Su terroruna son: Suqovuşan digər rayonlarımıza da həyat verəcək

15-10-2020, 16:26 56 dəfə baxılıb

Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və ona bitişik bölgələr bir çox təbii mənbələrə, xüsusən də su ehtiyatlarına malikdir. Uzun illərdir ki, Ermənistan ölkəmizin həm bu ərazilərdə, həm də transsərhəd zonalarda su ehtiyatlarının qorunması və idarə edilməsinə dair beynəlxalq hüququn bütün prinsiplərini pozur. Erməni tərəfinin hərəkətləri nəticəsində sərhədyanı ərazilərin sakinləri su mənbələrindən istifadə imkanından məhrum olublar. Su hövzələrinə texniki qulluq göstərilmədiyindən, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən su anbarları ətraf ərazilərdə yaşayan əhali üçün potensial təhlükə mənbəyinə çevrilmişdi.

Azərbaycan torpaqlarının azad edilməsi ilə ekoloji terror sona çatır. Beləliklə, Suqovuşan su anbarının yerləşdiyi Azərbaycan kəndinin - Suqovuşanın azad edilməsi Tərtərin qonşu rayonlarını da su ilə təmin edəcək və ekoloji tarazlığı bərpa edəcək. İşğal vaxtı Ermənistan qəsdən su təchizatını dayandırdı, amma indi su anbarından suyun verilməsinin tənzimlənməsi sayəsində Tərtər, Goranboy və Yevlax bölgələrinə su təchizatı öz təbii vəziyyətini aldı.

Bununla yanaşı, ölkəmizin bir çox su ehtiyatları hələ də işğal altındadır və ərazilər azad edildikdən sonra, ekoloqların qeyd etdiyi kimi, onların vəziyyətini hərtərəfli yoxlamaq lazımdır. AYNA məsələyə dair ekspertlərlə həmsöhbət olub.

Ekoloq Telman Zeynalov deyib ki, Suqovuşan su anbarının Azərbaycanın nəzarəti altına qaytarılması yaxınlıqdakı bölgələrin əhalisinin su ilə təmin olunmasına və kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək mühüm addımdır: “Bu, Tərtər çayının hərəkətini bərpa etməyə imkan verdi. Bir il əvvəl Tərtərdə olmuş və bu çayın şəkillərini çəkmişəm - tamamilə qurumuş vəziyyətdə idi. İndi yenə dolur, yeraltı suların səviyyəsi qalxır və quyularda yenidən su görünməyə başlayıb. Yerli əhalinin su çatışmazlığı ilə bağlı heç bir şikayəti olmayacaq. Ağaclar qurumayacaq, daha çox yaşıllıq yaranacaq, bütün ərazi canlanacaq”.

O, Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi və hazırda işğal altında olan su ehtiyatlarına çıxışın Azərbaycanın ekoloji vəziyyətini xeyli yaxşılaşdıracağını bildirib: “Bu ərazilər təkcə su ilə deyil, həm də meşə ehtiyatları və minerallarla zəngindir. İşğal olunmuş ərazilər azad edildikdən sonra tədqiqat institutları, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, QHT-lər və vətəndaş cəmiyyəti ekoloji vəziyyətin qiymətləndirilməsinə cəlb ediləcək. Mən şəxsən orada işləməyə və öz töhfəmi verməyə hazıram”.

“Rüzgar” ekoloji ictimai təşkilatının rəhbəri İslam Mustafayevin sözlərinə görə, Suqovuşan su anbarından istifadə Tərtər, Ağdam, Goranboy, Yevlax və Bərdə rayonlarında 90 min hektardan çox ərazinin su təminatının yaxşılaşmasına səbəb olacaq: “Həmin ərazilərdə bu su anbarından qidalanan suvarma sistemləri mövcuddur. İndi azadlıqdan sonra bu qidalanma davam etdiriləcək, şübhəsiz ki, bu ərazilərdə əkinçiliyin inkişafına fayda verəcək”.

Ekoloq döyüşlər başlayandan indiyə qədər ətraf mühitə - relyefə, torpağa, suya çox böyük ziyan vurulduğunu qeyd edib: “Hərbi əməliyyatlar və Ermənistanın işğal olunmuş ərazilərin təbii sərvətlərindən vəhşicəsinə istifadəsi nəticəsində qruntun çirklənməsi hallarına rast gəlinmə ehtimalı var. İşğal olunmuş ərazilər azad edildikdən sonra üç mərhələdə iş görmək lazım gələcək. İlk addım - orada hərtərəfli ekoloji monitorinqin aparılmasıdır. İkincisi - çirklənmə varsa, mənbələri müəyyənləşdirilməli, inventarlaşdırılmalıdır. Üçüncüsü - bu mənbələrin aradan qaldırılması üçün bir planın hazırlanmasıdır”.

Mustafayevin dediyinə görə, Ermənistan tərəfindən transsərhəd çayların çirklənməsi çoxillik prosesdir: “Ermənistan tərəfindən aparılan dağ-mədən qazıntıları nəticəsində Araz çayı çox çirklənib. Bəzən Arazdakı su o qədər çirklənir ki, hətta rəngini dəyişir. Dünya birliyi, nəhayət bu problemə diqqət yetirməlidir. Ermənistanın transsərhəd su axınlarının qorunması və səmərəli istifadəsinə dair Helsinki Konvensiyasını imzalaması lazımdır. Diplomatiya onsuz da burada işləməlidir”.

Ekoloq Fikrət Cəfərov də bu gün Azərbaycanın suvarma suyu sarıdan qıtlıq yaşadığına diqqət çəkib: “Əkinçilik sahələri xeyli genişləndirilib, Kür və Araz axınında azalma yaşanır. Qarabağ zonası da daxil olmaqla, torpağımızın bütün su ehtiyatlarından istifadə etmək imkanı kənd təsərrüfatında vəziyyətin yaxşılaşmasına və bölgənin ekologiyasının təmizlənməsinə səbəb olacaq”.

“Erməni tərəfinin, “Metsamor” Atom Elektrik Stansiyasından radioaktiv tullantıların atılması üçün Qarabağdan istifadə etdiyi barədə məlumatlar var idi. Bu məlumatların nə qədər etibarlı olduğunu öyrənmək və müvafiq monitorinq aparmaq lazımdır. Bunu ancaq Qarabağ tam azad edildikdən sonra etmək olar. Düşünürəm ki, hökumət bu təhlükədən xəbərdardır və məsələ araşdırılmamış qalmayacaq. Məlumat doğrudursa, dərhal su mənbələrinin çirklənməsinin olub-olmadığını və Azərbaycan əraziləri üçün hansı neqativ nəticələrin ola biləcəyini öyrənmək lazımdır”, - mütəxəssis vurğulayıb.

“İkinci məqam Qarabağ ərazisində davam edən hərbi əməliyyatlara aiddir. Döyüşlər nəticəsində neft anbarlarına müəyyən qədər ziyan dəydi. Bildiyiniz kimi, yanacaq müharibənin qanıdır. Anbarların nə qədər zədələndiyini, tərkibindəki yanacağın torpağı və su mənbələrini nə qədər çirkləndirdiyini müəyyənləşdirmək lazımdır. Bu məsələ ilə bağlı ciddi monitorinq aparılmalıdır”, - deyə Cəfərov əlavə edir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR