara görə, kartofun orta məhsuldarlığı 169 sentner/ha, yəni əvvəlki ilə nisbətən 20 sentner və ya 13.4 faiz çox olub. S.Verdiyevin sözlərinə görə, bu il istehsal daha yüksək həcmdə olacaq.

Qeyd edək ki, son illərdə hökumət ilin müəyyən aylarında Azərbaycana təzə kartof idxalına əlavə rüsumlar tətbiq etməklə istehsalçıların mənafeyini qoruyur. Yalnız ötən ilin yazında ölkədə kartofun qiymətində müşahidə olunan kəskin artımdan sonra Nazirlər Kabineti qısa müddət üçün kartofun idxalını tamamilə rüsumdan azad edib, ixracına isə hər kiloqramına 1 dollar olmaqla rüsum tətbiq edib.

Bu il məhsulun bol olduğunu nəzərə almaqla, Nazirlər Kabinetinin yenidən istehsalçıların maraqlarını qorumaq üçün kartof idxalına əlavə rüsum tətbiq etməsi vacibdir.
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR